Modern.az

Jurnalistlər Prezidentə müraciət ediblər

Jurnalistlər Prezidentə müraciət ediblər

12 Fevral 2010, 15:55

Bir qrup Azərbaycan jurnalisti və hüquq müdafiəçisi prezident İlham Əliyevi “KİV haqqında, “İnformasiya azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat-əks-kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara düzəlişlər edilməsi haqqında qanunverici təşəbbüsünü geri götürməyə çağırıb. Belə ki, “KİV haqqında” qanunun 60-cı maddəsinə aşağıdakı düzəliş təklif olunur: “Əməliyyat-axtarış tədbirləri istisna olmaqla, heç kim razılığı olmadan və etirazına baxmayaraq KİV nümayəndələri tərəfindən izlənilə, video və fotoçəkilişə və səsinin yazılmasına məruz qala bilməz”. Bu dəyişiklik bütün digər sadalanan qanunlara da ediləcək. Bu sənəd parlamentin hüquq siyasəti və dövlət quruculuğu və insan hüquqları komitələri tərəfindən təqdir edilib və Milli Məclisin 12 fevral tarixli iclasının gündəliyinə daxil edilib. Müraciət müəllifləri Prezidenti təşəbbüsdə qaldırdığı məsələlərin ekspertlər arasında və cəmiyyətdə müzakirəsi üçün tapşırıqlar verməyə çağırırlar. “Bunun şəxsi və ailə həyatına hörmət hüququ ilə vətəndaşların cəmiyyətdə baş verənlər barədə hərtərəfli və düzgün biliyə sahib olması, ictimai önəmli diskussiyalarda iştirak etmək hüququnu balanslaşdıracaq yeni hüquq normalarının hazırlanmasına böyük töhfə olacağına inanırıq”,-deyə müraciətdə qeyd edilib. Müraciəti Rəşid Hacılı, Mehman Əliyev, Elçin Şıxlinski, Azər Əhmədov, Novella Cəfəroğlu, İlqar İbrahimoğlu, Bahəddin Həziyev, Emin Hüseynov, Ələsgər Məmmədli, Rövşən Kəbirli, Qənbər Yusif, Qabil Vəliyev, Sərdar Əlibəyli imzalayıblar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi