Modern.az

“Quzubasan” Mazanın məzəli işdəkləri

“Quzubasan” Mazanın məzəli işdəkləri

10 Dekabr 2019, 13:35

Akif Cabbarlı


Sovetlər İttifaqı dövründə  Azərbaycanın Qərb bölgəsinin ən iri yaşayış məskənlərindən hesab olunan “N” kəndində Mazan adlı bəstəboy, amma həddindən artıq şişman bədənli bir kişi yaşayırdı. Uzaq illərdə kənd təsərrüfatı üzrə ali-orta təhsil alan Mazanı günlərin birində yerli kolxoza sədr seçirlər. Seçirlər deyəndə ki, Rayon Partiya Komitəsinin birinci katibi iclas çağırıb kolxoza rəhbərliyi ona tapşırır. Protokolda da yazırlar ki, bəs Mazan yekdilliklə kolxoz idarə heyətinin sədri seçilir.


Mazan işgüzar adam idi, yaxşı ideyaları vardı. Səmimi olması, adamlarla dil tapmaq bacarığı onu qısa müddətdə kənd camaatının sevimlisinə çevirir. Amma Mazanın bircə şakərindən xoşları gəlmirmiş. Bu da sədrin həddən çox yeməyi, doyub-dolanmaması ilə bağlı idi. Mazanın bir xasiyyəti vardı ki, o da ancaq quzu əti, özü də hələ mələməmiş quzu əti yemək istəyi idi. Çolpaya, hinduşkaya yaxın durmazdı. “Mən canavar oğlu canavaram, tülkü deyiləm ki, toyuq-cücə yeyəm. Mənimki qara quzunun kişmiş kimi ətidir, qovurun gətirin, basım bədənə daaa”.

Bu xasiyyətinə görə camaat ona ayama da qoşmuşdu – quzubasan Mazan.


Mazan səhərlər adəti üzrə iclas çağırar, briqadirlərə, idarə işçilərinə tapşırıqlarını verər, sonra da cındırından cin hürkən “UAZ” maşınına minib kəndin küçələrini əriş-arğac edərdi. Seçmə yolla, şahmat üsulu ilə hər beş-üç darvazanın birinin qənşərində maşını saxladar, sürücüyə ev yiyəsini çağırmağı əmr edərdi. Ev sahibi keçəyə çıxıb sədrlə ədəb-ərkanla görüşər, hal-əhval tutar, kefini soruşardı.


- Kefim necə olacaq, bir azdan nahar fasiləsidir, mədəm də ki, ac quzular kimi mər-mər mələyir.


Bu söz ev yiyəsi üçün həlli vacib mesaj rolunu oynayırdı.


- Əşi, nə danışırsan, quzular qurbandır sənə, kəsim hazırlayım, günorta buyurun, nuş edin.


Beləliklə quzubasan Mazanın işi yoluna qoyulurdu. Amma sədrin bu adəti artıq xroniki xəstəlik mahiyyəti aldığından camaat da bezməkdə idi. Mazan ac qurd olub daraşmışdı kənd quzularının canına. Məsələ onda idi ki, heç vaxt quzuların haqqı ödənmirdi, bəxtsiz məxluqlar sədrin qurbanına çevrilirdi. Adamlar heyvanları bazara çıxarıb, əvəzində qənd-çayla, pal-paltarla qayıtmaq istəklərini heç cür həyata keçirə bilmirdilər. Mazanın gündəlik mədə tələbatını ödəmək artıq əzab-əziyyətli bir prosesə çevrilmişdi. Heç kim də canının dərdindən dinmirdi, sadəcə, kolxoz sədri ilə kəllə-kəlləyə gəlmək istəmirdilər.


Günlərin birində Mazan yenə adəti üzrə kəndin baş küçəsi ilə reydə çıxmışdı. Say-seçmə ağsaqqallardan olan Əmrulla kişinin darvazasında maşınını saxlatdırıb, ev sahibini çağırdı. Unutmuşdu ki, elə keçən bazar bu həyətdən qurbanlıq çıxartdırmışdı. Əmrulla kişi bu dəfə Mazana yalan deməkdən özünü saxlaya bilmədi:


- Yoldaş sədr, sənin də, mənim də əziz canımız üçün məhlədə bir dənə də “məəə” deyən qalmayıb. Dünən gədə hamısını çıxarıb bazara, dəyər-dəyməzinə satıb, çıxıb gedib Bakıya. Nə isə ona pul lazım olub, çarəm qalmadı, razılaşdım.


- Nə danışırsan, a kişi, yəni mən bu gün quzusuz qalmalıyam? Gör neynirsən...


- Sədr, dedim axı...


- Heyləmi? Yaxşı, Əmrulla, indi qağan quzunun yerini sənə göstərər deyib, Mazan əlini qulağının dibinə qoydu. Sonra qəşəng bir mələrti qopardı – məəə. Elə bu vaxt evin zirzəmisi sarıdan xorla bir mələşmə qopdu ki, sanki hansısa orkestr məşhur simfonik əsəri ifa edirdi – məəə.


Mələrti kəsilən kimi quzubasan Mazan sürücüsünə təpindi:


- Ədə, aç o zirzəminin ağzını, ilk çıxan quzunu al qucağına, bas maşına.


Sonra da Əmrullaya sarı çevrilib nərildədi:


- Bu dəfə əziyyəti sənə vermirəm, özümüz kəsib, özümüz də bişirəcəyik. Vaxtın olsa, ayağını qoyarsan biz tərəfə. Öz malından yeyən dövlətli olar deyirlər.


Əmrullanın matı-qutu qurumuşdu. Sürücünün qucağında çabalayan quzunun mələrtisi də bir yandan ürəyini dağlayırdı.




Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi