NATO-nun Ankarada keçirilən son sammiti təkcə Alyansın təhlükəsizlik gündəliyini müəyyənləşdirən mühüm platforma kimi deyil, həm də Türkiyənin qlobal siyasətdə artan nüfuzunun nümayişi baxımından diqqət çəkdi. Sammitin yekunları Ankara diplomatiyasının beynəlxalq mövqeyini daha da gücləndirərkən, bunun Azərbaycan üçün yaratdığı siyasi, hərbi və geostrateji üstünlüklər də müzakirə mövzusuna çevrilib.
Modern.az-a açıqlamasında Milli Məclisin NATO Parlament Assambleyası ilə əməkdaşlıq qrupunun üzvü Kamran Bayramov bildirib ki, NATO-nun Ankara sammiti həm Şimali Atlantika Alyansının gələcək xətti, həm də Türkiyənin beynəlxalq arenadakı çəkisinin nümayişi baxımından tarixi bir mərhələ oldu. Bu sammit rəsmi Ankaranın təkcə regional oyunçu deyil, qlobal təhlükəsizlik sistemini formalaşdıran həlledici güc mərkəzi olduğunu növbəti dəfə təsdiqləyib:
"Sammitin məhz Türkiyədə keçirilməsi NATO daxilində Ankaranın strateji əhəmiyyətinə verilən ali qiymətdir. Alyansın ikinci ən böyük ordusuna sahib olan Türkiyə, Şərqlə Qərb arasında sadəcə coğrafi deyil, həm də siyasi və hərbi qovşaq rolunu oynayır. Xüsusilə Qara dəniz hövzəsi, Yaxın Şərq və Cənubi Qafqazda cərəyan edən proseslər fonunda Ankaranın ev sahibliyi kollektiv müdafiə sistemində Türkiyənin əvəzolunmazlığını bir daha nümayiş etdirdi. Ankara sammitinin ən mühüm nəticələrindən biri Türkiyənin "balanslaşdırıcı güc" və etibarlı vasitəçi imicini möhkəmləndirməsi oldu. Dünyada münaqişələrin kəskinləşdiyi bir dövrdə, Türkiyə NATO-nun sadiq müttəfiqi olmaqla yanaşı, eyni zamanda fərqli qütblərlə birbaşa dialoq qura bilən yeganə böyük aktor kimi ön plana çıxdı. Sammit çərçivəsində terrorizmlə mübarizə və sərhəd təhlükəsizliyi kimi Ankaranın milli maraqlarına uyğun mühüm prioritetlərin Alyansın gündəliyinə qətiyyətlə daxil edilməsi Türkiyə diplomatiyasının növbəti qələbəsidir".
K.Bayramov qeyd edib ki, bu sammit həm də Türk dünyası və regional sabitlik üçün strateji üstünlük deməkdir:
“Türkiyənin beynəlxalq nüfuzunun artması birbaşa olaraq Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqların, post-münaqişə dövründə sülhün qorunmasının və Şərq-Qərb nəqliyyat-enerji dəhlizlərinin təhlükəsizliyinin ən böyük təminatıdır. Bir sözlə, Ankara sammiti Türkiyənin qlobal güc olaraq beynəlxalq siyasətdəki liderlik statusunu tamamilə yeni bir səviyyəyə qaldırdı. Beynəlxalq münasibətlər sistemində bənzəri olmayan Azərbaycan-Türkiyə müttəfiqliyi hər iki dövlətin gücünü bir-birinə transfer etmək imkanı yaradır. Bu mənada, qardaş ölkənin qlobal masada, xüsusilə NATO daxilində və dünya siyasətində çəkisinin artması birbaşa olaraq Azərbaycanın milli maraqlarının müdafiəsi və regional mövqelərinin möhkəmlənməsi deməkdir. Ankaranın diplomatik və hərbi supergücə çevrilməsi Bakı üçün bir çox müstəvidə mühüm strateji üstünlüklər təmin edir”.
Deputat diqqətə çatdırıb ki, hər şeydən əvvəl, Türkiyənin artan qüdrəti Cənubi Qafqazda sülhün və sabitliyin sarsılmaz qarantıdır:
"Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşdırdığı yeni reallıqlar və Şuşa Bəyannaməsi ilə rəsmiləşən hərbi-siyasi müttəfiqlik fonunda, qardaş ölkənin gücü Bakıya qarşı yarana biləcək hər hansı xarici təzyiq cəhdlərinin qarşısında ən böyük çəkindirici faktordur. Türkiyə beynəlxalq arenada nə qədər söz sahibi olarsa, regionda revanşist qüvvələrin və onların kənar havadarlarının sabitliyi pozmaq planları bir o qədər əhəmiyyətsiz qalır. Bununla yanaşı, Türkiyənin nüfuzu Azərbaycanın beynəlxalq masalardakı "arxa cəbhəsi" rolunu oynayır. Bakının birbaşa təmsil olunmadığı qlobal platformalarda, o cümlədən NATO-nun ali rəhbərliyində və Qərb institutlarında rəsmi Ankara hər zaman Azərbaycanın səsi və hüquqlarının müdafiəçisi qismində çıxış edir. Türkiyənin bu təşkilatlarda qərarlara təsir etmək imkanının genişlənməsi, Azərbaycan əleyhinə yönələ biləcək qərəzli siyasi kampaniyaların hələ rüşeym qoyularkən qarşısının alınmasını təmin edir".
K.Bayramov onu da əlavə edib ki, Türkiyə Silahlı Qüvvələrinin dünyada ən döyüşkən ordulardan biri kimi qəbul edilməsi Azərbaycan Ordusunun müasirləşməsinə birbaşa töhfə verir:
"Birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsindəki ortaq layihələr və ordumuzun Türk modeli əsasında yenidən qurulması müdafiə qabiliyyətimizi maksimum səviyyəyə çatdırır. Qısası, rəsmi Bakı və Ankara qlobal arenada vahid bir güc mərkəzi kimi çıxış etdiyindən, Türkiyənin hər bir uğuru həm də Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda öz sözünü daha qətiyyətlə deməsi deməkdir".