Modern.az

Rusiyanın “altılıq formatı”na qarşı ABŞ-ın “üçlü formatı” - Azərbaycana hansı məqbuldu?

Rusiyanın “altılıq formatı”na qarşı ABŞ-ın “üçlü formatı” - Azərbaycana hansı məqbuldu?

18 Oktyabr 2021, 17:28

Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austin gürcü həmkarı Cuanşer Burçuladze ilə birgə mətbuat konfransında çıxışı zamanı “altılıq platforması”nın yaradılmasına münasibət bildirərkən deyib ki, “yaxşı olardı ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin”. Pentaqon rəhbəri bildirib ki, hər şeydən öncə Cənubi Qafqaz ölkələri regional əməkdaşlığı gücləndirməlidir.


Beləliklə, ABŞ rəsmilərindən kimsə ilk dəfə Cənubi Qafqaz üçün nəzərdə tutulan “altılıq formatı” təklifinə münasibət bildirib.

Modern.az-ın məlumatına görə, məsələni şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Vaşinqton Pentaqon rəhbərinin dili ilə bildirir ki, “altılıq formatının” əleyhinədir:

“Bu da səbəbsiz deyil. ABŞ bu formatın 3 ölkəsinə - Rusiya, İran və Türkiyəyə qarşı müxtəlif sanksiyalar həyata keçirir. Yəni Vaşinqtonun “altılıq formatının” yarısı ilə münasibətləri gərgindir. Odur ki, Vaşinqton ikinci varianta üstünlük verir, yəni Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq güclənməlidir.

Azərbaycan üçün hər iki variantdan hər hansı biri də məqbuldur. Həqiqətən İranla münasibətlərin gərginləşməsi fonunda “altılıq formatının” işlək olacağını söyləmək çətindir. Digər tərəfdən,  Gürcüstanın özü də Rusiya ilə diplomatik münasibətlərinin olmaması səbəbindən “altılıq formatına” şübhəylə yanaşır. Tiflis Vaşinqtonun dəstək verdiyi “üçlü formata” – Gürcüstan, Azərbaycan və Ermənistan arasındakı əməkdaşlığa əhəmiyyət verir. Biz etiraz etmirik, o olmasın, bu olsun. Ancaq istənilən formatın işlək olması üçün dövlətlər qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanımalıdırlar. Əgər Gürcüstan və ya ABŞ Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh sazişi imzalamağa razı salacaqsa, biz “üçlü formata” da qatılmağa hazırıq”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır