Modern.az

Sərhəddə gərginlik: Azərbaycanın anti-terror əməliyyatına zəmin yaranıb... - TƏHLİL

Sərhəddə gərginlik: Azərbaycanın anti-terror əməliyyatına zəmin yaranıb... - TƏHLİL

26 May 2021, 17:10

Sərhəddə baş verənlərin həm də informasiya tərəfi var. Ermənistan Azərbaycanı “hücum edən” tərəf kimi göstərməyə çalışır. Bu gün Müdafiə Nazirliyinin Kəlbəcər və Gədəbəy, o cümlədən, Şuşa istiqamətində təxribatın törədilməsi haqda informasiyası İrəvanın təbliğatına cavab oldu.


Ermənistanı narahat edən Şuşa detalıdır. Şuşada ordumuzun mövqelərinə açılan atəş Azərbaycanın anti-terror əməliyyatına zəmin yaradır. Hadisələrin inkişafı da bu fikri gücləndirir


- 16-20 may tarixlərində anti-terror təlimləri keçirildi;


- Həmin ərəfədə orduya anti-terror əməliyyatına hazırlıqla bağlı tapşırıq verildi;


- Təlimlər başa çatan kimi Azərbaycan və Türkiyə birgə anti-terror əməliyyatının öyrənilməsi təlimini keçirdilər.


Bu, ordunun yeni əməliyyata başlaması üçün hazırlığın başa çatdığı deməkdir. Və Şuşa istiqamətində atəşin açılması buna zəmin hazırladı.


İndi Ermənistan tərəfi israrla bunu təkzib edir və Azərbaycana növbəti dəfə “sərhəddən çəkilməsəniz, güc tətbiq ediləcək” xəbərdarlığı ünvanlayır. “Güc tətbiqi” sözləri Ermənistanın daxili auditoriyasına hesablanıb, ermənilərin hərbçilərimizə qarşı davranışları ilə bağlı köhnə videonun yenidən gündəmə gətirilməsinin də hədəfi erməni cəmiyyətinə “güclü görünmək” gedişidir.


Proseslər Ermənistandakı seçkilərə qədər (20 iyun) iki ssenarinin olacağı ehtimalını önə çıxarır:


- Ermənistan sərhəd məsələsi üzərindən gərginliyi artırmağa davam edəcək: növbəti təxribatlara hazır olmalıyıq;


- Azərbaycan Qarabağda növbəti anti-terror əməliyyatı keçirə bilər.


Qarabağda növbəti əməliyyatın keçirilməsi seçkidə Paşinyanın əlini Rusiyanın dəstəklədiyi qüvvələr qarşısında zəiflədəcək. Sual yaranır: Bakı buna niyə gedə bilər?

1. Paşinyanın seçkidə qalib gəlməsindən sonra razılaşmaların icrasını uzatması riski var. 2018-ci il Düşənbə danışıqları Nikolun yalan potensialının böyük olduğunu göstərdi. İndi bölgədə üçüncü ölkələrin maraqlarının genişlənməsi onun manevr imkanlarını da artırır. Bakı 2018-ci il ssenarisinin təkrarlanmasına imkan vermək istəmir.

2. Ortada Rusiyanın Ermənistanda əlini gücləndirəcək müəyyən anlaşmaların da olması ehtimalı var və bunu Ermənistandakı seçkinin nəticələri göstərəcək. Lakin bu, Paşinyanın hakimiyyətdən getməsinə yox, oppenentlərinin parlamentdə düşə bilməsinə hesablanıb.


Azərbaycan üçün əsas olan maraqlarının təmin edilməsidir.


Asif Nərimanlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?