Modern.az

YAP-çı deputat: “Azərbaycan naminə müxalifətlə iqtidar birləşməlidir"

YAP-çı deputat: “Azərbaycan naminə müxalifətlə iqtidar birləşməlidir"

17 May 2012, 16:34

“Müxalifətin etdiklərini görəndə başqa millətlər bizə gülür...”

Modern.az saytı Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimovla müsahibəni təqdim edir.

- Eldar müəllim, iyun ayında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun müxalifət liderləri ilə görüşü gözlənilir. Siz belə görüşləri necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, belə görüşlərin keçirilməsində heç bir problem yoxdur. Məncə, belə görüşlərdə fikir mübadiləsi aparmaq daha yaxşı olar. Biz hamımız Azərbaycan vətəndaşıyıq. Mən müxalifətlə iqtidarın görüşünə müsbət yanaşıram...

- Sizcə, müxalifət-iqtidar görüşlərində hansı mühüm məsələlər müzakirə olunmalıdır?

- Müxalifət indiki iqtidara çox qarayaxmalar edir. Əlbəttə ki, demokratik cəmiyyətdir, kim istəyir öz sözünü deyir. Lakin sözün də demək forması var. Onlar da konstruktiv olmalıdırlar. Öz təkliflərini etməlidirlər. Azərbaycan naminə, ölkəmizin milli mənafeyinə uyğun olaraq müxalifət də iqtidar da birləşməlidir. Azad ölkədə yaşadığımız üçün tənqid olmalıdır, təhqir yox. Tənqid də nəyəsə əsaslanmalıdır. Əsassız, mənasız danışıqlar kimə lazımdır? Təəssüflər olsun ki, müxalifət tərəfindən boş, yersiz danışıqlara çox yer verilir. Kiməsə sataşmağın, təhqiredici sözlər deməyin mənası yoxdur. Başqa millətlər bunları eşidəndə bizə gülürlər. Azərbaycan xalqının özünə uyğun mentaliteti var. Biz xalq olaraq öz məğrurluğumuzu itirməməliyik.

- Sizcə, iqtidarla müxalifət arasında gərginliyin artmasının əsas səbəbi nədən ibarətdir?

- Qeyd edim ki, səbəb çoxdur. Əsas səbəb məncə, ondan ibarətdir ki, müxalifət yenə hakimiyyətə gəlmək istəyir. Bu da münkün olan məsələ deyil. Onların hakimiyyətlərini bütün Azərbaycan xalqı görüb. Bu müxalifətin köhnə adətidir. İqtidar-müxalifət münasibətlərində artan gərginliyin kökündə müxalifətin hakimiyyətə gəlmək istəyi dayanır. Onlar başa düşməlidirlər ki, ssenariləri artıq işləmir. Azərbaycan xalqı onların iç üzlərini görüb. Hər şey göz qabağında olub. Bir sözlə, əsas səbəb müxalifətin hakimiyyəti gəlmək sevadsıdır.

- Amma müxalifət nümayəndələri yaranan bütün narazılıqların əsas səbəbini iqtidarda görürlər...

- Bu fikirlər qəti düzgün deyil. Onlar özlərini sadəcə olaraq biabır edirlər. Onlar bu danışıqlarla, hərəkətlərlə bizimlə düşmənçilik edirlər. İndiki müxalifət ermənilər kimi düşünür. Məncə, Azərbaycan xalqının, dövlətinin mənafeyi baxımından hər şey çərçivədə olmalıdır. Kiminsə durub ağzına gələni danışması düz deyil axı. Onlar da vaxtı ilə iqtidarda olanda biz müxalifətdə olmuşuq. Şəxsən mən Yeni Azərbaycan Partiyasını yaradanlardan biri kimi Heydər Əliyevin yanında olmuşam o zaman. Biz bunlar kimi olmamışıq. İndiki müxalifətdən fərqli olaraq konstruktiv olmuşuq. Onlar kimi, heç kimi təhqir etməmişik, yalandan çıxışlar etməmişik.  Xüsusən də, müxalifət “Eurovision” yarışması ərəfəsində Azərbaycanın nüfuzunu, yüksələn imicini qəbul edə bilmir. Onlar başa düşmürlər ki, bu uğurlar təkcə hakimiyyətin deyil, bütövlükdə Azərbaycan xalqınındır. Niyə qəbul eləmirlər, niyə belə paxıllıq edirlər? Biz hamımız azərbaycanlıyıq axı... Müxalifət niyə qəbul edə bilmir ki, Azərbaycan hakimiyyəti xalqın etimadını qazanıb. Ömür boyu hakimiyyət davası edə-edə Azərbaycan torpaqlarını qurban elədilər. Mən bir siyasətçi kimi bütün bu hadisələrin şahidi olmuşam. Buna baxmayaraq müxalifət yenə hakmiyyətə gəlmək istəyir.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır