Modern.az

Ölü general qədər döyüş ruhunu yüksəldən başqa bir şey yoxdur

Ölü general qədər döyüş ruhunu yüksəldən başqa bir şey yoxdur

Analitika

10 Yanvar 2020, 21:21

Tahir Kərimov,
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi


Con Masters
İngilis novella yazarı və Hind ordusunun zabiti

İran İnqilab Keşikçiləri korpusunun Qüds Qüvvələri üzrə komandiri Qassem Süleymani İranda nə qədər böyük sərkərdə kimi  təqdim olunsa da, əslində üzbəüz döyüş əməliyyatlarının planlaşdırılması, qoşunların taktiki düzülüşü, strateji hücum və ya istehkamlı müdafiə təşkilatçısı kimi deyil, daha çox Səudiyyə Ərəbistanında, Suriyada və digər ərazilərdə təxribatların təşkilatçısıkimi tanınır. Süleymaninin sayəsində İran Yaxın Şərqdə digər ölkələrin ərazilərində problemlər yarada bilirdi.



Hal-hazırda İran İslam Respublikası ətrafında ABŞ ordusu hərbçilərinin sayı aşağıdakı kimidir:


Türkiyədə 1700, Suriyada 500-1000 arası, İraqda 5000, İordaniyada 3000, Küveytdə 13000, Səudiyyə Ərəbistanında 3000, Bəhreyndə 7000, Qətərdə 10000, BƏƏ-də 5000, Əfqanıstanda 12000.

Amerikanın bu ərazilərdə yerləşdirdiyi hərbi kontingenti hər an Süleymaninin hansı isə təxribatının hədəfinə çevrilə bilərdi.


Görünür, Süleymani vəziyyəti düzgün hesablaya bilməyərək, Bağdaddakı ABŞ səfirliyinə qarşı təxribatın cəzasız qalacağını düşündü. Ümidlər ona idi ki, Tramp impiçment təhlükəsi altında olduğuna görə başı daxili siyasətə qarışacaq. Yanvarın 3-də Tramp İrana(Süleymaniyə) zərbə endirmək gücündə və əzmində olduğunu göstərdi.

 

İran anlayır ki, hadisələrin sonrakı eskalasiyası ona baha başa gələ bilər. Belə ki, Amerikaya Yaxın Şərqə hərbi müdaxilədən ötrü əməliyyat bölgəsində piyada qoşunlarından və döyüş maşınlarından istifadə etməyə ehtiyac yoxdur. Amerika Balkanlarda Serbiya, Yaxın Şərqdə İraq və Şimali Afrikada Liviyada havadan hücumlarla ölkə iqtisadiyyatını və kommunikasiyaları iflic eləmək gücündə olduğunu dəfələrlə sübut edib. İran üçün isə istənilən senari ağrılı ola bilər. Əslində amerikalı hərbçilərin yerləşdiyi ölkələrin hər birindəki qruplar daxilində İranın maraqları olsa da, bölgədəki heç bir ölkənin maraqları İranın maraqları ilə eyni deyil. İranın bölgədə müttəfiqi yoxdur:

*İsrail və Səudiyyə Ərəbistanı müxtəlif səbəblərdən İranla kəskin əks mövqedədirlər.

*Digər ölkələrin də hərəsinin öz məqsədi var.

*Hətta Suriya, İraq və Livan kimi uğursuz ölkələr də dövlətçilik problemləri yaşadıqlarından bəzi mövzular üzrə acizlikdən İranla əməkdaşlığa məcburdurlar. Onların dövlətçiliyinin möhkəmlənəcəyi təqdirdə şübhəsiz ki, bu ölkələr də İrandan asılılığa son qoymağa can atacaqlar.  

*Amerikanın əsas iqtisadi rəqibi olan Çini Yaxın Şərqdə yalnız Hörmüz boğazının neft tankerləri üçün açıq olması və Yaxın Şərqdən neft təchizatı düşündürür.

*Rusiya Xarici İşlər Naziri Lavrov Süleymaninin qətlə yetirilməsini pisləsə də, Rusiya üçün digər neft ixracatçısının neft bazarından uzaqlaşdırılması sərf edir.

*Ənənəvi olaraq ABŞ eyni bölgədə bir neçə ölkə ilə eyni zamanda münaqişəli münasibətdə olmur. Ona görə də, İran-ABŞ münasibətləri gərginləşdikcə, ABŞ-Türkiyə münasibətlərində  yumşalma  gözləniləndir. ABŞ  bölgədə yeni müttəfiqlər axtarmağa başlayacaq və ən etibarlı müttəfiq də Türkiyədir.

*İran rejiminin xeyrinə işləyəcək yeganə faktor odur ki, Yaxın Şərqdə eskalasiya İranın daxilində anti-Amerika əhval-ruhiyyəsi yarada bilər və bu da kütlələrlə hakimiyyətin birləşməsinə kömək edər, lakin sanksiyalara görə zaman da İranın xeyrinə işləmir.

Amerikanın özündə də hadisələr birmənalı qarşılanmadı. Trampın Süleymanini qətl etmək qərarı kabineti tərəfdən dəstəklənsə də, Yaxın Şərq ekspertləri tərəfindən tənqidlər də az deyildi. Ən kəskin tənqid isə Berni Sandersdən gəldi, amma bu tənqid daha çox seçkiqabağı kampaniya xarakteri daşıyırdı. Sanders 1991-2007-ci illər arasında konqresmen, 2007-ci ildən isə Vermont ştatından olan senatordur. O, prezidentliyə namizədliyini irəli sürmüşdür. Sanders CNN-ə müsahibəsində bildirdi ki, “Tramp Administrasiyasının Yaxın Şərqlə bağlı ardıcıl siyasəti yoxdur. Tramp İraqı tərk edəcəyimizi və xərclərimizin ödənməsini tələb edir, daha sonra Iraqda qalacağımızı deyir, bundan da sonra İrandakı 52 mühüm məntəqəni, mədəni irs daşıyıcıları olan məntəqələri vuracağı ilə hədə-qorxu gəlir”.

 


İlk baxışdan, doğrudan da, belə görünə bilər ki, ABŞ-ın Yaxın Şərqlə bağlı ardıcıl siyasəti yoxdur. Lakin bu cür siyasət ardıcıl xarakter almağa başlamışdır. Artıq ilk dəfə deyil ki, ABŞ NATO müttəfiqləri ilə məsləhətləşmədən, onları xəbərdar etmədən Yaxın Şərqdə sürətli hərbi əməliyyat aparmaq qərarı verir.

İranda isə açıq-aydın böhran hiss olunur; Bu həm iqtisadiyyatın, həm də hakimiyyətin və ordunun böhranıdır. Süleymaninin dəfni mərasimində kütlənin yaratdığı tıxac nəticəsində ölənlərin sayının 50-ə çatdığı bildirilir. Tehran hava limanından qalxan Ukrayna Hava Yolları təyyarəsi böyük ehtimalla mühərrikdəki problem üzündən qəzaya uğramayıb. Bu səhv hesablamaların, hədəfin düzgün seçilməməsinin və obyektin yanlış tuşlanmasının nəticəsində baş vermiş hadisəyə daha çox bənzəyir.

 

İran liderləri Süleymaninin qətlinə görə intiqam alınacağını bildirdilər. İranın amerikalıların yerləşdiyi iki məntəqəni bolistik raketlə vurması İran televiziyasında təkrar-təkrar nümayiş etdirilir və İran tərəfi 80 amerikalılının məhv edildiyini bildirir. Amerika KİV-ləri isə hər hansı bir amerikalının ölməsi faktını təsdiq etmirlər.

Nəticə


Şübhəsiz ki, Amerika Süleymani ilə Mühəndisin yerini müəyyən etmək üçün geniş agentura şəbəkəsindən istifadə edib və hədəfin yerləşdiyi ərazi müəyyən olunub. Həmin agenturanın ən azı Süleymaniyə və bəlkə də hakimiyyətə yaxın dairələrdə olması ehtimalı yüksəkdir. Süleymani xalq kütlələri arasında ikona qədər səcdə ediləcək hərbçi idi. Onun hansı isə çaxnaşma anında hakimiyyət iddiasına düşməsi, belə olan halda əksəriyyət tərəfindən dəstəklənəcəyi istisna deyildi. Beləliklə, İranda artıq hakimiyyətə iddialı odioz general yoxdur. ABŞ da xarizmatik təxribat generalından azad oldu. Bu isə həm qurdların tox olduğu, həm quzuların salamat qaldığı situasiyadır.

-İran hakimiyyətinin Süleymaniyə görə qisas alınacağı prosesinin davam edəcəyi ilə bağlı bəyənatları İran generallarının uzun illər boyu İsrailin yer üzündən silinməsi bəyənatlarına çox bənzəyir.



Yunston Çörçilin təbirincə desək:
Generallar hər zaman keçmiş müharibələrə hazırlaşırlar.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür