Modern.az

Azərbaycan aprel döyüşlərini niyə dayandırıb? - Paşinyan tərəfdarları Serj Sarkisyanı ifşa etdilər - QALMAQAL

Azərbaycan aprel döyüşlərini niyə dayandırıb? - Paşinyan tərəfdarları Serj Sarkisyanı ifşa etdilər - QALMAQAL

Analitika

17 Fevral 2021, 13:06

2016-cı ilin aprel müharibəsi Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan işğal olunmuş ərazilərin Azərbaycana qaytarılacağına dair vəd verəndən sonra dayandırılıb.


Modern.az
saytı “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə deyib. Onun sözlərinə görə, sözügedən vəddə torpaqların boşaldılması üçün qrafik də nəzərdə tutulmuşdu.


Qriqoryan deyib ki, Azərbaycan Aprel döyüşlərini bu vədin verilməsindən sonra dayandırıb:


“Aprel müharibəsi Ermənistan tərəfinin vədləri səbəbilə dayandırılıb. Yeri gəlmişkən, bu vədə həm də müəyyən vaxt cədvəli daxil idi və bu qrafikə yay ərzində əməl olunmalıydı”.


Qriqoryan deyib ki, bunun ardınca 2016-cı ilin yayında Ermənistanda məlum hadisələr baş verib.


“Sasna tsrer” partiyası Yerevan polisinin qarnizonunu silahlı qiyamla ələ keçirib.


Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, ovaxtkı prezident Serj Sarkisyan bu hadisədən öz vədini 2017-ci ilin aprelinədək təxirə salmaq üçün sui-istifadə edib. Bundan sonra isə proses hakimiyyət keçidi ilə bağlı təxirə salınıb:


“İndi isə çoxsaylı vədlər vermiş və Ermənistan üçün belə böyük yük yaratmış bu adam postunu tərk edir, sonra isə gəlib bəyanat verir ki, “mən qol çəkməyə, filan addımları atmağa hazır idim”. Mən qeyd etməliyəm ki, onun verdiyi vədlərə, onun yaratdığı dalanlara görə biz sonradan ciddi problemlərlə üzləşdik”.

“Serj Sarkisyan hansı vədləri verib” sualına cavab olaraq Qriqoryan deyib ki, bu suala eks-prezidentin özü cavab verə bilər:


“Amma o vaxt Aprel müharibəsi dayandırıldı və bunun ardınca qrafik verildi. Bütün razılaşmalar bu qrafik əsasında həyata keçirilməliydi”.

Qriqoryan əlavə edib ki, Azərbaycanın müharibəni dayandırması onun Sarkisyanın vədlərinə qane olduğunu göstərirdi.


Öz növbəsində “Armnyus” telekanalına müsahibəsində Serj Sarkisyan deyib ki, söhbət “Lavrov planı” deyilən sənədin həyata keçirilməsindən gedirdi.


Sarkisyan iddia edib ki, Dağlıq Qarabağ münaqişəsini tənzimləməli olan bu planı indiki hakimiyyət, Nikol Paşinyanın höküməti rədd edib.


Sarkisyanın sözlərinə görə, “Lavrov planı” əslində “Madrid prinsiplərinin” düzəliş edilmiş variantı idi.


O iddia edib ki, bu plan üzrə Azərbaycan Dağlıq Qarabağın yekun statusunun Qarabağ əhalisi tərəfindən müəyyənləşdirilməsi prinsipini tanıyırdı.


Sarkisyanın bildirdiyinə görə, referendumun keçirilməsi üçün heç bir vaxt məhdudiyyəti qoyulmamışdı.


O deyib ki, “Lavrov planına” görə, Azərbaycana 5 rayon qaytarılmalı idi, amma qalan iki rayonun – Laçın və Kəlbəcərin qaytarılması Dağlıq Qarabağda referendumun keçirilməsi ilə sıx bağlanırdı.


Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan onu da bildirib ki, özü bu sənədi imzalamağa hazır idi və baş nazir vəzifəsində bu planın həyata keçirilməsi üçün qalmaq istəyirdi:


“Mən bu sənədi gizli imzalamamalıydım...Mən demirəm ki, bu məsələ referenduma çıxarılacaqdı. Amma bu məsələ cəmiyyətdə geniş və qızğın müzakirə olunmalıydı. Mən əmin deyiləm ki, cəmiyyətin əksəriyyəti bu planı dəstəkləyəcəkdi. Əlbəttə, biz indi tarixin təkərini geriyə, 2018-ci ilə döndərə bilsəydik, düşünürəm ki, əhalinin 99 faizi ona tərəfdar olardı”.


Lakin hakim “Mənim addımım” fraksiyasından millət vəkili Ruben Rubinyan keçmiş prezidentin dediklərinin səmimiliyini dərhal şübhə altına alıb:


“Hər şeydən əvvəl Serj Sarkisyan hakimiyyətdə qalmaq istəyirdi. Əgər o bu sənədi imzalamaq istəyirdisə, bunu niyə 2018-ci ilin martında, fevralında, yanvarında etməyib? Bunu niyə 2017-ci ilin dekabrında, noyabrında, sentyabrında, avqustunda etməyib? Niyə qol çəkməyib? Çəkəydi də”.


Rubinyan deyib ki, Sarkisyan öz müsahibəsində Azərbaycana rayonların 5+2 düsuru ilə qaytarılmasına dair sənədi imzalamağa hazır olduğunu bildirib.


Onun sözlərinə görə, həmin sənəd Dağlıq Qarabağın statusunun müəyyən edilıməsini qeyri-müəyyən vaxta buraxırdı.


Deputat deyib ki, “bu, faktiki olaraq sülh əvəzinə ərazilər” formulu idi:


“Mən hesab edirəm ki, onun müsahibəsində ziddiyyət də var. O bir yerdə izah edir ki, mərhələli həllə heç vaxt razı olmayıb. Amma onun haqqında danışdığı variant məhz mərhələli paketdir. Çünki bu plana görə ərazilər qaytarılır, statusun qeyri-müəyyən forması isə qeyri-müəyyən müddətə saxlanılırdı”.

Sarkiyan 2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilabı” “anti-Qarabağ” hərəkatı adlandırıb.


Keçmiş prezident deyib ki, o, heç vaxt “bir qarış da vermərik” prinsipinin tərəfdarı olmayıb.


Serj Sarksiyanın müsahibəsi müxalifətdə də çaşqınlıq yaradıb.


“Maariflənmiş Ermənistan” parlament fraksiyasının lideri Edmon Marukyan sual edib ki, rayonlar Azərbaycana qaytarılacaqdısa, niyə oralara milyonlarla dollarlıq investisiyalar yatırılırdı?


Marukyan öz bəyanatında Azərbaycan rayonlarının ermənicə dəyişdirilmiş adlarından istifadə edib və Zəngilanı Kovsakan, Qibadlını Sanasar, Cəbaryılı Mexakavan adlandırıb.


Marukyan deyib ki, bu ərazilər Azərbaycana qaytarılacaqdısa, vətəndaşların vergiləri, diaspordan gələn ianələr niyə xərclənməliydi:


“Başqa sözlərlə biz o qədər varlıyıq ki, kiminçünsə şəhər və kəndlər salırıq? Kaşataq (Laçın – red.) və Karvaçar (Kəlbəcər – red.) rayonlarında biznes üçün yüz milyonlarla dollarlıq kreditlər ayrılıb. Əgər bu rayonlar onsuz da Azərbaycana veriləcəkdisə, onlar üçün dövlət qarantiyalı nəhəng kreditlər niyə götürülürdü? Əgər paralel olaraq rayonların 5+2 formulu üzrə verilməsi barədə danışıqlar gedirdisə, bu xərclər nəyə lazım idi?”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!