Modern.az

İranın İsrail QISQANCLIĞI - Tehran Təl-Əvivin köməyini niyə unudur...

İranın İsrail QISQANCLIĞI - Tehran Təl-Əvivin köməyini niyə unudur...

Analitika

8 Oktyabr 2021, 12:39

Azərbaycan Respublikasının hərbi-siyasi uğurları, əzəli torpaqlarının əksər  hissəsini  mənfur düşmən işğalından geri alması, tarixi ərazimiz Zəngəzurdan dəhliz açıb Naxçıvanla Zəngilan arasında yol çəkmək istəyi nədənsə qonşu İranı bərk qayğılandırıb. Son 30 ildə ermənilərin işğal etdikləri  Azərbaycan torpaqlarında bütün islami dəyərləri məhv etməsini, müsəlmanların məzarlarını şumlamasını, məscidləri donuzxanaya çevirməsini “görməyən”, ermənilərə hər cür lojistik dəstək verən İran birdən-birə Azərbaycanı öz müttəfiqi İsraillə əməkdaşlıqda, sionizmə xidmətdə ittihama başlayıb.  Adətən təmkinli davranan ali məqam sahibi də bizi nəzərdə tutaraq üstüötrtülü eyham da vurub: “Güvənlik üçün  özgəyə söykənənlər tezliklə qapaz yeyərlər -تکیه‌ کنندگان به بیگانه برای تأمین امنیت به ‌زودی سیلی می‌خورند  - ( Bax: //kayhan.ir/fa/news/227137 )”.


Qardaş Türkiyənin, strateji tərəfdaş Pakistanın, dost İsrailin Azərbaycana dəstəyini qısqanclıqla qarşılayan İran unudur ki, müəyyən vaxtlarda o özü də açıq və gizli şəkidə başqalarından  yardım almış və almaqdadır. Məsələn, İraqla 8 illik  muharibə zamanı Çin Xalq Respublikası, Pakistan, Koreya  Xalq Demokratik Respublikası (Şimali Koreya), Suriya Ərəb Cümhuriyyəti, Liviya və  s. dövlətlər ona böyük yardım göstərmişdi.  İndiyədək Azərbaycanın dövlət sərhədləri yaxınlığında hərbi təlim keçirməyən qonşumuz çoxsaylı əsgəri birliyin qatılımıyla “Fatehan-e Xeybər - Xeybər fatehləri” kod adlı hərbi manevrlərə, başqa sözlə, bizə əzələ göstərisinə başlayıb. Bu yazıda  1980-1988- ci illərdə baş vemiş İran- İraq müharibəsində İran İslam Respublikasına edilən hərbi yardımdan qısaca söz açmaq istəyirik.

         
1980-1988-ci illərdə davam etmiş, çoxsaylı insan həyatına, böyük ölçüdə maddi- mənəvi itkilərə yol açmış   müharibəyə iranlılar “istənilməyən savaş”, yaxud “kutsal döyüş”  (“جنگ تهمیلی  - cəng-e təhmili” və ya “دفاع مقدس – defa-ye muqəddəs” ) deyirlər. O vaxtlar  İranda şahlıq rejimi yenicə yıxılmışdı, yeni quruluş hələ tam  bərqərar olmamışdı. Tehranda bir qrup  iranlı tələbənin 04.11. 1979-cu ildə ABŞ böyük elçiliyinin 52 diplomatını 444 gün girov saxlaması İrana qarşı beynəlxalq sanksiyaların tətbiqi ilə nəticələnmişdi. Bunu fürsət bilən İraq  ordusu 22.09.1980-ci ildə beynəlxalq aləmdən, az qala, təcrid olunmuş İrana hücum etmişdi. Savaşın başlanğıcında  (1980-1982-ci illərdə ) İraq ordusu hətta bəzi uğurlar qazanmış, İranın bir sıra yerini ələ keçirmişdi.  Təkbaşına uğurlu hərbi əməliyyatlar aparmağın mümkünsüzlüyü o zaman İran rəsmilərini bəzi dövlətlərlə sövdələşməyə sövq etmişdi.


Mənbələrin məlumatına görə, İraqla muharibə zamanı İsrail də İrana gizli şəkildə yardım göstərmişdir. İran rəsmiləri isə birmənalı şəkildə adı çəkilən ölkə arasında hər hansı bir əməkdaşlığın olmadığını bildirmişdir. 16 iyul 1979-cu ildə İraqın dövlət başçısı olmuş Səddam Hüseyn (1937- 2006) İranın neftlə zəngin olan sərhədyanı Xuzistan əyalətini (lurların, ərəblərin, əfşarların, qaşqay türklərinin və farsların yaşadığı, 64 min kv. km ərazisi olan o yer etnik baxımdan çox qarışıqdır) ələ keçirmək istəyirdi və bu məqsədlə sürətlə silahlanırdı. İranın o zamankı baş naziri Mehdi Bazarqan (1907- 1995 ) hərbi yardım üçün ABŞ Prezidenti Cimmi Karterə (1924 ) müraciət etsə də, Karter bu istəyi yerinə yetirməmişdi. İddialara görə, Karter Administrasiyasından umduqları hərbi yardımı ala bilməyən İran rəsmiləri dolayı yollarla israillilərlə hərbi dəstək üçün gizli sövdələşməyə nail olmuşdular (Bax: M. Jonathan. The Iran-Contra connection : secret teams and covert operations in the Reagan era. Boston, 1987).


Adının çəkilməsini istəməyən  yüksək vəzifəli bir israilli yetkili 22.11.1986-cı ildə “Nyu York Tayms” qəzetinin müxbirinə etiraf etmişdi ki, əslində, İsrailin İrana hərbi dəstəyi ABŞ rəsmilərinin razılığı əsasında gerçəkləşmişdi (Bax: //www.nytimes.com/1986/11/22/world/isreael-aide-traces-us-iran-dealings.html ).

Mənbələrin məlumatına görə, 1981- 1989-cu illərdə ABŞ Prezidenti olmuş Ronald Reyqan (1911- 2004)  İrana  silah satılmasına qarşı çıxsa da, dövlət departamentinin müşaviri Robert Makfarleyn bu işdə ABŞ dövlət katibi A.Heyq ilə İsrailin baş naziri M.Begin (1913- 1992 ) arasında koordinatorluq etmişdi.



Əldə olunmuş gizli razılıq əsasında İsrail İrana əvvəlcə sadə, köhnə modelli hərbi avadanlıqlar satmağa başlamış, daha sonra isə sövdələşmənin şərtindən çıxaraq, həm də müasir hərbi silahlar vermişdi. Bu işi gerçəkləşdirə bilmək üçün İsrail hərbi kəşfiyyatı Nyu Yorkda məxfi əməliyyat gerçəkləşdirmiş, Uoll Strit (Wall Street) bölgəsindəki Con Strit (John Street) küçəsində 50 nəfərdən ibarət saxta şirkət yaratmışdı. Uydurma şirkətin ofisi amerikan silahlarının İrana satışını həyata keçirmişdi (Bax: Ari Ben Menashe. Profits of War: Inside the Secret U.S.-Israeli Arms Network, 2015 ).
1982-ci ilin mart ayında “Nyu York Tayms” qəzetinə İsrailin gizli olaraq İrana silah satması haqqında məlumat sızdırılmış və ifşa olunmamaq üçün yuxarıda qeyd olunan o uydurma şirkət təcili şəkildə Nyu Yorkdan Londona köçürülmüşdü. Yəhudi kökənli amerikalı araşdırmaçı-publisist Seymur Herş (1937- Seymour Hersh) 1991-ci ildə “Nyu York Tayms” qəzetində yazmışdı ki, Londona köçürülən şirkət 1983-cü ildən etibarən İrana bir neçə milyard dollarlıq amerikan istehsalı hərbi silah-sursat satmışdı. (Bax://web.archive.org/web/20180728191307///www.nytimes.com/1991/12/08/world/iran-pipeline-hidden-chapter-special-report-us-said-have-allowed-israel-sell.html )


Mətbuata sızan məlumata inansaq, Reyqan Administrasiyası bütün müttəfiqlərini İrana silah satmamağa  səsləyəndə və İrana silah ötürülməsinin qarşısını almaq üçün çılğın “Dəyanət əməliyyatı” (Operation Staunch) aparanda da İsrail tərəfindən İrana silah satışı davam etdirilmişdir.

Təl-Əviv Universiteti nəzdindəki Yaffe Strateji Araştırmalar İnstitutunun bildirisinə əsasən, İran 1981-1983-cü illərdə İsraildən 500 milyon dollar dəyərində silah almışdır və ödənişin əsas hissəsini neftlə ödəmişdir (Bax: Trita Parsi. Treacherous alliance. The Secret Dealings of Israel, Iran and U.S., Yale University Press, 2007, p. 106-107).

Vaşinqtondakı Corctaun Universitetinin  professoru, “Intelligence and National Security” (“Kəşfiyyat və Milli Təhlükəsizlik”) jurnalının baş redaktoru, prof. Mark Fitian (M.Phythian) bildirir ki, İraq ordusunun sürətli hücumunu ləngitmək  və onun asan qələbəsinin qarşını almaq məqsədilə ABŞ-ın razılığı ilə İsrail Bağdada hava hücumu etmək üçün  İrana şərait yaratmışdı (Bax: Mark  Phythian.  Arming Iraq: How the U.S. and Britain Secretly Built Saddam's War Machine. Northeastern University Press, 1997, p. 20).


Təl-Əvivdə  nəşr olunan gündəlik “Yediot axaronot - Son xəbərlər” qəzetinin hərbi şərhçisi, publisist Ronen Berqman etiraf edir ki,  başlanğıcda, yəni 1981-ci ildə, İsrail “Balıqqulağı” (“Operation Seashell”) kod adlı əməliyyat çərçivəsində  Cənubi Kiprin Larnaka hava limanı  vasitəsilə İrana 75 milyon dollar hərbi ləvazimat satıb. Hərbi yükləri əvvəlcə Argentinadan kiralanmış  “Transporte Aereo Rioplatense” hava şirkəti daşıyırmış, lakin təyyarə Ermənistanda qəzaya uğradıqdan sonra bu işi gəmiylə davam etdirmişlər (Bax: R. Bergman. The secret war with Iran.  New York, Free Press, 2008, pp. 40-48 ).


1955- 1979-cu illərdə İsrailin Tehranda hərbi attaşesi olmuş, İrandakı iş adamlarının  hamısını yaxından tanıyan Yaakov Nimrodinin (1926) vasitəçiliyi ilə İsrail 1982-ci ildə İrana 136 milyon dollar həcmində silah satmışdır.

Mossadın sabiq əməkdaşı Y.Nimrodi bu barədə 2004-cü ildə kitab da yazıb.  İsrailin Müdafiə naziri Ariel Şaron 1982-ci ilin mayında ABŞ-da keçirdiyi  mətbuat konfransında Amerikanın razılığı ilə İrana silah satdıqlarını açıqlamışdı. O, 28 sentyabr 1983-cü ildə Parisdə də İranı silahla təchiz etdiklərini bir daha bəyan etmişdi. Yeri gəlmişkən, İsrailin İrana silah satışına vasitəçilik edənlərdən biri  türk əsilli biznesmen Adnan Kaşıkçı (1935-2017), digəri də iranlı yəhudi milyarder Mənuçohr Qurbanifər (1945 ) olmuşdur. 1984-cü ilin baharında o zamankı Qərbi Almaniyanın kansleri Helmut Kox ABŞ prezidentinə İsrailin İrana 500 milyon dollarlıq silah satdığından şikayətlənmişdi.
1985-ci ildə Danimarka bayrağı altında üzən yük gəmiləri İsrailin Qırmızı dənizdəki Eilat limanından İranın Fars körfəzindəki Bəndər Abbas limanına 600-dən çox səfər etmiş və hərbi təyinatlı yüklər daşımışdır (Bax: The New York Times, 12.08.1991). 1986-cı ilin noyabr ayında Beyrutda (Livan) çıxan “الشراع -Əşşir'ə-Yelkən" jurnalında ABŞ və İsrailin İrana silah satdığını bildirən bir yazı  beynəlxalq qalmaqala səbəb olmuşdu. O zamankı prezident R.Reyqan 06.11.1986-cı ildə televiziya ilə çıxış edib xəbərin əsassız olduğunu söyləsə də,  bir həftə sonra, 13.11.1986-cı ildə o, xəbəri doğrulamışdı. Bu olay İran-Kontra qalmaqalı  (Iran–Contra affair) və ya İranqeyt (Irangate) adı ilə məşhurdur.


1986-cı ilin noyabr ayının 3-də Ceyn Hanterin ( Jane Hunter ) ABŞ-da nəşr olunan “Washington Report” jurnalındakı “İsrail silahının İrana satışı” başlıqlı məqaləsi geniş ictimai rəy doğurmuşdu. Yazıda iddia olunurdu ki, İrana 2,6 milyard dollar həcmində silah satmağa cəhd etdiyinə görə 5 nəfər şəxs  Bermud adalarında həbs olunmuşdur ( Bax: //www.wrmea.org/1986-november/israeli-arms-sales-to-iran.html).


Mənbələrdən məlum olur ki, iranlı bəzi vaizlər məscidlərdə cümə  xütbələrində, moizələrində İsraili kəskin tənqid atəşinə tutanda israilli texniklər, mütəxəssislər, hərbi müşavirlər iranlılara cani-dildən kömək edir, onlara yeni texnika ilə necə davranmağı öyrədir, əllərindən gələn köməyi əsirgəmirlərmiş. 1984-cü ildə idarə etdiyi F4 (Fhantom 4) reaktiv təyyarəsi ilə Səudiyyə Ərəbistanına qaçmış iranlı pilotun hava gəmisinə ekspert baxışı keçiriləndə məlmum olmuşdu ki, təyyarənin  çox hissəsi öncə İsrailə eksport olunmuş, daha sonra da İrana satılmış detallardan ibarətdir  ( Bax:  Jonathan Marshall. The Iran-Contra connection, Boston, 1987, p. 174).


İsrail həm də İran neftinin  satılmasında yardımçı olmuşdur. Beynəlxalq şirkətlər İranı tərk edib gedəndə, bir çox dövlət İran neftini almaqdan imtina edəndə yəhudi əsilli milyarder Mark Riç (Marc Rich 1934 - 2013) ABŞ-ın İran neftinə tətbiq etdiyi embarqonu heçə sayaraq, İran neftinin ticarətinə başlamış, İranın müəyyən dərəcədə böhrandan çıxmasına böyük yardım göstərmişdir. Buna görə Federal Təhqiqat Bürosu (FBI) uzun müddət onu təqib etmiş və yalnız Mossadın sabiq rəhbəri Avner Azuların şəxsən özünün ABŞ prezidenti Bıl Klintona yazılı müraciətindən sonra Mark Riç əvf olunmuşdur.

Politoloq Trita Parsi yazır ki, İsrailin yardımlarına  baxmayaraq, İran rəsmiləri nə İraqla muharibə zamanı, nə də ondan sonrakı dövrdə İsrailin yardımını etiraf etdilər. Əksinə, onlar İsraili islam düşməni olaraq qələmə verib özlərini dünya müsəlmanlarının hamisi, islamın dayağı olaraq təqdim etməyə çalışırlar ( Bax: Trita Parsi.  Treacherous Alliance, Yale University Press, 2007, p. 82).


Zənnimizcə, burada qeyd olunanlar  İranın İsraillə münasibətlərinin əslində yetərli dərəcədə qənaətbəxş olduğunu isbatlayır. Yəni, üzdə söylənilənlərlə əməllər bambaşqadır. Bizə elə gəlir ki, Azrbaycan dövlətini İsraillə əməkdaşlıqda ittiham edən İranın Azərbaycan Respublikasına soyuq münasibəti İsrailə  qısqanclığından qaynaqlanır, yəni, onu bizimlə paylaşa bilmir.  İsrail dövlətinin İrana etdiyi yardımlar barədə, əlbəttə ki, çox bəhs etmək olar. Bu yerdə yadıma Azərbaycanın məşhur şairi, əslən Şuşadan olan Qasım bəy Zakirin (1784-1857) tanış misraları düşür. Həmin misralarda insanlara şəriətdən moizələr oxuyub haram yeməməkdən dəm vuran bir vaizdən bəhs olunur:

Vaiz oxur bizə şəri- Mustafa:

“Harama mürtəkib olmayın əsla”.

Özü lum-lum udur batində, amma

Zahirdə dediyi mənaya bir bax…


Azərbaycan Respublikasının İsraillə strateji əməkdaşlığını və dostluğunu  İran İslam Cümhuriyyətinin təhlükəsizliyinə təhdid kimi baxmaq böyük yanlışlıqdır. Bizim dövlət yetkililəri dəfələrlə “Azərbaycan Respublikası heç vaxt öz ərazisindən qonşu dövlətlərə qarşı fəaliyyət göstərilməsinə imkan verməyəcəkdir” fikrini səsləndiriblər.


Azərbaycan Respublikası da İran İslam Cümhuriyyəti kimi suveren, müstəqil dövlətdir və yürütdüyü həm daxili, həm də xarici siyasətində ərazi ölçüsündən,  əhali sayından asılı olmayaraq, heç bir dövlət ona nəyi necə etməyi, kimlə dost olub, kimlə əlaqə qurmağı diktə edə bilməz. Başda qonşu dövlətlər olmaqla, bütün dövlətlərlə münasibətdə dinc yanaşı yaşamaq siyasəti aparan, heç kimin daxili işinə  müdaxilə etməyən, hamının suverenliyinə hörmətlə yanaşan Azərbaycan Respublikası özünə qarşı münasibətdə də eyni prinsipə riayət edilməsini istəyir.


İranlılar təhlükəli və riskli bir işlə məşğul olmağa “ با دم شیر بازی كردن – Ba dom-e şir bazi kərdən - aslanın quyruğu ilə oynamaq” deyirlər. “Bir əyalət mollası” da bizim Zəngəzur dəhlizi açmaq istəyimizi  belə dəyərləndirib. O imamcümə unudur ki,  bizlərdə də heç kimdən və heç nədən qorxub çəkinməyənlərə “QURD ürəyi yeyib” söylənilir. Dünyanın super dövlətləri ilə paritet münasibətlər quran,  ən modern silahlarla təchiz edilmiş, QURD ürəkli igidləri olan Azərbaycan Respublikasının Müzəffər Ordusu onun istəklərinə qarşı gələn istənilən qüvvəni diz çökdürər və qardaş Türkiyə ilə birlikdə Türkistana gedəcək  Zəngəzur dəhlizini ən qısa zamanda açar.

 

Ramazan SİRACOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır