107-ci yaşı ərəfəsində Azərbaycan jurnalistikası və publisistikasında xüsusi yeri olan “Molla Nəsrəddin” jurnalı ilə bağlı müzakirələrə daha bir ziyalı qatıldı. Yazıçı-publisist Mehriban Vəzirdən sonra Modern.az-ın polemikasında söz kinoşünas və telejurnalist Nadir Bədəlova verilir.
- “Mənim “Molla Nəsrəddin”ə elə də böyük rəğbətim heç vaxt olmayıb. Təbii ki, onun haqında jurnalın fəaliyyətini araşdıran, tədqiq edən mütəxəssislər, alimlər danışsalar yaxşı olardı. Amma söylədiyim fikirlər də mənim ziyalı mövqeyimdir. “Molla Nəsrəddin” cəmiyyətə ateist mövqedən baxırdı və ümumiyyətlə çox şeyi qəbul eləmirdi. Bu da bir növ Mirzə Cəlilin şəxsi mövqeyi idi. Onun Təbrizdəki fəaliyyəti mənim üçün həmişə sual altında qalıb. 1918-ci ildə “molla nəsrəddin”çilər Təbrizə getdilər. “Molla Nəsrəddin”ə orda yer də verildi. Nəşrinə hər cür şərait yaradıldı. O illərdə Xiyabani hərəkatı çox faciəvi şəkildə yatırıldı. Həmidə xanım öz xatirələrində də bunları qeyd edir. O hadisədə, yəni Xiyabani hərəkatının faciəli şəkildə yatırılmasının təşəbbüskarı və aparıcı qüvvəsi olmuş Müxbirüssəltənə adlı birisi ilə Mirzə Cəlilin çox yaxşı münasibətləri olub. Baxmayaraq ki, onun da jurnalda karikaturasını çəkib tənqid etmişdi. Amma sonralar onunla da xoş münasibətləri olub və bir müddət onlar üçün işləyib.
Jurnalın ilk sözü bu olub: “Sözünü elə şəxslərə de ki, onlar səni eşitmirlər”. Burada artıq jurnalistika prinsipləri özünü göstərir. Jurnal tanınmaq, daha çox oxucu kütləsi qazanmaq və daha çox sensasiyaya səbəb olmaq üçün bu işlərə əl atırdı. Hətta bəzən özləri də bilirdilər ki, bu obyektiv deyil. Amma onu yazırdılar. Ona görə edirdilər ki, qoy səs salsın və qalmaqal olsun. Liberal jurnalistikada əsas o deyil ki, sən haqlısan, əsas odur ki, sənin yazdığın səs salıb qalmaqal yaratsın. Bu reytinqin yaranmasına şərait yaradır. Bu gün jurnalistikada “çörək” də məhz reytinqdən çıxır. Azərbaycan jurnalistikasında bu ənənənin əsasını məhz “Molla Nəsrəddin” qoyub. Bəzi məsələlərdə Mirzə Cəlilin özünün nə dərəcədə haqlı olub-olmadığını deyə bilmərəm. Məsələn, Qafqaz şeyxinin qızlar gimnaziyasına gəlməsini tənqid etmişdi. Burada tənqid olunası heç bir şey yox idi. Şeyx sadəcə olaraq gimnaziyaya gəlib orda təhsil alanları təbrik etmişdi. Amma Molla Nəsrəddin bu barədə tənqidi yazı yazdı. Bu da qalmaqal xətrinə edilmişdi. Belə ki, hansısa görkəmli şəxsi tənqid atəşinə tutmaq jurnalın reytinqinə yarayırdı. Jurnalın fəaliyyətinin kökündə ənənələrə qarşı çıxmaq idi. Ordakı ziyalıların bir fikri var idi: Hər şeyi inkar etmək, modernləşmək, avropalaşmaq , başqalaşmaq. Əsrlərcə bu xalqın müsbət adət-ənənələri olub. Kim bunlar haqqında müsbət nəsə yazır və deyirdisə, bu insanlar həmən onlara qarşı çıxırdı.
Elmin Nuri