Modern.az

Əməkdar artist Vəfa Rzayeva: “Yenidən ana olmağı çox istəyirəm...”

Əməkdar artist Vəfa Rzayeva: “Yenidən ana olmağı çox istəyirəm...”

3 Noyabr 2011, 17:32

Akademik Mili Dram Teatrının aktirisası, milli serialların çoxunda yaratdığı müxtəlif obrazlarla tamaşacı qarşısına çıxan Əməkdar artist Vəfa Rzayeva Modern.az saytına müsahibə verib.

- Vəfa xanım, yaxın günlərdə milli filmlərin, serialların çəkilməsi üçün televiziya kanallarının hər birinə 300 min manat vəsait ayrıldı.  Aktrisa olaraq bu sahədə gözləntiləriniz nələrdir?

- Təbii ki, bu məni çox sevindirir. Nəhayət ki, bizim də televiziyalar milli serialların, filmlərin çəkilişinə start verir. Bu həm də yeni aktyorların axtarışı, üzə çıxarılması deməkdir.

Bu dəqiqə inanın o qədər təkliflər alıram ki, bəzilərini geri çevirməyə məcbur oluram. Gələn təkliflərin hamısını qəbul etməyə fiziki gücüm çatmaz, çatsa belə, işimiz elədir ki, yalnız bir filmlə müqavilə bağlaya bilərik. Tam əminliklə deyə bilərəm ki, bu gün çəkilən serialların 90 faizinə dəvət alıram. Ətrafdan mənə söylənilənlər əsasında deyirəm ki, serialda çəkilmək məndə heç də pis alınmır, əgər pis alınsa, yəqin ki, dəvət etməzlər. Gördüyüm işlər göz qarşısındadır. Hamıya məlumdur ki, aktrisalığa başladığım ilk illərdən seriallara dəvət almışam. 

Digər tərəfdən, gələn təklifləri geri çevirəndə də üzülürəm. Amma bu sahədə canlanmanın olması məni hədsiz dərəcədə sevindirir. İnşallah, ölkəmiz bu sahədə uğur əldə edəcək və bunu hamı da görəcək.

- Türkiyə və Hollandiyanın birgə çəkdiyi “Trio” filminə dəvət almışdınız. Sonra maliyyə məsələlərinə görə filmin çəkilişlərinin geçikməsi haqqında məlumat verildi. Filmin aqibəti neçə oldu?

- Hələki gözləyirik. O filmə elə böyük büdcə ayrılıb ki, heç mən özüm də bilmirəm ki, onlar hansı hesabla bunu ediblər. Filmi çəkən şirkət hələki o vəsaiti əldə edə bilməyib, ona görə də çəkilişlər ləngiyir. Ancaq bu filmin bir neçə pilot çəkilişləri olmuşdu. Sizə deyim ki, pilot çəkilişlərə də heç az pul ayrılmamışdı. Yəqin ki, filmin çəkilməsi yenidən gündəmə gələcək. İnanmıram ki, pilot layihələrə ayrılan o qədər pulu şirkət batırsın. Eyni zamanda, bu yaxınlarda həmin şirkət mənə başqa bir filmdə oynamağı da təklif etmişdi. Və bunun hazırlıq işləri üçün Türkiyəyə getməli idim. Burada seriala çəkildiyim üçün onların təklifini qəbul edə bilmədim. Dedim ki, çəkilişlər başlayanda gələrəm. Film elədir ki,  4-5 gün çəkilir, sonra qurtatır. Serial isə xeyli müddət davam edir, daimi işdir. Ona görə də onların təkilfini qəbul etmədim.  

“Trio” filmin mövzusu iki mafiya qrupu və onlar arasında olan münasibətdən gedir. Burada mən mafiya başcısının qardaşı qızını oynayacam. Filmdə bu qızla digər mafiya qrupunun oğlu bir-birini görür bəyənir, aşiq olurlar. Ssenari belədir.

- “Qızlar” serialında çəkilməyin ürəyinizcə olmadığını demisiniz. Necə oldu ki, ürəyinizcə olmayan bir filmdə çəkildiniz?

- Belə bir söz dediyimi xatırlamıram. Ola bilər mən başqa mənada demişəm, jurnalistlər başqa mənada yazıblar. Belə hallarla zaman-zaman qarşılaşırıq. Görürsən ki, başqa söz deyirsən, amma başqa cür yazırlar. “Qızlar” serialı ilk iş olduğundan müəyyən problemlər var idi. Məsələn, mən saat 12-də gəlirdim, amma saat 5-də çəkilirdim. Bu məsələləri gördükdən sonra düşündüm ki, belə işləyə bilmərəm. Bu poblemlər də məndən qaynaqlanırdı. Qaldı ki,  məsələnin siz dediyiniz qisminə, yəni çəkilmək ürəyimcə olmayıb, yox, belə şey olmayıb. Mən özüm öz istəyimlə o filmdə rol almışam. Heç vaxt heç kimi məni istəmədiyim bir işə məcbur edə bilməz. İstəməsəydim o kontraktları imzalamazdım. Azərbaycanda bu sahədə boşluq var idi, sovet vaxtı filmlər çəkilsə də, sonra uzun illər fasilə yarandı. Uzun müddətdən sonra “Bakıfilm” studiyası “Qızlar”  serialını çəkdi. Dediyim kimi, serial sahəsində yeni olduğumuzdan müəyyən problemlər yaşanırdı, ən əsası təcrübəsiz idik....   

- Ümumiyyətlə son zamanlar çəkilən milli seriallara münasibət birmənalı deyil, sizin də fikirlərinizi bilmək maraqlı olardı...

- Bu təbiidir, normal qarşılayıram. Tənqidi fikirlər də olmalıdır. Biz hələ bu sahədə yeniyik. Bir də bir şey deyim sizə, biz bir az marka dalınca qaçan millətik, özümüzə qarşı qısqanclıqla yanaşırıq. Nəsə alanda daim qaçırıq ki, xarici ölkə istehsalı olsun. Amma dərinliyinə gedəndə görüsən ki, keyfiyyəti heç nədir, zaydır. Əvvəllər evə konserv məhsulları alanda çalışırdım ki, Rusiyanın va ya başqa ölkənin olsun. Amma sonra bir dəfə öz məhsulumuzu aldım, daddım. Dedim superdir. Bundan sonra hər zaman öz məhsulumuzu alıram. Bu münasibət eynilə filmlərimizə qarşı da eynidir. Bu işə yeni başladığımıza görə, problemlərin olması müsbət haldır. Uşaq birdən-birə qaçmağa başlamır ki?! Yavaş-yavaş gəzməyi öyrənir, tam öyrənənə qədər dəfələrlə yıxılır, özünü əzir və s.  İndi biz də istəyirik hər şeyi birdən-birə edək. Axı indiyə qədər Azərbaycanda serial ənənəsi, bazası olmayıb. 

Eyni zamanda çəkilən serialların ssenariləri ilə bağlı səslənən fikirlərə toxunmaq istəyirəm. Çoxu deyir, Türkiyədən götürülüb və ya kiminsə çəkdiyi filmə oxşayır. Amma əslində, elə Türkiyənin, Rusiyanın istehsal etdiyi filmlərə baxanda, dərinliyinə gedəndə, görürsən ki, onların ssenariləri də Fransadan, İngiltərədən bəhrələnib. Bunu normal qarşılamaq lazımdır.     

- “Aramızda qalsın”dan ayrılmağınıza səbəb nə oldu?

- Bunun xüsusi bir səbəbi yoxdur. Sadəcə olaraq mənim o filmlə müqaviləm bir sezon idi. Sağ olsun, rejissorlar da məni başa düşdü və bir sezondan sonra məni buraxdılar. İndi həmin şirkətin çəkdiyi başqa bir filmlə “Qaynana” filmi ilə müqaviləm var. Hazirda bu filmdə gəlin obrazını canlandırıram. Film ümumiyyətlə qaynana-gəlin münasibətlərinə həsr olunub. Qaynana rolunun ifacısı Akademik Milli Dram Teatrının aktrisası Sənubər İsgəndərlidir. Filmdə müəyyən konfiliktlər yaşasaq da, real həyatda münasibətlərimiz çox yaxşıdır. Biz burada bir ailə kimiyik, günümüzün çox hissəsini bir yerdə keçiririk. Hərdən olur ki, çəkilişim olmur, getmirəm. Hiss edirəm ki, darıxmağa başlamışam.

Bu film deyərdim ki, gündəlik həyatımızda baş verən hadisələri özündə əks etdirir. Bir faktı deyim sizə, bizim bir seriyamız uşaqların abort olunması probleminə həsr olunmuşdu və bu insanlara təsir etmişdi. Hətta rayonlardan birində bir ailə bu seriyaya baxandan sonra öz fikirlərindən daşınıb, uşağın qız və ya oğlan olmasından asılı olmayaraq onun yaşamasına qərar veriblər. Bunu mən oxuyan zaman tüklərim biz-biz oldu, çox təsirləndim, az qalırdım ağlayım. Və bir uşağı xilas etdiyimiz üçün çox sevindim, düşündüm ki, ən azından bir insanın xöşbəxtliyinə səbəb olduq.

- Bir qədər də ailənizdən, həyat yoldaşınızla tanışlığınızdan danışardınız...

- Həyat yoldaşım bacımın qonşusu idi. Bacımın uşaqları balaca olduğu üçün mən də bir müddət bacımgildə qalmalı olurdum, ona kömək edirdim. Həyat yoldaşımla da o vaxt tanış olmuşuq. Bir müddət dostluğumuz davam edib. Sonra mənə evlənməyi təklif edəndə, düşündüm və qəbul etdim. Allaha çox şükür, peşman deyiləm.

İdeal ailə olmur, hər ailədə söz-söhbət, müəyyən narazılıqlar olur. Mənim ailəm idealdır demirəm, amma ideala yaxın bir  ailəm var. Yoldaşım məni başa düşür, dəstəkləyir, iki ağıllı  qızım var. Çox yaxşı qaynanam, anam var. Təəssüflər olsun ki, bir müddət əvvəl atamı itirdim. Son dönəmlərdə atamdan o qədər danışıblar ki, bu yaşıma qədər atamın bəzi xüsusiyyətlərini bilmirdim və mən yenidən atama vuruldum. Bundan başqa, ailəmdə hər şey yaxşıdır, qızlarımla əla münasibətim var. Bir-birmizi yaxşı başa düşürük, məsələn, texnikaya çox meyl etmirlər. Valideynlər övladlarının bu davranışlarından müəyyən narahatlıq keçirirlər. Şükürlər olsun ki, mənim qızlarımla belə problemim yoxdur. Çox ağıllıdırlar, bunu tərif olsun deyə, demirəm. Ətrafdan da eşidirəm ki, həqiqətən də ağıllı, tərbiyəsi yerində qızlarım var. Bu da məni çox sevindirir.

Bəzən olur ki, mən evdən onlardan tez çıxmalı oluram, bəzən də onları məktəbə yola salıb, sonra çıxıram. Əvələr mən deyərdim, “yolda ehtiyarlı olun, çatan kimi mənə zəng edin”. İndi qızlarım məni yola salarkən mənə uğur arzu edirlər və mənim sözlərimi onlar mənə deyirlər. “Çatan kimi zəng et, yolda yavaş ol”.  Bu, bəlkə də oxucular üçün adi bir şey kimi gələ bilər, ancaq mənim üçün tam fərqli hissdir, qürur hissi keçirirəm.  

- Qızlarınızın sizin yolunuzu davam etdirmələrini istərdinizmi?

- Bu sualı mənə çox veriblər. Ancaq hər zaman demişəm ki, qızlarım hansı peşəni seçsələr, mən də onların bu seçimini sona qədər dəstəkləyəcəm. Qızlarımdan biri Misir tarixi ilə maraqlanır, onu bu sahəyə biz istiqamətləndirməmişik. Tamamilə öz seçimidir. Özü üçün müxtəlif kitablar alır, ayrı-ayrı fiqurların açmalarını öyrənir. Bu sahəyə marağı böyükdür, yəqin ki, Misir tarixçisi olacaq. Digər qızım isə bir az aktrisalığa maraq göstərir. Amma hələ fikirləri dəqiqləşməyib, ola bilsin başqa sahəyə də yönələ bilərlər. Hələki balacadırlar, fikirləri tam dəqiqləşməyib. 

 - Yenidən ana olmaq istəmirsiniz ki..?

- Düzü bunu çox istəyirəm. Amma bilmirən işlərimlə çatdıra bilərəm ya yox. Ailəm də istəyir ki, yenidən ana olum. İndi düşünürəm ki, əgər indi ana olsam, uşağı tam fərqli böyüdərəm. Qızlarım körpə olanda onlara çox vaxt ayıra bilmirdim, hər an yanlarında ola bilmirdim. Bu da zaman-zaman məndə peşimancılıq hissi yaradır. Amma indi fikirləşirəm ki, yenidən ana olsam,  övladıma daha çox vaxt ayıraram, onun tərbiyəsi ilə daha çox məşğul olaram.   

- Vəfa xanım dünya ulduzları sosial şəbəkələrdə çox aktivdirlər, siz necə?

- Mən də sosial şəbəkədə - Facebook-da varam, amma çox az istifadə edirəm. Həqiqətən vaxt tapa bilmirəm. Amma Facebook-u çox sevirəm, dostlarımla əlaqə saxlamaq üçün çox yaxşı vasitədir.

- Dostlarınız çoxdur?

- Kifayət qədər çox sayda dostlarım var, aralarında sinif yoldaşlarım var, köhnə qonşularım var ki, indi başqa ölkələrdə yaşayırlar. 

Bir məqamı da deyim ki, indi Facebook-da iki-üç Vəfa Rzayeva, Vəfa Zeynalova var. Bəzən soruşurlar ki, bunlardan hansı sənsən və ya həqiqətən də sənsənmi? Deyirəm ki, əgər filan şəkil varsa, o mənəm. Facebook-da o qədər dostluq təklifi göndərənlər var ki, çatdırıb qəbul edə bilmirəm. Hərdən buna görə məndən inciyirlər. Deyirlər bizi saymırsan və ya özünü yekə aparırsan, bizim təklifimizi qəbul etmirsən. Hətta elə olur ki, bəzən çox yaxın dostlarım, tanışlarım da irad tutur ki, bizim təklifimizi qəbul etmədin. Onlara da deyirəm ki, dostluq təklif edənlər o qədərdir çatdırıb qəbul edə bilmirəm, yoxsa burda başqa bir səbəb yoxdur.

- İndi bizim aktyorların qazançı hansı səviyyədədir, məsələn, sizi qane edirmi? Sirr deyilsə bir serialdan qazancınız nə qədər olur?

- Yox, mən bunu açıqlamaq istəmirəm ki, bir seriadan və ya bir filmdən nə qədər qanorar alıram. Azərbaycanda orta qiymət var və öz qiymətimi bilirəm ki, bir filmdə oynamaqla nə qədər qazana bilərəm. Şükürlər olsun ki, bu, qiyməti mənə verirlər. Narazı deyiləm. Ancaq təbii ki, xarici ölkələrlə müqayisə edəndə, qanorarım xeyli aşağıdır.




Sədaqət SÜLEYMANOVA 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir