Modern.az

“Çində 5-6 yaşlı uyğur türkləri donuz əti yedizdirilərək manqurtlaşdırılır” – Seyit Tümtürk

“Çində 5-6 yaşlı uyğur türkləri donuz əti yedizdirilərək manqurtlaşdırılır” – Seyit Tümtürk

26 Dekabr 2019, 10:15

Şərqi Türküstan Milli Məclisinin sədri Seyit Tümtürk uyğur türklərinin Çin Xalq Respublikası (ÇXR) tərəfindən zorakılıq siyasətinə məruz qalmaları ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

- Seyit bəy, Şərqi Türküstanda məskunlaşan uyğur türkləri davamlı olaraq Çin hökumətinin ağır işgənclərinə məruz qalmaqdadır. Hazırda uyğur türkləri ilə bağlı vəziyyət nə yerdədir?

- Təəssüf ki bu gün Şərqi Türküstanda insanlıq adına yaraşmayan soyqırım dəhşətləri həyata keçirilir. 1949-cu ilə qədər müstəqil olan bir dövlət o vaxtdan bəri işğal tarixini yaşayır. 70 il ərzində uyğurlar özlərini qorumağa çalışdılar. Bu illər ərzində kiçik uğurlar əldə etsələr də, bu toplu halında mümkün olmayıb. Son 3 ildir ki, uyğur türklərinə qarşı baş verənlər bizi çox narahat edir. Çin Xalq Respublikası Şərqi Türküstanda insan haqlarına kölgə salır. İnsanların azadlığını əlindən alıblar.

- Rəsmi Pekin uyğur türklərinin ana dilində təhsil almaları üçün şərait yaratdıqlarını söyləyirlər. Bu nə dərəcədə doğrudur?

- Təbii ki, bu fikirlər kökündən yalandır. Pekin rejimi Sincan bölgəsini əslində “Təhsil-islah mərkəzləri” adı altında "böyük gizli əsir düşərgəsinə" çevirib. Getdikcə orada uyğur dili qadağan olunmağa başlayıb. 5-6 yaşlı yüzlərlə uşaqlarımız ata-analarsız düşərgələrdə və cəza evlərində donuz əti yedizdirilərək manqurtlaşdırılır. Kommunist Partiyasına sadiq kölə öz xalqına vətəninə, ailəsinə düşmən olaraq yetişdirilir. Bu, bizi gözləyən ən böyük təhlükələrdən biridir. Çin dövlətinin məqsədi gələcəkdə övladlarımızın əli ilə bizi vurmaqdır. 2016-cı ildən  bəri Şərqi Türküstan cəhənnəm həyatı yaşayır. Bu gün 5 milyon uyğur türkü düşərgələrdə və cəza evində işgəncələrə məruz qalmaqdadır. Onların ailələrinə, qızlarına, qadınlarına çinli oğlanlar yerləşdirilərək zorla evləndirmə aparılır. Buna qarşı çıxan qızlarımıza vətən xaini, radikal islamçı damğası vurulur və ağır cəzalara məruz qalırlar.

- Nəyə görə müasir zamanda baş verənlər beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalır? İşğəncələrə qarşı dünya birliyi nədən susur?

- Bu barədə məlumatlar gedir. 2018-ci ildə Çin dövlətindən uyğur türklərinin azad edilməsi tələb edilsə də, “düşərgə yoxdur”, “cəza yoxdur”, “cəza evi yoxdur” deyərək cavab veriblər. Amma bu görüntülər beynəlxalq media vasitəsilə üzə çıxarılıb. Halbuki o düşərgələrdə nələrin baş verdiyini biz çox yaxşı bilirik. Gecə yarısı insanlar işgəncə ilə öldürülür.

İki həftə bundan qabaq Çin müxalifətinin 400 səfərlik raporu “Nyu-York Tayms”, “Vaşinqton Post” qəzetlərində “uyğurlara mərhəmət göstərin, onları əzməyin” kimi yazılar görürük. Bu cür yazıların işıqlandırılması “cəza yoxdur”, “düşərgə yoxdur”, “cəza evi yoxdur” deyənlərə bir növ cavabdır. Onların yalanları üzə çıxır. Təəssüf ki, bu gün dünyanıən gözünün içinə baxılaraq insanlıq əzilir. Şərqi Türküstan sinifdə qalmış vəziyyətdədir. Onunla bağlı heç nə yoxdur.

- Bildiyiniz kimi, türk dövlətləri içərisində iqtisadi, siyasi gücünə görə Türkiyə dövləti seçilir. Bu məsələdə Türkiyə dövləti necə addım atır?

- Zaman-zaman Türkiyədə Çinə qarşı etirazlar həyata keçirilib. Bu da Çini  susduracaq, dayandıracaq gücdə deyil. Hər hansı bir irəliləyiş yoxdur. Sözlə edilən etirazların Çinə heç bir faydası yoxdur. Çin dövləti mənfur əməllərindən əl çəkmir. Türk dünyasının və insanlığın susqunluğu, soyqırım siyasətinin davam etdirilməsinə yol açır.  Türkiyə Çinlə təkbaşına mübarizə aparacaq potensiala, hərbi iqtisadi gücə sahib deyil. Ümid edirik ki, Türk dünyasının bir araya gələrək haqqın yanında olması, insanlığa sahib çıxmaları Çinin bu soyqırım siyasətini həyata keçirtməsinə əngəl olacaq.

- Türk dünyasından söz düşmüşkən, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan kimi ölkələr uyğur türklərinə qarşı niyə birlik nümayiş etdirmir?

-2001-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatı yaradılıb. Şanxayda 6 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentləri bir araya gəlib. Təəssüf ki, türk dövlətlərinin bu cür təşkilatda birləşməsi uyğur türklərinə qarşı işgəncləri aradan qaldırmayıb. Əksinə soyqırım siyasəti davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır