Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Kostanın rəsmi səfərindən dərhal sonra Avropa Komissiyasının sədri Ursula fon der Layenin də Azərbaycana gəlişi, 27 Avropa dövlətini birləşdirən nəhəng ittifaq ilə Bakı arasındakı münasibətlərin artıq tamamilə yeni, strateji və geosiyasi müstəviyə qədəm qoyduğunun bariz sübutudur. Avropa İttifaqı rəhbərliyi artıq Azərbaycana yalnız neft-qaz tədarükçüsü olan bir tərəfdaş kimi deyil, eyni zamanda Cənubi Qafqaz və bütövlükdə Avrasiya məkanında mühüm rol oynayan geosiyasi güc mərkəzi kimi yanaşır. Səfər çərçivəsində Ursula fon der Layenin Azərbaycanı rəsmən "strateji tərəfdaş" adlandırması bu reallığın ali səviyyədə etirafıdır.

Avropa İttifaqı Azərbaycanın regionda təhlükəsizliyin tək qarantı, regional sabitliyin təminatçısı və sülh gündəliyinin memarı olduğunu qəbul edir. Ursula fon der Lyayen öz çıxışında Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini xüsusilə vurğulamışdır. Təsadüfi deyil ki, Ermənistanda keçirilən son seçkilərdə Azərbaycanın nümayiş etdirdiyi konstruktiv və təmkinli mövqe həlledici rol oynadı. Analitiklər və Aİ rəsmiləri yaxşı anlayırlar ki, əgər rəsmi Bakı fərqli, aqressiv bir mövqe tutsaydı, Ermənistandakı daxili siyasi mənzərə və seçki nəticələri tamamilə başqa cür ola bilərdi. Lakin Azərbaycan qətiyyətlə sülh yolunu seçdi və bu siyasətini ardıcıl olaraq davam etdirir.
Azərbaycanın çox kritik və gərgin bir regionda yerləşməsinə baxmayaraq, öz coğrafi üstünlüklərini güclü infrastruktur imkanları ilə birləşdirərək sabitlik vahəsinə çevrilməsi, onun gələcəyə aydın və uzaqgörən strateji baxışının nəticəsidir.

Aİ ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığın dəyəri qlobal böhranlar zamanı özünü daha qabarıq göstərdi. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Rusiya qazından məhrum olan və dərin enerji böhranı ilə üzləşən Avropa Azərbaycana müraciət etdi. Sədaqətli tərəfdaş olan Bakı ötən müddət ərzində Aİ-yə qaz ixracını 65 faiz artırmağa nail oldu. Bu gün Azərbaycan öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirərək, 15-dən artıq ölkəyə, o cümlədən 10 Avropa dövlətinə 10 milyard kubmetrdən çox təbii qaz ixrac edir və bu rəqəm artmaqdadır. Hazırda Avropa İttifaqının Cənubi Qafqazla olan ümumi ticarət dövriyyəsinin 70 faizi məhz Azərbaycanın payına düşür.
Müasir dövrdə bu əməkdaşlıq təkcə ənənəvi karbohidrogen resursları ilə məhdudlaşmır; tərəflər arasında enerji dialoqu artıq "Yaşıl Enerji Koridoru" üzrə sürətlə inkişaf edir. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı, Mərkəzi Asiya ölkələrinin imkanları ilə sintez olunaraq Xəzər və Qara dəniz üzərindən Avropaya doğru tamamilə yeni bir ekoloji təmiz dəhliz açır. Bu kontekstdə Ursula fon der Layen tərəfindən enerji ilə yanaşı, "enerji konnektiviti (əlaqələndirilməsi) üzrə tərəfdaşlıq platforması"nın yaradılmasının təklif edilməsi Aİ-nin Bakı ilə ticarət əlaqələrini daha da genişləndirmək niyyətindən xəbər verir.
Aİ regionda sülhün dayanıqlı olması üçün konkret addımlar atmağa da hazırdır. Ermənistanla Azərbaycan arasında sülh gündəliyini gücləndirmək, sərhədyanı bölgələrin bərpası və iki icma arasında etimad mühitinin qurulması məqsədilə 20 milyon avroluq xüsusi yardım paketinin təklif edilməsi sülhün iqtisadi faydalarının formalaşmasına xidmət edir.
Bütün bu nailiyyətlər, Azərbaycan Prezidentinin yürütdüyü dahi və çoxvektorlu xarici siyasətin uğurlu nəticəsidir. Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlığı, Çin Xalq Respublikası ilə imzaladığı "hərtərəfli tərəfdaşlıq" münasibətləri və Avropa İttifaqı ilə qurulan strateji xarakterli əlaqələr ölkəmizi qlobal güc mərkəzlərinin hər biri üçün əvəzolunmaz tərəfdaşa çevirib.
Bu gün Avropa İttifaqı Azərbaycanın regional sülh, qlobal enerji təhlükəsizliyi və trans-Avrasiya nəqliyyat dəhlizləri (Orta Dəhliz) sahəsində oynadığı əvəzsiz rolu yüksək qiymətləndirir və rəsmi Bakı ilə çiyin-çiyinə addımlamağa böyük önəm verir.