Arxiv
14 Oktyabr 2020, 09:10 | REPORTAJ
“Məni təbrik edə bilərsiniz.., şəhid atasıyam!” - REPORTAJ

Modern.az saytı “Torpağı azad edən şəhidlər...” silsiləsindən növbəti yazını təqdim edir.


Biz bayrağımızın uğrunda canımızdan keçməyi bacaran xalqın övladlarıyıq. Vətənimin harasına baxırsansa, o üçrəngli bayrağımı görürsən. Məmləkətimdə Vətən müharibəsi getdiyi bu müdhiş vaxtlarda  hər küçə, hər dalan, hər meydan bayraqlara bürünüb. Şəhidlər xiyabanları bayraqlara bürünmüş tabutlara qucaq açıb.  Vətən savaşında canlarından keçənləri torpağa tapşırırıq.  Biz hər zaman torpağa inandıq, torpağa and içdik. 

Nə ağrılı ki, Tanrı taleyimə belə bir missiya yazıb. Tanımadığım şəhid qapılarını bir-bir döyüb, ailələri ilə tanış olmaq missiyası. Hərə bir cürə döyüşür. Mən də özüm-özümlə, ağrılarımla döyüşürəm. Ona görə, şəhidlərimizin haqqını qaytarmaq, həyatını yazmaq üçün yenə yola çıxmışam.


Bakının Səbail rayonunun 20-ci sahə adlanan yaşayış massivində də haraya dönsəm, yolumun, başımın üstündə Azərbaycanın üçrəngli bayrağı və bizə dost ölklər olan ATA Türkiyənin, QARDAŞ Pakistanın bayraqları  boy-boy düzülüb. Baxdıqca insanın fərəhdən  köksü qabarır. Tanımadığım şəhid evinin ünvanını soruşmaq üçün bir dükan sahibinə müraciət edirəm. Adı Zöhrabdır. Təqribi ünvan deyir: “162 saylı məktəbin yanında  evə gəlməyinə 3 ay qalmış, bir oğlan şəhid olub”. Məramımı biləndən sonra: - “Xanım, bilirsən nə var, kaş 1992-1994-cü illərdə xalqda belə ruh olaydı, belə Ordu olaydı.  İndi İrəvanı da almışdıq. Mən 3 il yarım döyüşmüşəm. Vəngə qədər gedib çıxmışdıq... Eh sonrası... özünüz bilirsiniz...”- deyib əlini havada yelləyir.


Mən də çox dayanmıram. Vaxtım azdır. Şəhid evinə tez çatmalıyam. 162  saylı məktəblə üzbəüz  məhəllədəki dar dalanları keçib, bir evin qabağında dayanıram.  Bir şəhidin boya-boy banneri vurulub. Dəmir darvazasını döyürəm. Ev yiyəsi gəlir. Deyir ki, bir tin aşağı düşsəm, şəhid Cavidan Ağayev Mirzəağa oğlunun evinə çatacam. 2 dəqiqədən sonra  dar bir küçəyə çatıram. Gecəqonduya bənzər evlərdir. Yəqin ki, bu köhnə evlər 50-60-cı illərdə tikilib.  Küçədə oturub çay içən bir kişi deyir: “Gəlin, şəhid atası mənəm”.  “Başınız sağ olsun!”- deyib qurtarmamış, sözüm ağzımızda qalır. Sərt bir şəkildə: “Mən başsağlığı qəbul etmirəm. Məni təbrik edə bilərsiniz... şəhid atasıyam!”.


Eşitdiyim söz  bütün varlığımı titrətdi.  Gözlərim yaşardı. İçərimdə sanki bir zəlzələ keçdi. Ancaq bu ağrıdan deyil, vüqar, sevinc hissindən gələn sarsıntı idi. Tez əllərimlə göz yaşımı sildim ki, bu qurd baxışlı kişi göz yaşlarımı görməsin.  Yoxsa ki, ağlasam, vüqarına dəyərəm.


19 yaşlı şəhidin şəhadətini  bayram kimi qeyd edən atadan kimlərdən olduğunu, harada doğulduğunu soruşuram:


- İmişli rayonunun Bəcirəvan kəndindənəm . Çöl adamı olmuşam. Uşaqlıqdan  çöldə-bayırda işləyib, evə çörəkpulu gətirmək olub qismətim. Görürsən bu əlləri? Qara fəhlə əlləridir. 10 ilə yaxındır ki, Gəmiçilik İdarəsində  çilingər işləyirəm.  4 il -1998-ci ilə qədər Yaşmada, Tərtərdə, Ağdərədə Xüsusi Təyinatlı bölükdə  xidmətdə olmuşam. 1998-ci ildə ailə həyatı qurdum.  Elə bu gördüyünüz evdə yoldaşım Gülnarə ilə yaşamağa başladım. 5 oğlum 1 qızım var.  Və bir də ki, güləşçi olmuşam.



Bir neçə dəqiqə əvvəl dediyi sözün təsirindən çıxa bilmədiyimdən: - Mirzəağa,  məni çox heyrətləndirdin.  O “Məni təbrik edə bilərsiniz...” sözünüz var eee..., bunu bir dəfə Xəlil Rza Ulutürk demişdi. Ötən əsrdə, 28 il bundan əvvəl apardığımız savaşımızın, torpaqlarımızı  düşmənlərimizdən xilas etmək üçün etdiyimiz mücadilənin davamında. Böyük şairin oğlu Təbrizin şəhidlik xəbərini alanda, xanımına gözaydınlığı vermişdi. İndi də siz... Bəs bu dərsi sizə kim keçdi?


- Vətəndən dərs aldım.  Məktəbim həyat oldu.  Bilirəm indi oğlumun necə şəhid olduğunu soruşacaqsınız.  İşdə idim. İş yoldaşlarımdan  biri dedi ki, sənin əsgərlikdə oğlun var da. Döyüşür? Dedim, əlbəttə.  Hər şey normaldır. Sonra dedi ki, ancaq deyirlər ki, sizin məhəlləyə şəhid gətirirlər.  Evə  zəng vurub uşaqlara dedim ki, küçəyə şəhid gətirəcəklər, mən gəlib çatmasam, onlar da çıxıb el-oba ilə birlikdə qarşılasınlar. Ancaq bilmədim ki, mənim oğlum ola bilər. Evə çatdım.  Küçəmizə, həyətimizə gələn yollara bayraqlarımızı asmışdılar. Mənim evimin qapısının ağzında sonuncu bayraq asılmışdı. Bildim ki, şəhid olan mənim oğlumdur.  Namazımı qılıb dua etdim... Sonra  Səbail rayonunun İcra Hakimiyyətindən zəng etdilər.  Telefonda demədilər. Getdim çağırılan yerə. Dedilər ki, hələ araşdırırıq.  Başımı bulayıb: “Ay kişi, əgər oğlum şəhid olubsa, bunu məndən gizlətməyin. Əgər bilirsinizsə deyin, gedim anasına gözaydınlığı verim, təbrik edim!” dedim.  Təsdiq etdilər. Evə qayıdıb uşaqlarımın anasına gözaydınlığı verdim. Özüm Bərdəyə getdim. Xəstəxanada  məhkəmə-tibbi ekspertlərin  təsdiqindən sonra, oğlumu öz çiyinlərimin üstündə  bax bu küçəyə gətirdim. Bax,  burada idi, bu dar küçəyə qoymuşdular tabutu. Dedim ki, ay camaat kimsə mənim evimə hüzr verməyə gəlməsin. Tapşırdım ki, burda molla məclisi qurulmasın. Quranın ən gözəlini elə özüm oxuyuram. Oğlum üçün məndən yaxşı heç kim Quran oxuya bilməz. Təbrikə gələnlərin təbrikini qəbul edirəm. Oğlumu  maşın vurmayıb, xəstələnib ölməyib. Onsuz da gedəndə demişdi ki, şəhid olacam. Dedim ki, olacaqsan, gətirib basdıracam, bir ovuc Vətən torpağı artacaq.



- Özünü gördünüzmü? Yarasından öpdünüzmü?


- Sizin üçün indi nə fərqi var? Bir parça ət olsa da, mənim balam idi. Cavidan topçu idi.  İşini də mükəmməl bilirdi.  Düşmən tərəfin atdığı raket zərbəsindən həlak olmuşdu. Cəsədi də öz doğma torpağıma düşmüşdü. Azərbaycan bayrağının dalğalandığı yurda. İndi mötəbər bir məkanda - Badamdarda şəhidlər üçün ayrılan xiyabanda uyuyur. Qoymadım ki, məzarına Azərbaycan bayrağını sərsinlər. Dedim ki, nə vaxt Xankəndi alınsa, bayrağı o zaman  məzarı üstündə ucaldarıq ki, ruhu şad olsun.


Söhbətimizin bu yerində  başdan-ayağa qara geyinmiş bir qadın həyət qapısından biz oturan küçəyə çıxır.  Küçə və həyət deyəndə elə bilməyin ki, uzaq bir məsafədir. Həyət qapısının astanası düz küçəyə açılır. Burada bütün evlər belədir.  Torpaqlarımızın işğal edildiyi 30 il ərzində evindən-eşiyindən qaçqın düşənlər, ucqar rayonlardan Bakıya çörək dalınca gələnlər, bu məhəllələrdə bir dam qaraldıb, içərisinə giriblər. Uçuq-sökük küçəyə indi Cavidan Ağayevin şəninə  hasarlardan  dalğalanan bayraqlar gözəllik verir.


Mirzəağa həyat yoldaşı ilə  məni tanış edir: - Gülnarədi adı.  5 uşağımın - 4 oğlumun, 1 qızımın  anasıdır.

Gülnarə Ağayeva ilə söhbət edəndə məlum olur ki, 1990-cı ildə maşın qəzası keçirib. Hər iki ayağından əlildir. Lakin onun əngəli Mirzəağa ilə ailə qurmasına mane ola bilməyib. 


- Məqamın mübarək, Gülnarə xanım! Niyə oğlunuza Cavidan adını verdiniz ki?



- Bilirsiniz necədir? Mən hər zaman ev qadını olmuşam. Həyat yoldaşım da, oğlanlarım da çöl adamı olublar. Uşaqlarımı atası sərt şərtlərlə böyüdüb. Bizim evdə hamı zəhmətkeşdir. Ərköyünümüz olmayıb. Atası oğlanlarıma öz həyat məktəbini öyrədib.  4 oğlum  hamısı idmanla məşğul olub. Yarışlardan medallar gətiriblər. Bütün yarışlardan da qalib qayıdıblar həmişə.  Bizim uşaqlar məzlumun yanında, haqsızın qarşısında olmağı öyrəndi həyat yoldaşımdan. 
Oğlum Cavidan da Vətən uğrunda, torpaq uğrunda şəhid olub. Babək necə deyirdi: “Bu torpağı qorumalısan ki, əkib- becərəsən”. Bəli mən indi məqamı mübarək, şəhid anasıyam. Əlbəttə anayam, içərimdə yanıram, qovruluram.  Cavidan mənim də , evimizin də arxası-dirəyi idi. Yarışlardan hər zaman qalib gəldi, məktəbdə yaxşı oxudu,  Gəncədəki ali məktəbə qəbul olunmuşdu, atası dedi ki, evdən uzaqda oxumaq çətin olacaq, get əsgərliyini çək, qayıdandan sonra, yenə qəbul olunarsan.


Bu vaxt evin ağbirçəyi Nənəxanım nənə söhbətə qarışdı:


- Ay qızım sən Cavidanı görsəydin, gözəlliyindən doymazdın. Çox zəhmətkeş uşaq idi. Məktəbdən gələndən sonra gedib Bayıldakı restoranlarda süfrəçi işləyirdi. Çox ailəcanlı, anacanlı idi.  Oxumağa çox həvəsi var idi. Deyirdi ki,  institutu bitirəndən sonra, aspiranturaya girəcəm. Elə oxuyacam ki, adımı tarixə yazım.  Balamın gözləri institut pilləkənlərində qaldı. Ancaq neynək, bəs bu Vətən uğrnda kim döyüşməlidir? Bir yaranan, bir gedir dünyadan.  Şərafətlə, şöhrətlə köçdü cənnət qoxulu nəvəm.


Gülnarə Ağayeva: - Neçə dəfə yanına getdik əsgərlikdə olanda. Ürəyi nə istəyir yığıb aparmışdıq. Əsgərlikdən gəlməyinə 3 ay qalmışdı. Bir qızla ad eləmişdik. Bir dəfə yoldaşım onu da  apardı  görüşə.  Evdən gedəndə boyu 177 sm idi, indi artıb 185 sm  olmuşdu.  Hərdən imkanı olanda  bizə zəng edərdi. Sonuncu zəngində mənimlə danışanda  kefi kök idi. Deyirdi ki, ana yamanca irəliləyirik. Hamımız sevinirk burda. Toy-bayram edirik.  Ən son zəng vurub danışdığı isə, sevdiyi qız olub.  Şəhid olmazdan 1 gün əvvəl ona zəng edib, deyib ki, burada gərgin döyüşlər gedir. Şəhidliyimi qəbul elə. Sənə sonuncu zəngimdir. 


Mirzəağa deyir ki, o uşaqlarına həyatın çətinliklərini öyrədib ki, kimsənin malına haram gözlə baxmasınlar. O uşaqlarına daşla, divarla, torpaqla, yarpaqla danışmaq öyrədib. Belə edib ki, kim olduqlarını, nə üçün yaşadıqlarının fəlsəfəsini anlasınlar. Şükr edir ki, zəhməti və övladlarına verdiyi  həyat dərsi boşa getməyib.

- Mən evimdə kişi böyüdürəm axı. Mən oğlanlarıma həmişə deyirəm ki, oxuduğun kitablar sənin fikrin deyil. Mən sənə çox söz deyə bilərəm, kitablarda yazılanlar da səni çaşdıra bilər. İnsanın hər bir məqamda öz sözü, öz fikri, öz münasibəti olmalıdır. Axı sən kamil insansan. Kamil insan özü düşünüb, qərar qəbul etməyi bacarandır,- deyə Mirzəağa siqaretinə növbəti dəfə od vurdu.

Əslində mənə elə gəlir ki, o yanan siqaretin tüstüsü deyil, o yanan atanın ürəyidir, tüstüyə çevrilib göyə bülənd olur. Söhbətinə davam edir:

- Oğlum Suqovuşanda gedən ağır döyüşlərdə şəhid oldu.  Mən bilirəm ki, o əsl qəhrəman kimi döyüşüb. Əvvəl Ağdamda  oldu. Sonra bildim ki, Füzulidə gedən döyüşlərdə də fəallıq , şücaət göstərib. Bilirəm ki, ordumuzun irəli getməsində onun da böyük əməyi olub. Oğlumu dəfn edəndən sonra sevdiyi qızı özüm apardım məzarının üstünə, dedim, vidalaş. Vaxtı gələndə həyatını qur. Sənin  toy cehizini özüm alacağam.


- Yəqin ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyiniz  4 il ərzində  siz də düşmənimizə ağır zərbələr endirmisiniz...


- Eh... erməni kimdir ki, bizim  düşmənimız olsun. O terrorçudur. Bu gün aparılan mübarizə də bizim öz torpaqlarımızı azad etməyimiz üçün bir növ terroristləri təmizləmək əməliyyatıdır. Biz əsl döyüşü İrəvanı alanda başlayacağıq. Erməninin dövləti belə yoxdur. 1918-ci ilin 27 mayında vermişik 9 min kvadrat kilometirlik ərazimizi onlara.  Bundan sonra qondarma dövlət qurublar. Bizim hədəfimiz İrəvandır. Vaxtı gələndə üç oğlumla birlikdə o döyüşlərə də gedəcəm. Vətən  o vaxt vətən olur ki, düşmən qapıya gələndə əlinə silah  götürüb qabağa çıxan oğulun olur, evində kişin olur. Öləcəyik - şəhid olacağıq, qalacağıq- qazi olacağıq. Əsas odur ki, bu namussuzluğu üstümüzə götürməyəcəyik. İndi oğlumun şəhid məzarı var. İndi mənim haqqım var deyim ki, bu vətənin daşıyam. O ayağının altındakı torpaq var eee... Biz ondan yaranmışıq.  O torpağa borcluyuq.  Bu savaş deyil, bu toydur.


- Yəqin ki, torpaqlarımız alınan kimi, Suqovuşana gedənlərdən biri də siz olacaqsınız?

- Döyüşdə təkcə mənim oğlum vuruşmurdu ki... 20-yə qədər qohum-əqrabam döyüşdədir. Ondan əvvəl də bibim oğlu  şəhid olub. Oğlumun və onunla şəhid olanların məqamı görün nə qədər ucadır və mübarəkdir ki, şəhidlikləri ilə Tərtərə, Yevlaxa - 30 ildir su görməyən çaylarımıza, torpaqlarımıza su gəldi. Su aydınlıqdır axı. Bu döyüşün sonunda da aydınlıq var. Bir müharibədən bir oğlanın sağ qayıtması bir  qızın xoşbəxt olması deməkdir. Döyüşün bir gün tez qurtarması nə qədər oğulun evinə dönüşüdür. Qarabağda 20 min oğlumuz şəhid oldu, demək bir o qədər 20 min qızımızın tifağı dağıldı, neçə ailə qurulmamış qaldı. 
Azərbaycan xalqı beləcə düşmən fəsadı və hiyləsindən  geri düşdü. Nəslimizi, sayımızı artırmaq, bu torpaqlarda bitib, sahib olmaq üçün QƏLƏBƏ çalmalıyıq.


Söhbətimizin bu yerində zəng gəlir. Ata kiminləsə danışır. Və kimsə oğlunu soruşur, Mirzəağa n gözlərində işıq, üzündə təbəssümlə cavab verir: “...Həəə, qardaş şəhid olub. Vətən sağ olsun. Tanrı bizə QALİBİYYƏT qismət etsin!”- deyib telefonu söndürür ,bizimlə söhbətinə davam edir:


- Biz türkük. Bu torpaqlar oğuz yurdudur. İranın, Rusiyanın təsirindən qurtarmaq üçün döyüşü  udub, TURAN qurmalıyıq. Kökümüzə qayıtmalıyıq. Biz çöldən gəlmişik. Dünyanın bütün xoşbəxtliyi çöldədir. Əkib-becərmək, qurub-yaratmaqdadır. Tikib-qurduğun bir bər-bəzəkli evdə,  imarətdə insan yaşamasa, oraya xaraba deyirik. Ancaq mənim evim kimi bir kasıb komasında  ailə yaşayırsa, orada isti nəfəs, dövlət, xoşbəxtlik var. Mənim dünya malında gözüm olmayıb.  Mənim oğlanlarımın hər biri bir ailə, bir dövlətdir. Əgər Xankəndini almasaq, çox evə od düşəcək. Nə qədər qızımız subay qalacaq, analarımızın ürəyinə dağ çəkiləcək yenə. Vətən Anadırsa, demək biz Anamızı qoruyuruq. Azərbaycan türkünün qadını, anası onun başının tacıdırsa, onun uğrunda döyüşməliyik. Bu dəqiqə kövrək hisslərin yaşandığı vaxt deyil, o kövrək hisslərə vaxt var.  Bəli elə vaxt olacaq ki,  övladının səsi gələcək qulaqlarına, axtarıb tapmayanda, yeri göynədəcək, kövrələcəksən. Bir arzum odur ki, özümüzə, məzarımıza toxunmasınlar. Bizə toxunanın, silah tuşlayanın axırı yaxşı olmur. Şükür ki, dövlətimiz də, xalqımız da bunu deyir...


...Şəhidimiz, 19 yaşlı  Cavidan Ağayev haqqında xatirələri birər-birər dinləyib, ailədən ayrılıram. Cavidanın dostu Mehdi məni yola salır. Deyirəm ki, dostundan danış. Danışır:

- Bilirsiniz, mən onun yoxluğuna inana bilmirəm. Əsgəri xidmətdə olanda dostlarımızla yığılıb, onun görüşünə getmişdik. Bizi görüb çox sevnmişdi. Danışdıq-güldük. Eh... Bizim arzularımız var idi. İstəyirdik ki, ikimizin də toyu eyni vaxtda olsun... İndi heç bilmirəm daha nə arzu edim... O anasını çox sevirdi. Dünyada heç kimi anası qədər sevə bilməzdi. Mən Gülnarə xalanı tək qoymuram, Cavidanın qardaşları da mənim qardaşımdır. Lakin ondan yaxşı dostu haradan tapacam?!

Yol boyu qulaqlarımda şəhid anasının dediyi sonuncu fikir səslənir: “Vətən sağ olsun. Allah bu bəlanı üstümüzdən götürsün. Qarşı tərəfə deyə bilərəm ki, onlar uduzublar. Bu yolda öldü var, döndü yoxdur”.

Aida Eyvazlı GÖYTÜRK

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda minik avtomobili yanıb 24 Oktyabr 2020, 09:20 Ceyhun Bayramov ABŞ-da azərbaycanlılarla görüşdü 24 Oktyabr 2020, 09:15 Paytaxtda siqaret yanğına səbəb oldu 24 Oktyabr 2020, 09:07 Bakının küçələri yenidən dezinfeksiya edilir - FOTOLAR 24 Oktyabr 2020, 09:00 “Ermənistan tərəfindən atılan “Smerç” yaşayış evinin həyətinə düşüb” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 08:38 Cəbhədə ağır döyüşlər davam edir - vacib yüksəkliklər azad edildi 24 Oktyabr 2020, 08:01 Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirdi 24 Oktyabr 2020, 07:52 “Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq 24 Oktyabr 2020, 07:43 Ceyhun Bayramov Nensi Pelosi ilə Qarabağ münaqişəsini müzakirə etdi 24 Oktyabr 2020, 07:32 Azərbaycanın Xarici İşlər naziri həmsədrlərlə görüşdü 24 Oktyabr 2020, 06:42 Cəbhə gündəliyi: 23 oktyabrda nələr oldu... 24 Oktyabr 2020, 02:06 Fransa və Almaniyada yaşayan ermənilər Qarabağa yardım adı ilə silah göndərir - FOTO 24 Oktyabr 2020, 02:04 “İrəvan Moskvanı münaqişəyə cəlb etmək istəyir” - Mustafa Şentop 24 Oktyabr 2020, 00:59 “Trampın Qarabağla bağlı hansı irəliləyişdən danışdığını bilmirik” - Kremldən açıqlama 24 Oktyabr 2020, 00:48 Türkiyədə COVID-19-a yoluxanların sayı artır 24 Oktyabr 2020, 00:32 Akar NATO nazirləri ilə danışdı: “Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir” 24 Oktyabr 2020, 00:20 “Ermənistanla müharibəyə bu əsasda son qoyula bilər” - Ceyhun Bayramov 24 Oktyabr 2020, 00:07 Aviasiyamız düşmənin artilleriya bölmələrini darmadağın etdi - VİDEO 23 Oktyabr 2020, 23:54 “Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana xəbərdarlıq 23 Oktyabr 2020, 23:46 Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşdü 23 Oktyabr 2020, 23:38 Düşmənin könüllü dəstələri və texnikası belə məhv edildi – VİDEO 23 Oktyabr 2020, 23:29 Türk futbolçu koronavirusa yoluxdu 23 Oktyabr 2020, 23:14 Azərbaycan PUA-ları Ermənistan üzərində uçmur - RƏSMİ 23 Oktyabr 2020, 23:00 Dövlət Departamentindən Qarabağ danışıqları barədə AÇIQLAMA 23 Oktyabr 2020, 22:54 Koronavirusa yoluxmada yeni rekord 23 Oktyabr 2020, 22:49 “Arsenalımızda kifayət qədər zirehli texnikamız var” - Müdafiə Nazirliyi 23 Oktyabr 2020, 22:34 Azərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - VİDEO 23 Oktyabr 2020, 22:29 İran ABŞ diplomatlarına qarşı sanksiya tətbiq etdi 23 Oktyabr 2020, 22:15 Düşmənin könüllü dəstələri MƏHV EDİLDİ 23 Oktyabr 2020, 22:07 Trampdan Qarabağ açıqlaması: “Həqiqətən yaxşı irəliləyiş var” 23 Oktyabr 2020, 22:03 Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur" 23 Oktyabr 2020, 21:54 “Xüsusi təyinatlılarımızın məhv edilməsi barədə məlumat xülyadır” - Müdafiə Nazirliyi 23 Oktyabr 2020, 21:48 Vaşinqton polisi təxribatçı erməniləri həbs etdi 23 Oktyabr 2020, 21:45 İlkin xristianlığın Azərbaycanda beşiyi 23 Oktyabr 2020, 21:31 74-lərin faciəsi: müharibənin qucaq açdığı nəsil 23 Oktyabr 2020, 21:24