Modern.az

Müdafiə nazirini dəyişən Paşinyana daha general lazım deyil - ŞƏRH

Müdafiə nazirini dəyişən Paşinyana daha general lazım deyil - ŞƏRH

15 Noyabr 2021, 15:26

“Baş nazir Nikol Paşinyanın müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad etməsinin səbəbi Azərbaycan hərbçilərinin Ermənistanla sərhəddə qazandıqları üstünlüklə bağlıdır. Azərbaycan sərhədçiləri qışa qədər strateji mövqelərdə möhkəmlənməkdə davam edirlər”.



Modern.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanda yeni müdafiə nazirinin (Suren Papikyan) təyinatına münasibət bildirərkən deyib.



Siyasi şərhçinin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi əvvəlcə bu növ xəbərləri təkzib etməyə çalışır, ancaq internetdə yayımlanan görüntülər real durumu əks etdirdiyinə görə bundan sonra nazirlikdən etiraf dolu açıqlmalar gəlir.



“Nikol Paşinyan da elə buna görə Arşak Karapetyanı istefaya göndərdi ki, o nə sərhədi qoruya bildi, nə də reallığı əks etdirən açıqlamalar verdi.

 

Paşinyan anlayır ki, erməni ictimaiyyətini aldatmaqla problem həll olunmayacaq. Ancaq Paşinyanın Arşak Karapetyanın yerinə müdafiə naziri postuna Suren Papikyanı təyin etməsi Ermənistan üçün problemin həllini yaxınlaşdırmayacaq. Suren Papikyan Paşinyanın inandığı bürokrat olsa da, Müdafiə Nazirliyi sistemində yaddır. Görünür, Paşinyana müdafiə sistemində artıq generallar yox, gənc menecerlər lazımdır. Bu, Paşinyanın Ermənistan ordusunda yeni eksperimentidir və şübhəsiz Qarabağ klanının simasında radikal müxalifətin növbəti mitinqi üçün əsas yaradacaq”.

 


Ekspert deyib ki, Azərbaycan tərəfi öz işini davam etdirməlidir:

 

“Sərhədin strateji yüksəkliklərində nəzarətimizi gücləndirməli, o cümlədən sərhədin tərkib hissəsi olan Laçın dəhlizinin nəzarətə götürülməsinə addım-addım yaxınlaşmalıyıq. Ermənistan Zəngəzur dəhlizinin açılmasının yubadılmasının hesabını bu şəkildə ödəməlidir. Ancaq evin içində də tədbirlərimizi gücləndirməli, Qarabağ separatçıları ətrafında çəmbəri daraltmalıyıq. Azərbaycan hərbçilərinə qumbara atanlar və onları himayə edənlərin ödəyəcəyi hesab barədə də düşünməliyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı