Modern.az

Braziliya komandasının azarkeşi və İtaliya kostyumunu sevən ELÇİBƏY – MÜSAHİBƏ

Braziliya komandasının azarkeşi və İtaliya kostyumunu sevən ELÇİBƏY – MÜSAHİBƏ

24 İyun 2014, 10:46


Elçibəyin mindiyi  atı onu öldürmək üçün göndərmişdilər 

Bu gün Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin doğum günüdür. Modern.az saytı vaxtilə onun köməkçisi olmuş Oqtay Qasımovla Əbülfəz Elçibəy barədə müsahibə götürüb. 

-Oqtay müəllim, Əbülfəz bəylə ilk tanışlığınız necə olub?

Bizim ilk tanışlığımız 1987-ci ilin oktyabr ayında olub. Bizim  Becan Fərzəliyev adlı müəllimimiz var idi. İndi Türkiyədə yaşayır. İstilik texnikasından bizə dərs keçirdi. Bilirdim ki, gizli təşkilatlarda fəaliyyəti olan adamdır. Bizimlə də bu barədə söhbətlər edərdi. Reaksiyaları da bilirdi. Ona görə də gözaltı etdiyi uşaqlar arasında mən də var idim. Bir dəfə dedi ki, “sizi bir toplantıya götürəcəm”. Elə həmin vaxt Əbülfəz bəylə tanış olduq. Əülfəz bəy haqqında eşitsəm də tanış deyildik. Ondan sonrakı dövrdə bizim institutun qabağına gələrdi. İnstitutun yanında göbələyə bənzər çayxana var idi.  Orda   müəllimlərlə çay da içərdi.

-Maraqlıdır, prezidentlə köməkçi arasında olan söhbət nədən ibarət olurdu?

-Daha çox siyasi məsələləri müzakirə edirdik.

-Amma, prezident köməkçi arasında olan söhbəti köməkçilər həmişə sirr olaraq qoruyub  saxlayırlar. Bu yorucu olmur?

-Elə də olmalıdır. Çünki iki nəfərin arasında müzakirə olunan söhbətlər cəmiyyət üçün nəzərdə tutulmayıbsa cəmiyyətə açıqlanmır. Açıqlansa belə yanlış olar.

-Əbülfəz Elçibəyin prezidentliyi dövründə  xüsusi iş prinsipi necə idi? Prezident aparatında hansı dəyişiklikləri etmişdi?

-Əslində, dəyişiklik prezident aparatında oldu. Prezidentin idarəedici icra strukturu da prezident aparatı idi. Orda əsasən dövlət müşavirləri institutu idi. Əvvəlki dövrdən qalma bir neçə nəfər öz vəzifəsində saxlanıldı. Biri Vəfa Quluzadə idi, digəri siə Vahid Axundov idi. Vahid Axundov son dövrün proqressiv iqtisadçıları qrupuna aid edildiyinə görə Ayaz Mütəllibov onu prezident aparatına dəvət etmişdi. Əbülfəz bəy də onu saxladı. Vəfa Quluzadə proqressiv bir məmur idi. Əbülfəz bəylə onların münasibətləri tələbəlik illərinə təsadüf edirdi. Yəni, o zamandan onların münasibəti çox yaxın idi. Təbii ki, digər bir neçə müşavir dəyişdirildi. Bu, ərazi idarəetmə orqanları üzrə və hüquq sahəsi üzrə  müşaviri idi.


-Prezident köməkçisi olduğunuza görə prezidentin qəbuluna düşmək istəyənlər çox idimi?

-Birinci şəxsin qəbuluna düşmək arzusunda olmaq istəyən xeyli adamlar olub. Bu sadə vətəndaşdan tutmuş dövlət məmuruna kimi belə idi.

-Konkret kimlərisə  xatırlayırsınız?

-Qəbula düşmək istəyən və düşən  çox adam olub.

-Sənət adamları həmişə dövlət strukturuna yaxın olmaq istəyilər. O zaman necə idi? Məsələn, SSRİ xalq artisti Zeynəb Xanlarova və digərləri  Əbülfəz Elçibəyin qəbuluna gəlirdilərmi?

-Əlbəttə gəlirdilər. Zeynəb Xanlarova dəfələrlə Əbülfəz bəyin qəbulunda olub. Rəhmətlik Nəsibə Zeynalova da, digərləri də. Onun da, Zeynəb Xanlarovanın da problemlərini həll etmişik. Dünya şöhrətli bəstəkarımız Arif Məlikov, mərhum şairimiz Bəxtiyar Vahabzadə dəfələrlə prezidentin görüşündə olub. Azərbaycanın mütərəqqi ziyalıları, mədəniyyət xadimləri ilə Əbülfəz bəyin həmişə yaxın münasibəti olub. Onlara imkanı olan qədər qayğı göstərib, problemlərini həll etməyə çalışıb. İndi bəzən görürsən deyirlər ki, “o dövrdə Azərbaycanın mədəniyyət işçilərinə, ziyalılarına ögüy münasibət olub”. Bu, tamamilə yanlış fikirdir. AzTv-nin çox tanınmış bir diktoru var idi. Ad çəkməyəcəm. Çox hörmət etdiyimiz xanım idi. Onun həyat yoldaşı da uzun müddət televiziya işçisi olub. O boyda ailə 2 otaqlı evdə yaşayırdı. Əbülfəz bəy Bakı şəhər icra hakimiyyətinin keçmş başçısı. Mərhum Rauf Gülməmmədova göstəriş verdi ki, onlar evlə təmin olunsun. Əgər dövlətin imkanı varsa, kömək etmək lazımdırsa o mütləq olur. 

-Əbülfəz bəy həm də islam dinini çox gözəl bilirdi. Bəs özü müqəddəs məkanlara, məscidlərə gedirdimi?

-Düz deyirsiniz, Əbülfəz bəy dini çox gözəl bilirdi.  Bundan başqa o ərəb dilini, o cümlədən qədim ərəb dilini mükəməl bilirdi. Sizə maraqlı bir detal deyim: Vasif Məmmədəliyevin, Ziya Bünyadovun rəhbərliyi ilə çap olunmuş “Qurani –Kərim”in tərcüməsində Əbülfəz Elçibəy də iştirak edib.   Deyərdim ki, Azərbaycanda Quranı, dini mükəmməl bilən alimlərdən biri idi. Ramazan ayında oruc tutub namaz qılırdı. Tarixi əhəmiyyət kəsb edən yerlərə gedib ziyarət də edirdi. Əsasən Türkiyədəki “Sultan Əhməd” cameəsində, “Hacı Təpə”də  olub. Prezident olduğu müddətdə “Təzə Pir” məscidində olub.

-Bəs istirahətini necə tənzimləyirdi? Xüsusi olaraq istirahətə yollandığı ölkə vardımı?

-Mən 8 il mərhum eks-prezidentin yanında oldum. Amma Əbülfəz bəyin dincəldiyini görmədim. Prezident olanda müharibə gedirdi və dincəlmək sözünü hamı yadından çıxarmışdı. Bazar günü də işləyirdi. Həm də o dövrdə istirahət etmək bugünkü kimi insanların həyat tərzinə çevrilməmişdi.

-Əbülfəz bəy ad gününü necə qeyd edirdi?

-Əbülfəz bəy, xüsusi ad günlərinin keçirilməsinin tərəfdarı olmayıb. Bəyin yaddaqalan doğum günü 61 yaşında “Avand” restoranında baş tutub. Deməli, həmin gün tədbir təşkil olunub və Əbülfəz bəyə bildirilib ki, “belə bir tədbir planlaşdırılır”. Təbii ki, razılıq verməmişdi. Amma sonradan Əbülfəz bəy bu tədbirin keçirilməsinə razılıq verdi. Sən demə doğum günü keçirməsinə razılıq verməsinin məqsədi var imiş. Rəhmərlik Nəcəf Nəcəfovun da həmin gün doğum günü imiş. Əbülfəz bəyin doğum günü keçirməyə razılıq verməsi sırf bununla bağlı imiş. Əksəriyyətimiz bilmirdik ki həmin gün Nəcəf bəyin də doğum günüdür. Bizim üçün də sürpriz olmuşdu.


-Hədiyyə ilə arası necə idi? Hədiyyə almağı, verməyi sevirdimi?

-Elçibəy doğum günlərində hədiyyə qəbul etməyi çox da sevmirdi. Təbii ki, ona təqdim edilən hədiyyələri yaxın dostlarından, sıx münasibətdə olduğu dostlarından qəbul edərdi. Hədiyyələr əsasən simvolik səciyyə daşıyırdı. Elçibəyə bağışlanan hədiyyələr sırasında  qol saatları, qalstuklar, kitablar  olardı. Hətta, həmin saatlardan istifadə edib. Təbii ki, getdiyi yerə hədiyyə aparardı. Məsələn, mənim qolumdakı saatı da o, mənə hədiyyə edib.

-Qeyri-rəsmi görüşlərdə qısa müddətli olsa da siyasətdən kənar söhbətlər edirdmi?

-O kimləsə  oturub çay içəndə, yemək yeyəndə  belə yəni qeyri-rəsmi şəraitdə də fikir mübadiləsi aparırdı. Xüsusi günlərdə masa ətrafında əyləşib vaxt keçirmək məqsədini heç vaxt qarşıya qoymayıb.

-Bəs xoşlamadığı şəxslər var idimi? Ümimiyyətlə, prezidentliyi dövründə protokol qaydalarına nə dərəcədə riyayət edirdi?

-Əbülfəz bəyin görmək istəmədiyi insanlar var idi. Çünki o həmin insanın ona olan münasibətini bilirdi. Protokola gəlincə, tutalım, bir müxbirə yarım saat kifayət idi. Bəzən tanıdığımız insanlar onunla görüşəndə sui-istifadə hallarına yol verirdilər. Prezident olmuş, bir hərəkat, partiya lideri bütün günü oturub hansısa qəzetçilərlə vacib məsələləri kənar qoyub ikinci dərəcəli şeyləri müzakirə edə bilməzdi. Biz də hansısa qəzetçinin məqsədindən agah olduğumuza görə ona uyğun hərəkət edirdik.

Bəy belə hesab edirdi ki, protokola uymaq lazımdır, amma protokola çox da diqqət etmək lazım deyil. Çünki müəyyən qədər məhdudiyyət yaranır. Ona görə də biz ikisinin arasında elə bir ortanı tapmağa çalışırdıq ki, həm protokola əməl olunsun, həm də qapalı dairə yaranmasın. İkisini bir arada tutmaq çətin olsa da buna səy göstərirdik.

-Siyasətçilərin məşğul olduqları maraqlı xobbi mütləq var. Kimi ya hansısa musiqi alətində gözəl çalır, kimi yaxşı futbol oynayır, kimi də gözəl rəqs edə bilir. Maraqlıdır, Əbülfəz bəyin xüsusi maraq göstərdiyi nəsə var idimi?

-Əbülfəz bəy gecə saatlarına qədər mütaliə edərdi. Bu, gündəlik vərdiş idi. Əsasən fundamental kitablar-tarixə, sosiologiyaya  dair oxuyurdu. Əbülfəz bəyin heyvanlar içərisində ən çox sevdiyi at idi. Atlara xüsusi həvəs göstərirdi. At minməyə həvəsli idi. Prezident olduğu dövrdə Əbülfəz bəyin bir atı var idi. Lakin müəyyən müddətdən sonra bəlli oldu ki, həmin atda problem var. At qəsd məqsədilə verilmişdi. Biz bunu müəyyən edə bildik.  Etibarlı mənbədən Əbülfəz bəyə bildirildi ki, onun əyləşdiyi at təhlükəlidir və məqsəd prezidentə sui-qəsd planıdır.

Araşdırıldıqdan sonra məlumatın doğru olduğu ortaya çıxdı. Misirdə olduğu dövrlərdə at belində çoxlu şəkilləri var idi. Ata meylli biri idi.

-Bəs futbola marağı necə idi?

Əbülfəz bəyin futbola xüsusi marağı vardı. Ən gözəl oyunlara azarkeşlik edirdi. Brazliliyanın azarkeşi idi. Onunla bir yerdə Kələkidə 1994-cü il dünya çempinatını izləmişik. Yadıma gəlir, final oyununda Fazil Mustafa İtaliyaya, Əbülfəz bəy isə Braziliyaya azarkeşlik edirdi.

-Hansı musiqilərə, mahnıları dinləyirdi? Sevdiyi müğənnilər var idimi?

-Əbülfəz bəyin musiqi duyumu da çox yüksək idi. Bizimlə danışanda müsiqini, onun incəliklərini çox gözəl təhlil edirdi. Elə musiqiçi adını deyirdi ki təəccüb edirdim.  Şəmistan Əlizamanlını da, Alim Qasımovu da, Flora Kərimovanı, Akif İslamzadəni,Yalçın Rzazadəni dinləyirdi. Akif İslamzadə ilə Əbülfəz bəy 40 ilə yaxın dost olublar. 1970-ci illərdən bu dostluq olub. Həm də ailəvi dostluqları olub.

-Yeməklə arası necə idi? Sevdiyi təamları var idi?

-Elə xüsusi bir menyu həvəskarı deyildi. Yaxşı, dadlı yemək olanda yeyirdi. “Bu yemək xoşuma gəlir, bu gəlmir gəlmir” söhbəti olmayıb. Kələkidə olanda biz lobya supunu içirdi. Plovu da yeyirdi. Sizə deyim ki, Əbülfəz bəy gün ərzində bir dəfə yemək yeyirdi.

-Bir dəfə?

-Bəli. O gün ərzində cəmi bir dəfə yemək yeyirdi. Çox nadir hallarda iki dəfə yemək yediyini görmüşəm.

-Əbülfəz bəyin həmişə şıq geyinməsi diqqəti çəkirdi. Paltar seçimində diqqət verdiyi brend var idi?

-Əbülfəz bəy gəncliyindən şık geyinməyi sevən adam olub. Bir kostyumu uzun müddət geyinə bilərdi. Amma maraq göstərdiyi xüsusi brend yox idi. Əsasən Türkiyə və İtaliya istehsalı olan kostyumlar geyməyi xoşlayardı. Sevdiyi rəng göy rəng idi. Son ilərində isə belə məsləhət görüldü ki, bu rəngi başqa rənglə əvəz etmək lazımdır. Çünki açıq rənglərə üstünlük verməyə başladı.


-Maraqlıdır, Əbülfəz bəy ailədə necə insan idi? Məişət məsələlərinə necə vaxt tapırdı? Övladları ilə söhbətləri olurdumu?

-Əbülfəz bəyin ailədəki  məişət məsələsi ilə qardaşı, qardaşı uşaqları məşğul olurdu. Uşaqları həmin dövrdə kiçik idi. Qızı Çilənay bir az böyük olduğundan onunla oturub söhbət etmək imkanı olurdu. Ərturqut isə balaca idi. Onu da deyim ki, Bəy ailə məsələlərində bir az mühafizəkar idi. Bunu həmişə etiraf edirdi. Əsasən milli, mənəvi, əxlaqi məsələlərdə çox mühafizəkar adam olub. Amma elmə,  yeniliklərə isə çox açıq adam idi. 

-Əbülfəz bəyin çox ürəyi yumşaq adam olduğu da vurğulanır.

-Əbülfəz bəy insanlara münasibətdə ürəyiyumşaq idi, amma ideyalarına qarşı heç də güzəştli, ürəyiyumşaq insan deyildi. O, -dövlət idarəçiliyi, dövlət maraqları məsələsində kifayət qədər sərt adam olub. Həmişə prinsipial mövqe nümayiş elətdirib. Elçibəy həmişə deyirdi ki, “bu xalq onsuz da 200 il rus əsarəti atında olub və əzilib. Biz də gəlib bu xalqı ayağa qaldırmalıyıq. Cəmiyyət dik durmalıdır” O heç vaxt xalqı əzmək yolunu tutan adam olmayıb.

-Əbülfəz bəyə qarşı təşkil olunan sui-qəsddən danışdıq. Başqa sui-qəsd halları ilə qarşılaşıbmı?

-Əlbəttə olub. Gəncə-Tərtər istiqamətində prezident kortejinin qarşısına mərmilər yüklənmiş maşının çıxması  nəticəsində mühafizə xidmətinin rəisi və sürücüsü yaralanmışdı. Bu hadisə 1992-ci ilin avqust ayında baş vermişdi. Naxçıvanda olduğumuz müddətdə də belə sui-qəsd halları olub. Hətta Kələkidə olanda həmin adam etiraf etdi ki, onun qarşısında qoyulan məsələ Əbülfəz bəyə qarşı sui-qəsd etməli idi. 

-Maraqlıdır, onun dost çevrəsi neçə təşkil olunmuşdu?

-Əbülfəz bəyin geniş dost çevrəsi var idi. Dostluq məsələsinə tam ideal məsələ kimi baxırdı. Dost dediyi insanı bir bütün yarısı hesab edirdi. Əbülfəz bəy hər zaman bir neçə dostunun adını çəkib “bunlar mənim dostlarımdır” deyirdi. Onun ən yaxın dostları nə tanınmış insanlar idi, nə siyasətdə iddiası olan insanlar idi. Siyasətdə isə silahdaşları, əqidə yoldaşları var idi.

-Xaraktercə nədənsə gileylənən olubmu?

-Xaraktercə gileylənən insan olmayıb. Azərbaycan torpaqları işğal olunandan sonra sıxıldığı məqamlar çox olurdu. Bu məsələ ilə bağlı cəmiyyətdən gizli saxladadığı hansısa fikirlər olmayıb. O həmişə açıq şəkildə deyirdi ki, “Azərbaycan torpaqlarını işğal edən Ermənistan deyil, Rusiyadır”. Bugünkü Ukraynada baş verənlər Elçibəyin 20 il bundan qabaq dediyi fikirlərin doğru olduğunu ortaya qoyur. Sadəcə, Azərbaycan siyasi mühitində xeyli siyasətçilər o fikri nə o zaman ,nə də bu gün cəsarətli şəkildə dilə gətirməyiblər.


 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı