Modern.az

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündən gözləntilərimiz - ŞƏRH

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündən gözləntilərimiz - ŞƏRH

Analitika

10 Yanvar 2021, 18:14

“Rusiya, Azərbaycan və Ermənistan liderləri sabah Moskvada bir araya gələcəklər. Kremldən yayılan məlumatda deyilir ki, Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.

Ermənistan tərəfi tələsik bəyanat yayınlayıb ki, baş nazir Nikol Paşinyan Moskvada ərazi məsələsiylə bağlı heç bir sənədi imzalamayacaq, yalnız kommunikasiya xətlərinin açılması və regional daşımaçılıq mövzuları müzakirə olacaq. Yəni bununla cəmiyyətini sakitləşdirmək istəyir ki, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaq”.

Modern.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın yanvarın 11-də keçiriləcək Moskva görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyan Moskva görüşündə əsirlərin və meyitlərin dəyişdirilməsini də müzakirə etmək istəyir.

“Paşinyan bu məsələ həll olunmadan iqtisadi əlaqələrin bərpasının mümkün olmadığını vurğulayır. Elə bil ki, iqtisadi əlaqələrin bərpası Ermənistana deyil, Azərbaycana lazımdır. Əsirlərə gəldikdə, 10 noyabrdan sonra Azərbaycan hərbçilərinə atəş açanlar terrorçulardır, onlar dəyişdirilə bilməz, dəyişdirilməsi lazım bilinsə, bunun qarşılığında Dağlıq Qarabağda silahlı separatçı qalmamalıdır”.

E.Şahinoğlu bildirib ki, Azərbaycan ictimaiyyətinin də Moskva görüşündən gözləntiləri az deyil:

“1. Dağlıq Qarabağdakı erməni separatçıları tam tərksilah olunmalıdırlar;
2. Dağlıq Qarabağın erməni əhalisi Azərbaycan qanunları ilə yaşamalı və pasportlarımızı qəbul etməlidirlər;
3. Laçın dəhlizi 10 noyabr bəyanatına görə Rusiya hərbçilərinin nəzarətində olsa da, qanunsuz keçidlərin qarşısının alınması məqsədilə Azərbaycan sərhədçiləri Laçın istiqamətində keşik çəkməlidirlər;
4. Ermənistan Azərbaycana qarşı ərazi iddialaırndan vaz keçib Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır;
5. Zəngilanla Naxçıvan arasında dəhliz fəaliyyətə başlamalıdır”.

Politoloqun fikrincə, əlbəttə ki bir görüşlə Nikol Paşinyanın bu tələblərimizin tamamını yerinə yetirəcəyini düşünmür:

“Bu halda keçmişdə “Qarabağ Ermənistandır” deyən Paşinyan Moskvadan İrəvana deyil, Qərb ölkələrindən birinə qaçıb sığınacaq istəməlidir. Buna baxmayaraq, Paşinyan və ya qeyrisi erməni cəmiyyətini tədricən Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməyə hazırlamalıdır. Əks halda, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadan bizimlə iqtisadi münasibətləri bərpasını və regional əməkdaşlığa qoşulmasını təsəvvür etmək mümkün deyil”.

 
A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır