Modern.az

AKP ilə CHP-dən Azərbaycana dəstək: Ləyaqətli davrandı

AKP ilə CHP-dən Azərbaycana dəstək: Ləyaqətli davrandı

Analitika

Bu gün, 09:17

İsraildə “erməni soyqırımı”nın tanınması ilə bağlı müzakirələr gedir. Artıq İsrail hökuməti mövcud qərarı Knessetə təqdim etməyə hazırlaşır. Məsələyə Azərbaycan tərəfindən dərhal reaksiya verilib. Azərbaycan Xarici İşlər Nazirliyi İsrailə qərarı yenidən nəzərdən keçirməyə çağırıb. 

Türkiyə Böyük Millət Məclisinin(TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Yıldırım Tuğrul Modern.az-a açıqlamasında bildirib ki, İsrail öz eybini örtmək istəyir:

“İsrailin son 1-2 ildə etdiklərini dünya ölkələri və beynəlxalq strukturlar sülh üçün təhidid adlandırıb. İndi də öz eybini örtmək üçün hər hansı hadisələri üzə çıxarmağa çalışırlar. Ancaq bu cəhdlər ciddiyə alınmamalıdır. Belə mövzuları ciddi insanlarla dəyərləndirmək olar. Knesset hansı haqla belə  mövzulara baxa bilir? Bunlar boş işdir”.

Yıldırım Tuğrul Azərbaycanın qərarla bağlı reaksiyasını isə ləyaqətli davranış adlandırıb:

“Azərbaycan özünə yaraşanı edib. Azərbaycanın İsraillə yaxşı əlaqələri var. Amma bir ölkə ilə münasibətlərin yaxşı olması, onun səhvlərini qəbul etməyə əsas vermir. Azərbaycan da ləyaqətlə davranaraq, məsələyə öz mövqeyini bildirib”.

Türkiyə Böyük Millət Məclisinin(TBMM) ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasından(CHP) olan deputatı Eylem Ertuğrul isə İsrailin öz günahlarını başqasının üstünə atmağa çalışdığını deyib:

“Bu, əlbəttə ki, çox qəbul edilə biləcək bir vəziyyət deyil. 1915-ci ildə baş vermiş hadisələri tamamilə birtərəfli şəkildə qiymətləndirərək belə bir qərarın qəbul edilməsi, əslində onların öz hökumətlərinin bütün dünyanın gözü qarşısında həyata keçirdiyi hücumları bir növ göz ardı etməyə xidmət edir. Yəni, öz günahlarını başqasının üzərinə atmağa çalışırlar.

Bəli, 1915 hadisələri zamanı təəssüf ki, can itkiləri və xoşagəlməz hadisələr baş verib. Amma bu itkilər yalnız erməni vətəndaşlarımız arasında deyil, eyni zamanda türk və müsəlman vətəndaşlarımız arasında da olub. O dövrün şərtlərində, Birinci Dünya Müharibəsi və bölgənin yenidən formalaşması prosesi çərçivəsində, xüsusilə Qafqaz cəbhəsində baş verən hadisələr nəticəsində bu hallar yaşanıb. Lakin buna “soyqırımı” demək qəbul edilə bilməz.

Bu məsələ ilə bağlı qərarı tarixçilər verməlidir. Bu, siyasətçilərin və hökumətlərin verəcəyi qərar deyil. Hadisələr həmin dövrün şəraitinə uyğun şəkildə qiymətləndirilməlidir. Tarixçilər sübutları və arxivləri araşdıraraq nəticəyə gəlirlər. Hər kəs öz ölkəsinə aid və ya əlində olan sənədləri ortaya qoyur. Dövlət arxivlərinə, Osmanlı arxivinə baxılır: nə baş verib, nə cür baş verib, insanlar hansı səbəblərlə həyatını itirib?

Bunlar ortaya qoyulmalıdır. Belə bir məsələdə hökmü bir daha deyirəm, tarixçilər verməlidir, siyasətçilər yox"

CHP-li deputat qeyd edib ki, Azərbaycanın mövqeyi gözlənilən idi:

“Dost və qardaş ölkə olan, “İki dövlət, bir millət” şüarı ilə dəyərləndirdiyimiz Azərbaycandan belə bir addım gözləyirdik. Bu, bizim üçün müsbət və beynəlxalq mövqelərimizi dəstəkləyən bir davranışdır. Təbii ki, belə bir müttəfiqlik anlayışı çərçivəsində bu cür qərarın verilməsi və qınama mövqeyinin bildirilməsi bizim üçün çox dəyərli və önəmlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada