ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında bir müddət əvvəl 85 dəqiqəlik telefon danışığı olub. Tramp Ukrayna məsələsinin həllindən sonra Rusiya ilə münasibətlərin prespektivindən danışıb. Eləcə də Stiv Uitkoff və Cerard Kuşnerin vasitəçilik səylərinin davam etdiriləcəyi bildirilib. Xatırlatmaq yerinə düşər ki, Tramp İrandan sonra Ukrayna məsələsinə fokuslanacağını deyirdi.
Maraqlıdır ki, nəhayət bu il Rusiya-Ukrayna müharibəsi dayanacaqmı? Rusiya hansı halda geri çəkiləcək?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, Rusiya-Ukrayna müharibəsinin dayanması üçün ortada yalnız bir variant mövcuddur:
“Ortada bir variant var. Bu variant da mövcud təmas xətti üzrə atəşkəsə nail olmaqdan ibarətdir. Rusiya Donbassın işğal olunmamış hissəsinin təhvil verilməsini istəyir. Lakin Ukrayna Rusiyanın bu tələbini qəbul etməyəcək. Hazırda hansı danışıqların baş tutub-tutmayacağını deməyə çətinlik çəkirəm. Hər halda, Rusiyanın da başı ağrıyır. Ona görə də İstanbulda yeni bir görüşün baş tutmasını istisna etmirəm. Lakin bunu dəqiq demək də mümkün deyil”.
Hərbi ekspert Ədalət Verdiyev isə qeyd edib ki, bu il ərzində Rusiya-Ukrayna müharibəsinin başa çatması gözlənilmir:
“Tramp seçkiqabağı kampaniya zamanı prezident seçiləcəyi təqdirdə Ukrayna məsələsini bir günə həll edəcəyini demişdi. Lakin bu bəyanatdan uzun müddət keçməsinə baxmayaraq, Ukrayna məsələsi həll olunmayıb. Ukrayna ilə Rusiyanın artıq 5 ildir ki, davam edən qanlı müharibəsini başa çatdırmaq üçün qarşılıqlı tələbləri var. Qarşılıqlı tələblər arasında kifayət qədər dərin uçurum var. Yəni ölkələrin mövqelərinin yaxınlaşması yaxın perspektivdə mümkün görünmür. Rusiya işğal etdiyi ərazilərdən geri çəkilmək niyyətində deyil. Bu, yalnız Kremlin müharibəni davam etdirmək imkanları tamamilə tükəndikdə mümkün olacaq ki, yaxın perspektivdə belə bir şey gözlənilmir. Başqa sözlə desək, bu il ərzində Rusiya-Ukrayna müharibəsinin başa çatması gözlənilmir”.