Arxiv
24 Noyabr 2020, 09:43 | MÜSAHİBƏ
Üç gün mühasirədə qalan yaralı komandir: “Şuşanı almaq, Qarabağın açarını almaq idi” - MÜSAHİBƏ

Özü yaralandığı an heç kimi düşünə bilmədiyini desə də, Vətən müharibəsinin iştirakçısı, “N” saylı hərbi hissənin Tabor komandiri, mayor rütbəli Mənsurun yaralandığı xəbərini alanda, mənim ilk ağlıma gələn üzünü doyunca görə bilmədiyi körpəsi Toğrul, saçını doyunca oxşamadığı xanımı Əsmər oldu, yaşlı ata-anasını isə heç demirəm... Çünki o an bəlkələr insanın beynində cavabsız suallar yaradan bir nəsnəyə çevirilir, çıxılmaz dalanda bir zəng, bir ümid gözləyirsən. Nəysə ki, ayağından və boynundan yaralandığı dəqiqləşəndə, həm ailəsi, övladı, xanımı, həm də yaxın dostları adına Allaha şükr etdik sağ olduğu üçün. Bu günlər isə Ağdamın işğaldan azad ediliyi ərəfədə Cəbrayılda böyük şücaət göstərmiş ağdamlı hərbiçimizlə evində görüşdük, şükr bu günlərə dedik...

 

Arayış: Mənsur Vidadi oğlu Şükürov 1984-cü il fevralın 25-də Ağdam rayonun Şıxbabalı kəndində anadan olub. 1999-cu ilə qədər Bakdakı Suraxanı rayonu 104 saylı orta məktəbdə, 1999-cu ildən 2002-ci ilədək Cəmşid Naxçıvanski adına Hərbi liseydə, 2002-ci ildən 2006-cı ilədək Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2007-ci ilədək Təlim-Tədris Mərkəzində dinləyici kimi iştirak edib. 2007-ci ildən etibarən isə ordu sıralarında xidmətə başlayıb. Mayor rütbəli hərbçi hazırda “N” saylı hərbi hissədə Tabor komandiridir.

Mənsurun hərbiyə marağı hərbçi atasından qaynaqlanır. Kiçik yaşlarındaykən atası, polkovnik-leytenant Vidadi Şükürovun I Qarabağ Müharibəsindəki döyüşlərdən danışdıqları Mənsurun futbolçu olmaq arzusunun üstündən xətt çəkir.  Elə ilk sualımıza cavabında da bunu deyir:

 

- Atam hərbçi olub. Ona baxmışam, fəxr etmişəm, istəmişəm onun kimi hərbçi olum. Bu gün qürur hissi keçirirəm ki, atamın yolunu davam etdirirəm, Ali Baş Komandanın rəhbərliyilə ordumuz tərəfindən qazanılan qələbədə kiçik də olsa,  mənim də payım var.

 

- İllərdir, “Qarabağa dönəcəyik” ifadəsinə ironiya ilə yanaşılırdı, elə öz aramızda da buna inanmayanlar vardı. Artıq döyüşlər bitib, müəyyən qədər bəzi məsələlərdən danışmaq olar. 27 sentyabrı yetişdirən səbəb nə idi, niyə bir il əvvəl yox, bir il sonra yox, məhz indi çözüldü Qarabağın düyünü? 


- Müharibəyə hazırlıq bir günün işi deyil. Ordumuz illərdir, 27 sentyabrda nümayiş etdirdiyi əks-hücum əməliyyatlarına hazılaşıb və məqam yetişəndə düşmənə layiqli cavab verildi. Kənardan döyüş asan gəlir çoxuna. Elə ən çox o ifadəni səsləndirənlər, qələbə sevincini küçələrə axışıb yaşayanlar oldu (gülür).


- İllərin hazırlığı dediniz, 27 sentyabrdan bu yana ordumuzda heç vaxt müşahidə edilməyən böyük ruh yüksəkliyi nəyə bağlıdır?

- Həqiqətən də əməliyyatlar başlayanda orduda olduqca böyük ruh yüksəkliyi vardı. İnanın, nə qədər çətin döyüşlər olsa da, cavanlar əjdaha kimi irəli atılırdı, hamısı döyüşmək istəyirdi. Şəxsən mən öz Taborumdakı cavanları deyirəm. Belə bir deyim var ki, inam qələbənin yarısıdır. Hamı qələbəyə inanırdı. Bu inamı orduya Ali Baş Komandan vermişdi, başqa izahı yoxdur.

 

- Buna qədər 2016-cı ildə “Aprel döyüşləri”, bu ilin yayında “Tovuz döyüşləri” başlayanda da xalqda orduya inam vardı, amma təəssüf həmin vaxt yekun nəticə olmadı. Bəs o qırılmanın səbəbi nəydi, niyə sonuna qədər gedilmədi?


- Mən “Aprel döyüşləri”ndə bölük komandiri idim, döyüşlərdə şəxsən iştirak etmişdim. Amma həmin vaxt da ruh yüksəkliyi vardı. Sadəcə, düşmən təxribatının qarşısı alındı, atəşkəs elan olundu. Həmin vaxt döyüşlərin miqyası Vətən müharibəsindəki kimi geniş olmadı.

 


- Vətən müharibəsi başlayanda ilk gündən harada döyüşürdüz, Qarabağın bizə görmək qismət olmayan hansı hissələrində mübarizə aparırdınız?

- Kənd Horadiz, Nüzgar, qarşıdakı xeyli yüksəkliklərdə, Cəbrayılda, sonuncu da düşmən gülləsinə tuş gəldiyim Hadrutda. Oradan o tərəfə kimi getmək qismət olmadı.


- Obrazlı desək, Qarabağa əlisilahlı səfərini yarımçıq qoyan o anla bağlı mümkünsə, qısa da olsa danışmağınızı xahiş edərdik...

- Müharibədə iştirak edən hər bir döyüşçü sonuna kimi getməyi gözə alır. Həmin vaxt mühasirəyə düşdük. 3 günlük mühasirədə çox sayda silahdaşımı itirdim. Bu barədə danışmaq çox çətindir...

Bu an hərbçimizin xanımı Əsmər gözyaşları ilə söhbətə müdaxilə edir:

“Mən bilirdim ki, Mənsur döyüşdən zərərsiz qayıtmayacaq, əmin idim. Yaralanma xəbərini alanda, ağlımdan o qədər cavabsız suallar keçdi bir anın içərisində, izahı mümkün deyil. Bəlkə... ən pisi belə düşündüm, ta ki səsini eşidənə kimi. Çox qorxdum, həm də şükr elədim içimdən. Sözlə ifadə edə bilmərəm. Çox qorxdum, necə vəziyyətdədir, harasından yara alıb bilmirəm, əli-ayağı yerindədirmi, ağlı yerindədirmi bilmirəm, hər şeydən məlumatsızam. Səsini eşidəndən sonra rahatlıq tapdım, şükr etdim ki, hansı vəziyyətdə olsa da, nəfəsi üstündədir. Çox ağırdır, bəzən Şəhid ailələrinə kimsə, necəsə təsəlli verməyə çalışır, inanın təsəllisi olmayan bir şeydir. Hələ mənim yoldaşım yaralanıb mən bu hisləri keçirdim... Çox çətindir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun!”.

 

Söhbətə yenidən hərbçimizlə davam edirik.

 

- Çətin olduğunu anlayıram, amma istəyərdim azca da olsa, təsvir edəsiniz ki, sadə vətəndaş əsgərinin, zabitinin nə ilə, kim ilə üz-üzə qaldığını təsəvvür etsin. Siz həm də Azərbaycanın ən yeni tarixinin yazılmasında rolu, əməyi olan hərbçimizsiniz!

 

- Oktyabrın 8-də Hadrutda mühasirəyə düşdük. Bizi mühasirəyə alan düşmənin xüsusi təyinatlıları idi. 200-300 nəfərlik heyətlə  üstümüzə gəldilər. Onların xüsusi təyinatlı olduğunu da sonradan bildim. Biz Hadrutda dərinliyə girəndə görmüşdülər, sayca az idik, amma itkilərimiz, yaralılarımız oldu. Birinci boynumdan yaralandım, sarğı ilə döyüşə davam etdim, sonra daha bir güllə bud nahiyəmdən, sümüyümdən dəydi. Daha ayağa qalxası olmadım. Döyüşçü dostlarımla 7 yaralı üç gün mühasirədə qalandan sonra oktyabrın 11-də bizə dəstək gəldi. Xəstəxanaya yerləşdirildim və oktyabrın 12-də əməliyyat olundum.



- Bəs yaralı halda mühasirədən çıxmağı necə bacardınız?

- Mühasirədən çıxmağın bir yolu vardı, qarşıdakı kəndə girmək. Elə sürünə-sürünə kəndə girdik. Zabitlərim, əsgərlərim arasında şəhid gedənlər oldu. Allahdan hamısına rəhmət diləyirəm. Günlər əvvəl bir yerdə döyüşdüyüm adamlar barədə keçmiş zamanda danışmaq çox ağırdır (kövrəlir).

 

- Yaralandığınız o an ilk nə düşündünüz. Nə idi bu hiss, ev, ailə, uşaq...

- Döyüş elə bir şeydir ki, orada ailəni, uşağı düşünməyə vaxt olmur. Orada yalnız irəliləməyi və bunun üçün sağ qalmağın yollarını düşünürsən. Yaralananda bircə düşündüm ki, qismət bura kimi imiş, yaşama ömrüm burda qırılır. Çünki vurulanda pis yerdə qalmışdım, sağ qalacağıma özüm də ümid etməmişdim. Yaralı halda 3 gün mühasirədə qalmaq özü elə möcüzədir, amma demək ki, yazıya pozu yoxdur.


Söhbət zamanı bəlli olur ki, səhhətindəki problemlə əlaqədar atası Vidadi kişidən oğlunun yaralanmasını gizlədiblər. Çünki həmin gün ürəyi sözünə baxmamış, bir neçə dəfə təcili yardım çağırası olmuşdular. Ata oğlunun yaralanmasını narahat ürəyində hiss etmişdi sanki...

- Atam olanlardan mən evə qayıdandan bir neçə saat əvvəl xəbərdar olub. Onda da yalandan deyiblər ki, bəs Mənsur tankın üstündən yıxılıb, ayağı çatlayıb. Təbii ki, atam inanmayıb, hərbçi adamı belə yalanla aldatmaq mümkün deyil. Deyib, siz nə danışırsız, Mənsur hara, tankın üstündən yıxılmaq hara. Evə gələndə yolda özüm zəng etdim ki, görəndə qəfil pis olmasın. Bir az çətin toparlandı, amma artıq geridə qoyduq çətinliyi. Əsas odur ki, çəkilən əziyyətlərin nəticəsi oldu, Qarabağ azad edildi, minlərlə insan yenidən öz toraqlarına qayıdacaq.

 

- Çiyin-çiyinə döyüşdüyünüz silahdaşlarınızdan şəhid olanların ailələrinə nə demək istəyərsiniz?


- Onlarla telefonla da olsa əlaqə saxlayıram. Sözüm yoxdur, sağalan kimi ilk işim hamsını ziyarət etmək olacaq. Şəhidlərimizin haqqını hansısa sözlə ödəmək, onların ailəsini nə iləsə təsəlli etmək mümkünsüzdür. Amma torpaq uğrunda şəhid olmaq şərəfdir. Bu şərəf də hamıya qismət olmur.


- Bir az da işğaldan azad edilmiş torpaqlarımıza qayıdışla bağlı danışaq. Bir ağdamlı kimi geri qayıtmağı, doğulduğunuz yerdə yaşamağı planlaşdırırsınız?

- 100 faiz qayıdacam, başqa cür mümkünü yoxdur. Qismət olsa, planım odur ki, ailəmlə birlikdə ömrümün sonuna kimi Ağdamda yaşayam. İnşallah, Ağdam, eləcə də işğaldan azad edilmiş digər rayonlarımız əvvəlkindən də gözəl, düşmən bağrı yaran olacaq.


- Bəs, ordu sıralarına yenidən qayıtmağı düşünürsüz, həkim buna icazə verirmi?

- Hələ ki ayağımdakı yaranın sağalmasını gözləyirəm, sümüyün yarısı yoxdur. 5 ay sonra sağalma olmasa, yenidən əməliyyat olunacağam. Ola bilər, bir az müddət çəksin, amma mütləq qayıdacam orduya.



- Balaca Toğrulla bağlı arzularınız nədir. Onu böyüyəndə hansı peşə, sənət sahibi kimi görmək istəyərsiniz?

- Çox istəyərəm futbolçu olsun, mənim vaz keçdiyim arzumu reallaşdırsın.


- Hərbidəki qan-qadanı özünüz çəkirsiniz deyə, onu başqa sahyə yönəltməyi planlaşdırırsınız?

- Qətiyyən, özüm uşaq vaxtı futbolçu olmaq istəmişəm. Bayaq da dediyim kimi,  atamın hərbçi olması fikrimdə dəyişiklik yaradıb. Amma ən böyük arzumdur ki, Toğrul yaxşı futbolçu olsun.


- Birdən o da siniz kimi dedi ki, mən də hərbçi olacam, onda necə?

- Olsun (gülür). Bu seçim onun özünün olacaq. Mən sadəcə, onunla bağlı arzumu dilə gətirdim. Qismət, bəlkə tamamilə fərqli peşə sahibi olacaq. Çünki mən öz istəyimlə hərbçi olmuşam. Yadımdadır, anam Cəmşid Naxçıvanski adına Hərbi Liseydə andiçmədən sonra çox könülüz olmuşdu, razılaşmırdı, təkid edirdi ki, bu sahədən ayrılım. Amma mən dediyimdən dönmədim. İndi oğlum da necə istəyər elə də edər.

 

- Bəs bir hərbçi kimi ən böyük arzunuz nədir?

- Ən böyük arzum Şuşaya kimi getmək idi. O da qismət olmadı, Allah erməninin evini yıxsın, yolumu yarımçıq qoydu. Döyüş başlayan günün səhəri idi. Bizimkilər artilleriya ilə hücuma başlayanda, müavinim Vüsala dedim ki, heç nə istəmirəm, yaralansam da, ölsəm də Şuşaya kimi gedim, nə olsa, ordan o tərəfə olsun. Qismətimdə yaralanmaq, şəhid olmaq varsa, Şuşadan sonra olsun. O da qismət olmadı...


- Amma sizin “yarıda kəsildi” dediyiniz yolu döyüşçü yoldaşlarınız getdi, indi Şuşada Azərbaycan bayrağı dalğalanır. Məncə bu qədər bədbin olmamalısınız.

- Əlbəttə! Sadəcə bilirsiniz, döyüşdə ab-hava başqa cür olur, onu nə qədər təsvir etməyə çalışsan da, alınmır. Döyüşdə yaralı olsan da, dostlarının yanında, onlarla birgə mübarizə aparmaq istəyirsən. Döyüş getdiyi bir vaxtda yaralanıb, kənarda qalmağı həzm etmək də çətindir. Fikrin, ağlın onların yanında qalır, kömək edə bilməmək üzür səni. Elə hey istəyirsən ki, tez sağalıb qayıdasan. Bu günlərə min şükür!


- Böyük qələbədə payı olan biri kimi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatı necə qiymətləndirirsiniz? Məhz bu bəyanatla 3 böyük rayonumuz qansız-qadasız, itkisiz geri qaytarılır. Bunların arasında sizin doğulduğunuz Ağdam da var...


- Ali Baş Komandana halal olsun. Açığı, bunu demək hamımızın haqqıdır, kimsə bunu başqa cür başa düşməsin. Ölkə rəhbərinin qələbə müjdəsilə küçələrə axışan insanları kimsə zorla ora çağırmamışdı, kimsə onlara Prezidentə dəstək olmağı, onunla bağlı şüarlar səsləndirməyi tapşırmamışdı. Hər şey insanların istəyindən irəli gəlirdi. Hamı bu qələbədə böyük əmək sahibi olan Ali Baş Komandana sevgisini əlindən, ürəyindən gəldiyi kimi göstərmək istəyirdi. İlham Əliyev xalqın öz ürəyindən gələn sevgisini sonuna qədər haqq etdi bu qələbə müjdəsilə. Bilirsiniz, ordu öz işini görürdü, amma buna parlalel olaraq, Ali Baş Komandan da Azərbaycana qarşı çıxanlarla siyasi meydanda vururşurdu. Bu qələbə kimlərəsə asan görünə bilər, amma inanın elə deyil. Əvvəllər insanlarda o qədər bədbinlik vardı, hətta öz yaxınlarımızdan “torpaqlar getdi, daha qayıtmaz” düşüncəsində olanlar vardı. Müharibə etmək asan deyil. Döyüş hamıya qıraqdan asan görünür. Elə “niyə müharibə etmir” deməklə olmur müharibə, müharibə etmək üçün siyasi iradə, iqtisadi güc, təminatlı ordun olmalıdır. Bütün bunlar isə bir günə ərsəyə gəlmir. Bir briqadanın 1 saatlıq döyüşü milyonlarla dollardır. Bu kişi də illərdir qarşısına qoyduğu məqsədə çatmaq üçün əlindən gələn bütün mümkün olan variantları etdi. Bu gün bütün dünya “Vətən müharibəsi”ndən, döyüşlərdə istifadə edilən silahlardan danışır. Bu, Azərbaycanın gücüdür. Tarixən torpaqlarımız verilə-verilə gedib, əksəriyyət də deyirdi “Qarabağ da belə getdi”. Amma bu kişinin Ali Baş Komandanlığı ilə ordumuz Qarabağı geri qaytardı, təqvimi dəyişdi, yeni tarix yazdı.



- Ölkə rəhbərinin sərəncamı ilə “Vətən müharibəsi”nin iştirakçılarına orden və medallar veriləcək. Zəhmətin qarşılığını görmək hamıya xoş gəlir, hələ bu ölkənin zəfərilə bağlıdırsa. Bu barədə fikirləriniz maraqlıdır.

- Mənim bu döyüşlərdə nə zəhmətim varsa, hamısını o kişiyə (Ali Baş Komandanı nəzərdə tutur-red.) halal etmişəm, versə də sağ olsun, verməsə də. Mən döyüşə qatılanda medal üçün döyüşməmişəm. Bu gün torpaqlarımız azaddır, bundan böyük sevinc ola bilməz. Biz 30 ildir torpaq deyib zarıyırdıq, dilimiz gödək, boynumuz bükük idi. Hamı bizə üstdən aşağı baxırdı ki, erməni nədir onun əlində aciz qalmısınız. Bizim də səhvimiz o olub ki, ermənini çox böyütmüşük, guya torpaqlarımızı geri ala bilmərik. Vallah elə yüksəkliklər vardı, şəxsən mənim taborumdakı uşaqlar bir güllə belə atmadan, birbaşa güllənin üstünə qaçıb ərazini götürmüşük. Eləcə erməninin üstünə qaçmışıq, biz getdikcə nələri var atıb qaçıblar. Nə olacaqsa, şəhidlərimizin ailələri üçün edilsin, hər şey onların halalıdır. İlham Əliyev kişi kimi dediyini elədi, tarixi dəyişdi, indi hamı dik gəzir, indi hamının sinəsində qürur var. İşğaldan azad edilmiş yerlərə qayıtmaq bilirsiniz nə deməkdir? O yaşlı insanlar ki var illərdir o torpaqlarda ölməyi əhd ediblər, ora qayıdanda bəlkə də sevincdən ürəkləri dayanacaq. Bu, dəhşətli hisdir. Mən özüm Ağdamı yenidən görəcəyim üçün ürəyim titrəyir. Hətta dağıdılmış, xarabalığa çevirilmiş yerlərimizi şəkillərdə görəndə, adamın qürurdan ürəyi dayanır az qala. Ona görə bu günlərimizə min şükr. Bu gün bütün dünya Azərbaycandan danışır. Bu, böyük qələbədir, kimsə bunu unutmasın.

Müharibə gedən regionlara, ölkələrə baxın və müqayisə aparın. 4-5 ilə itirilən torpaqlrımızı 44 günə geri qaytarmaq Vallah asan deyil. Mən arada yoldaşlara deyirəm ki, 44 günə alınan torpaqları piyada qət etməyə çalışsaq, mümkün olmaz. Dediyim yol düzəngah deyil, keçilməz dağlar, təpələrdir. Siz ordudakı şücaətə, əzmə baxın ki, mümkünsüzü bacardı. Əsgər gecə-gündüz yatmırdı, gecə yol, gündüz hücum. Elə bil Allah hamıya güc-qüvvə vermişdi, iradə vermişdi, hamının bir istəyi vardı-qabağa gedək, dayanmaq söhbəti olmasın.

 


- Qələbəni tam olaraq, yaşaya bilməyənlər də var. Bir vaxtlar “Daha Qarabağ getdi”deyənlər, indi də “döyüşlər dayandırılmasaydı, hərbçilərimiz bütün torpaqları silah gücünə geri alacaqdı” düşüncəsindədirlər. Razılaşırsınız bu fikirlə?

- Bilirsiniz, Şuşa açar idi, Şuşa alınmaz qala idi. Şuşanı aldıq, açarı aldıq. Çox gözəl taktika il gedirdik, erməni Ağdamda mühasirədə qalmışdı, hamısı qırılacaqdı. Kəlbəcəri daha çox itki versəydik belə, alacaqdıq. Xankəndinə gələndə, Xankəndi Şuşanın ayağının altındadır. Şuşadan daş atanda gedib Xankəndinə düşür. Xankəndini almaq iki vur iki idi. Çətinlik Laçınla Kəlbəcərdə olacaqdı. Şuşanı alan igidlər, oranı da alacaqdı. Şuşaya gedən 2-3 yol vardı ki, erməni onu bağlamışdı. Erməninin ağlına gəlməzdi ki, ordumuz Şuşaya haradan daxil olar. Şuşa ordumuz tərəfindən geri alınanda ermənilər hələ də şokdaydı. Ona görə necə deyim, bir az dardüşüncəli, əli silah tutmayan, döyüş nədir bilməyən insanlardır ki, deyir niyə axıra kimi getmədik. Ordumuz getdi, sonunu da Ali Baş Komandan öz siyasətilə tamamladı. Bu heç kimə asan gəlməsin. Bunu deyənlər, siz Prezidentdən ağıllısız? Axı o özü də dedi ki, nəyi, necə, nə vaxt etməyi yaxşı bilir. Ona görə yaxşı olar ki, hamı öz işilə məşğul olsun. İndiyə kimi bu torpaqlar erməni işğalında idi. Ona görə bu günlərə yarımçıq yox, ürəkdən sevinmək lazımdır. Ən çox itkini elə bəyanatla geri qaytarılacaq torpaqlarda verəcəkdik. O torpaqlar elə Şuşaya qədər verilən itkilərin hesabına geri qaytarılır. O yerlərə çatana kimi igid oğullarımız can qoyub. Bəziləri var, görürsən hətta efirdə də deyir ki, gərək axıra kimi gedəydik, eləsinin əlinə silahı verib sərhəddən o tərəfə yola salmaq lazımdır, getsin yüz metr torpaq alsın, görüm necə alır. Təkrar çıxsa da, qıraqdan döyüş asan gəlir. İki gün yatmayanda üçüncü günü leş kimi qalır adam. 44 gün yatmamaq bilirsiniz nə deməkdir? Azərbayca Ali Baş Komandanın rəhbərliyilə Qarabağ müharibəsinin axırına kimi getdi. Bundan sonrası azadlıqdır.

 

 

Cənab mayorla Ağdamda qonağı olmaq ümidilə sağollaşırıq...

- İnşallah hamımız bir yerdə Ağdamı, Cəbrayılı, Kəlbəcəri, Hadrutu gəzərik. Dağların arasında yerləşən Hadrut çox gözəl yerdir. Oranın havası nəyə desəniz dəyər, dağların arasından axan sular gözyaşı kimi dupdurudur. Biz dərinlikdə olanda, günlərlə Hadrutun dağ armudu, dağ alması ilə qidalandıq. Bu hər şeyə dəyərdi inanın. Baxmayaraq ki, o yerlərdə döyüşmüşəm, indi özümə də çox maraqlı gəlir gedib görmək...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“İgidliyə görə” medalı ilə təltif edilən hərbçilərin ADLARI 24 İyun 2021, 16:56 Prezident bu hərbçilərə “Vətən uğrunda” medalı verdi - SİYAHI 24 İyun 2021, 16:50 Şöbə rəisi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olundu 24 İyun 2021, 16:44 Azərbaycanda son sutkada rekord sayda peyvənd VURULDU 24 İyun 2021, 16:38 Bu günə olan yoluxma sayı AÇIQLANDI 24 İyun 2021, 16:32 Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək 24 İyun 2021, 16:26 31 yaşlı kişi itkin düşüb 24 İyun 2021, 16:20 Bir qrup hərbçiyə ordenlər verildi - SİYAHI 24 İyun 2021, 16:14 Türkiyədə “Qarabağ həftəsi” keçiriləcək 24 İyun 2021, 16:02 Ceyhun Bayramov Baş katiblə görüşüb 24 İyun 2021, 15:56 Prezidentin hərbi medallar verdiyi jurnalistlər, klub prezidenti, gənc şair... - ADLAR 24 İyun 2021, 15:50 Əmək pensiyasına əlavə ilə bağlı qaydalar dəyişir 24 İyun 2021, 15:44 “BakuBus”ın avtobusları toqquşdu - Yaralananlar var - YENİLƏNİB 24 İyun 2021, 15:43 Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu 24 İyun 2021, 15:38 Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzəltmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?