Modern.az

Azərbaycan parlamenti necə buraxılacaq...

Azərbaycan parlamenti necə buraxılacaq...

Parlament

21 İyun 2024, 12:32

Azərbaycan növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması üçün Prezindent İlham Əliyevə müraciət edib.

 

"Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Milli Məclisin qərar layihəsi hazırlanıb.

 

Qərar layihəsində deyilir:

 

“Milli Məclisdə çoxluq təşkil edən YAP üzvləri parlament sədrinə müraciət edərək, həm parlament seçkilərinin, həm də mötəbər beynəlxalq tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün müraciət edib. YAP-ın müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib. Parlament seçkilərinin qanunvericiliyə uyğun keçirilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir”.

 

Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin.

 

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 

Beləliklə, ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək Bəs proses necə həyata keçiriləcək?

 

Modern.az xatırladır ki, Azərbaycanda bundan əvvəlki parlament seçkiləri də növbədənkənar formada təşkil edilib.

 

Qeyd edək ki, 2020-ci ilin fevralın 9-da müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləri keçirilib.

 

Mövcud konstitusiyaya görə, parlament eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyanın müvafiq maddələrdində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti parlamenti buraxır.

 

2019-cu ilin dekabr ayında Milli Məclisin 99 deputatı prezidentə müraciət edərək növbədənkənar parlament seçkilərinin təyin edilməsini istəyib. Müraciətdə bildirilirdi ki, Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatların daha da sürətləndirilməsi üçün Milli Məclisin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur.

 

Müraciətdə o da qeyd olunurdu ki, parlament ölkədə həyata keçirilən islahatların genişləndirilməsi və dərinləşdirilməsi prosesindən kənarda qalmamalıdır. Deputatların mütləq əksəriyyəti belə vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəlmiş və növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bildirib.

 

Daha sonra Konstitusiya Məhkəməsi deputatların sözügedən müraciətinin konstitusiyaya uyğun olduğunu bildirib. Bundan sonra Prezident İlham Əliyev Milli Məclisin buraxılması və 2020 - ci il fevralın 9-na növbədənkənar seçkilərin təyin edilməsi barədə sərəncam imzalayıb.

 

Beləliklə, bu il də oxşar prosedurların həyata keçiriləcəyi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təbrizdə ifa olunan Azərbaycan mahnısı İranı silkələdi