Modern.az

48 yaşı tamam olan Azər Zeynalov: “Həmişə haqqın tərəfində olmuşam” - MÜSAHİBƏ

48 yaşı tamam olan Azər Zeynalov: “Həmişə haqqın tərəfində olmuşam” - MÜSAHİBƏ

13 Dekabr 2012, 15:12

Bu gün opera müğənnisi, Azərbaycanın və Dağıstanın xalq artisti, İncəsənət Universitetinin professoru Azər Zeynalovun 48 yaşı tamam olub. Modern.az xalq artistini təbrik edir və onun 48 illə bağlı ovqatını oxucularla bölüşür.

Doğum gününüz mübarək! Deyəsən, bu günü yenə də iş başında keçirirsiniz?

– Ay çox sağ olun. Hələ ki, çəkilişdəyəm, sonra baxaq görək necə olur .

– Deyirlər, kişinin yaşı onun var dövlətidir...

– Elədir, il üstünə il gəldikcə, insanın təcrübəsi də artır, həyata baxışı da dəyişir.

– 4 övladınızdan hansının təbriki və hədiyyəsi sizin diqqətinizi xüsusilə çəkib?

– Vallah elə hamısı mənim üçün bərabərdir. Övladlarım da, tələbələrim də mənim üçün Azərbaycanın bir oğludur və hər birinin təbriki mənim üçün əzizdir .

– Bəs ən yadda qalan doğum gününüz neçə yaşda olub?

– Bugünkü (gülür). İlk təbriki ailəm etdi. Heç bir hədiyyə gözləmirəm, onların yanımda olması, ailə üzvlərimin sağlam və gümrah olması ən böyük hədiyyədir.

Həyatınızın hansı bir yaş dövrü xüsusilə yadınızda qalıb ki, onun özəl bir xatirəsi var?

– Hərəsinin özünə layiq maraqlı bir cəhəti olub. Doğrusu, onları yadımda saxlaya bilməmişəm. Yadımda o qalıb ki, bütün doğum günlərimi xoş duyğularla keçirtmişəm.

– Hər il bir heyvanın üzərində təhvil olur və düşər-düşməzi olur. Siz necə, bunu sınamısınızmı? 

– Mənim inancım var. Çünki ötən il “Əjdaha ili” idi. Mən “Əjdaha ili”ndə müəyyən işlər həyata keçirtdim ki, bu da təhsillə bağlı idi. Məsələn, “Vokal ifaçılığı” adlı dərslik yazdım. Bu dərsliyin önəmi ondadır ki, hələ Azərbaycanda bu günə qədər vokal ifaçılığı dərsliyi olmamışdı. Bu xoşbəxtlik mənim qismətimə düşdü və mən onu həvəslə həyata keçirdim. Bax bunu həyatımda böyük bir hadisə kimi qiymətləndirirəm. 

48 ili vərəqləyəndə ən çox nəyə təəssüf edirsiniz ki, kaş ki olmayaydı...

– Əlbəttə, insanın həyatında xoş anlar da, təəssüf etdiyi məqamlar da olur. Amma bunların hamısı məktəbidir. Təəssüflərdən də, xoş günlərdən də həyatımın dərsi kimi bəhrələnirəm.
Mənə elə gəlir ki, hər bir insanın həyatında faciə və komiklik, dramatizm var. Sadəcə bunlar hamıya bərabər bölünüb. Belə hesab edirəm ki, hər bir insanın eyni bərabərdə sevinci var, eyni bərabərdə qəmi. Daha yaxşı olardı ki, tale insana birdən-birə sevinc bəxş etməsin. Çünki bunun faciəli də sonu ola bilər. Qoy hər zaman bir az sevinc, bir az kədər olsun, bunun qorxusu yoxdur.

– “Gəncədən gəlirəm” adlı klipinizdə yol boyu fərqli xanımlara sevgi etirafı etmisiniz, bəs həyatda necə, neçə xanıma etiraf etmisiniz?

– Sevgi etiraflarım səhnədə, çəkiliş meydançalarında olub. Belə etirafların sayı-hesabı yoxdur. Çünki mənim operada da rollarım çoxdur, səhnədə musiqi nömrələri var ki, orada sevgi etirafı etmədən olmur. Təbii ki, sevgi mahnılarından söhbət gedir. Həyatda ilk sevgiyə gəlincə isə, elə düşünürəm ki, doğurdanda ilk sevgini unutmaq olmaz.

48 yaşın içərisində taleyinizdə hacı olmaq da varmış...

– Bu hər bir müsəlmana vacib olan ziyarətdir. Quranda yazılan və insana lazım olan bütün keyfiyyətləri Qurandan xəbər tutmamışdan öncə bilirdim və həyata keçirirdim. Haqqa və ədalətə tərəf, zülmə qarşı çıxmaq – bunu etmişəm, həmişə də edəcəyəm. Allahın yaratdığı bəndələrə gərək xoş münasibət ilə yanaşasan, çatışmayan cəhətləri də deyəsən, başa salasan.

– Bu gün aynaya baxarkən özünüzdə nəsə dəyişiklik hiss etdinizmi?

– Elə bir dəyişiklik hiss etmirəm ki, təəccüblənim. Hələ ki qocalmaq təhlükəm yoxdur.  

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı