Modern.az

Turistsiz qalan təbiət - FOTOLAR

Turistsiz qalan təbiət - FOTOLAR

Reportaj

4 May 2020, 12:00

Xarakter olaraq gəzməyi, istirahət etməyi sevən xalqıq. Ələlxüsus hər ilin bu ayları Bakının səs-küyünü, daş binalarını təbiətin rəngarənliyinə dəyişmək üçün üz tuturuq təbiət qoynuna - rayonlara.

 

Amma heyif ki, gözəgörünməz məxluq, koronavirus bu il bizləri təbiətlə vəhdətdə olmaqdan çəkindirib. Nəinki rayonlara getmək, heç doğru-dürüst şəhər küçələrində də gəzə bilmirik.

İndi o meşələr, səfalı guşələr də qalıb başlı-başlına. Başlı-başlına deyəndə ki, təbiət özü-özünü idarə edir, qucağını açıb öz övladlarına - heyvanlara, bitkilərə…

Bəlkə də bu da təbiət üçün bir fürsətdir, özünü dincə qoyub. Ya da nə bilək, bəlkə də bizsiz darıxır…

 

Əlqərəz, indi həmin rayonlardan bir neçəsinin bizli və bizsiz halını sizə təqdim edəcəyik.

 

 

İlin müxtəlif fəsillərində, xüsusilə yazda bir başqa gözəl olan Göygöl… Göygölün yerləşdiyi ərazidə bir-birindən maraqlı, irili-xırdalı 19 göl var. Bu göllər füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə insanları heyran edir. Zəlzələ nəticəsində yaranan bu gözəllik həm xalqımızın, həm də turistlərin istirahət üçün axın etdiyi sevimli məkanlardan biridir. Şəkildə bu gözəlliyin insanların istirahətdə olan zamanı, istirahətdən sonra yaranan zibillik və hazırkı boş və təmiz halı təsvir olunub.

 

 

Bu fotolar isə Azərbaycan tarixində ilk dağ-xizək kurortu və mübaliğəsiz deyə bilərik ki, hazırda ölkənin ən populyar turizm obyekti- “Şahdağ” turizm mərkəzinə məxsusdur. 2012-ci ildə fəaliyyətə başlamış bu kompleks bütün ilboyu dünyanın hər yerindən istirahətə gələnləri cəlb edir. Dekabrdan mart ayına kimi bizlərə qar zövqünü yaşadan bu məkandan martdan bu yana ancaq heyvanlar zövq ala bilir.

 

 

Turistlərin, xüsusilə də ərəblərin axın etdiyi Qəbələ. Məşhur “Yeddi gözəl” şəlaləsi, “Qəbələnd” əyləncə mərkəzi, hər il müxtəlif festivallara ev sahibliyi edən bu rayon bitki örtüyünün içində yerləşən bir cənnətdir desək, yanılmarıq. Amma indi bu füsunkar məkan, yaşıl meşələr gözdən, könüldə uzaqda qalıb, əlçatmaz görünür.

 

 

Bu fotolar isə Qax rayonun ən gözəl ayrıntısı olan İlisu kəndinə məxsusdur. Müxtəlif mineral bulaqlar, çaylarla zəngin bu kənd yaz-yay aylarında ən çox üz tutduğumuz bölgələrdən biridir. Amma indi o bulaqlar, çaylar nə qədər müalicəvi, xeyirli olsa da təəssüf ki, ancaq su canlılarını xeyri ilə təmin edə bilir, bizlərsə hələ görünür ki, bir müddət bu gözəllikdən məhrum olacağıq…

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?