Modern.az

Ermənilər 2 ay sonra sükutu pozdu: "Bu, Paşinyanın özünə qarşı da təxribatdır"

Ermənilər 2 ay sonra sükutu pozdu:

Analitika

13 İyun 2024, 12:48

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Ordumuz müvafiq cavab tədbirləri görüb.

 

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı Azərbaycanla bir ay ərzində sülh sazişinin imzalanmasının mümkünlüyünü bildirməsindən bir neçə saat sonra hadisənin baş verməsi diqqət çəkir.

 

Qeyd edək ki, Ermənistan sonuncu dəfə aprel ayında mövqelərimizi atəşə tutub. 2 ay sükutdan sonra Ermənistan ordusu niyə təxribata əl atıb?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Naxçıvandan olan deputatı Fazil Mustafa bildirib ki, hadisəni sülhü pozmaq, danışıqlar prosesini dayandırmaq istəyən qüvvələrin  addımı kkimi dəyərləndirmək lazımdır:

 

"Atəşin haradan açılması təbii ki, anlaşılandır. Amma atəşi kimin atmasını araşdırmaq lazımdır. Bu ərəfədə Ermənistan hakimiyyətinin, doğrudan da, belə bir şeyə marağı varmı? Naxçıvana atəş açmaq biraz məntiqsizdir. Sülhü pozmaq, danışıqların qarşısını almaq istəyən qüvvələrin addımı kimi bunu başa düşməliyik. Çünki indiki şərtlərdə Ermənistan hakimiyyətinin belə addım atması danışıqlar prosesini qırmaq deməkdir. Halbuki dünənki açıqlamada müəyyən qədər bizim şərtlərimizə uyğunlaşacaq mesajlar verildi. Ona görə də mövzu üzərində düşünmək lazımdır".

F.Mustafa cavab verəndə sülhü zədələməməyə önəm verilməli olduğunu düşünür:

 

"Hər halda bu təxribat kimi də baş verə bilər. Təbii ki, hökumətin nəzarəti altında olan qüvvələr tərəfindən bunun edilməsi istisna deyil. Hökumətin xətti ilə ara qarşıdırmaq, hansısa problem yaratmaq istəyini ortaya qoymur. Hər halda bu təhlükəli tendensiya gedir. Revanşist qüvvələrin çalışmaları güclənib. Bütün hallarda biz qüvvətli olmalıyıq. Təbii ki, atəşə cavab verilsin. Amma elə etməliyik ki, cavabımızın sülh prosesinə zədələyici təsiri olmasın".

 

Milli Məclisin Naxçıvanı təmsil edən deputatı Ülviyyə Həmzəyeva atəşkəsin pozulmasını Ermənistan tərəfinin acizliyi kimi dəyərləndirib:

 

"Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması, son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, sülh sazişinin imzalanmaması, bu il sərhədlərin müəyyən edilməsi ilə bağlı iki ölkə arasında birbaşa danışıqların getməsi və müəyyən razılaşmaların da olduğu bildirilib. Danışıqlarda sərhədlərin 1991-ci il Alma-Ata bəyannaməsi əsasında müəyyən ediləcəyi də bildirilmişdir.


Bu gün Ermənistanda gedən siyasi proseslərə nəzər saldıqda, Azərbaycanın qaytarılmış Qarabağ torpaqlarında apardığı bərpa-quruculuq işləri, geniş əlaqələri, Türk dövlətlərinin birliyi naminə görülən işlər, Azərbaycanın qlobal problemlərə yönəlik siyasəti və bu fonda Ermənistanda təşvişlər, baş nazirin parlamentdə çıxışları, Ermənistan dövləti ilə xalqın anlaşmadığı, dinlə olan problemlərinin nəticəsi olaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə. atıcı silahlardan atəşə tutulması xəbəri və onları Azərbaycan Ordusunun cavab atəşi ilə susdurulması, çarəsizlikdən başqa heçnə deyil.
Axır əvvəl, Azərbaycan öz istədiklərinə nail olacaq və Dəhlizin açılması istiqamətində qətiyyətli addımlar atılacaqdır!".

 

Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, bu Azərbaycanla yanaşı Nikol Paşinyanın özünə qarşı da təxribatdır:

 

"Fevral ayının əvvəlində oxşar təxribat baş vermiş və Azərbaycan hərbçilərinə atəş açılan erməni postu dağıdılmışdı. İndi biz yenə də hərbçilərimizə atəş açan postu dağıtmaq məcburiyyətində qala bilərik. Həmin hadisənin təxribat olduğunu Nikol Paşinyan da etiraf etmişdi. Fevral ayındakı təxribatın Paşinyanın orduya tam nəzarət edə bilməməsinin sübutu idi. Paşinyan orduda “5-ci kolonun” varlığını etiraf edib, ancaq bu azdır, Ermənistan ordusu təxribatçılardan təmizlənməyincə bu Paşinyanın da arzuladığı sülhə əsas təhlükə olacaq. Belə çıxır ki, sülh sazişi imzalananadan sonra da Ermənistan ordusundakı təxribatçıların Azərbaycanın mövqelərinə atəş açacaqlarından sığortalanmamışıq".

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı