Modern.az

Çin Ukrayna müharibəsindən əziyyət çəkir - ŞƏRH

Çin Ukrayna müharibəsindən əziyyət çəkir - ŞƏRH

23 Fevral 2023, 15:22

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü, partiyanın xarici işlər üzrə komissiyasının dəftərxana rəhbəri Van Yi Rusiyaya səfəri zamanı həmkarı Sergey Lavrov və Kreml sahibi Vladimir Putinlə görüşüb. Çinli diplomatın Moskvada ən yadda qalan açıqlaması bu olub: “Çin və Rusiya strateji qərarlılığa və çoxqütblü dünyaya sadiqdirlər”.

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Çinin baş diplomatının Rusiyaya səfərini şərh edərkən deyib. O xatırladıb ki, Van Yi Moskvadan əvvəl Avropa ölkələrində olub. 

 

Çin rəsmisi Brüsseldə olarkən Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Cozep Borrelə belə bir sual verib: “Qərb Ukraynaya hərbi texnika satarkən, Çinə Rusiyaya hərbi texnika satmağı niyə qadağan etmisiz?” Aydındır ki, bu sualı səsləndirən çinli diplomat Kremldə yüksək səviyyədə qarşılanıb və onunla geniş fikir mübadiləsi aparılıb. Əslində Çin Rusiyaya hərbi texnika satmağa hazırlaşmır, sadəcə çinli rəsmilər Qərbin Çinə nəyisə qadağan etməsini doğru saymırlar.

 

Politoloqun sözlərinə görə, Kreml Çindən arxayındır. Buna baxmayaraq, Pekin Moskvanı anlatmağa çalışır ki, Ukraynada müharibənin davamı Çinə Qərblə münasibətlərdə əlavə problemlər yaradıb, bu, Çin iqtisadiyyatına və ticarət əlaqələrinə mənfi təsir edib.

 

"Pekin Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə görə Qərbin sanksiyaları ilə üzləşmək istəmir. “Bloomberg” agentliyinin məlumatına görə, Çin lideri Si Tsinpinin müharibənin dayandırılmasıyla bağlı təklifləri var. Pekinin sülh təklifləri reallaşmayacaq. Çünki bu təkliflərin içərisində Ukraynaya silah və hərbi texnikanın verilməsinin dayandırılması bəndi də var. Bunun reallaşması mümkün deyil. Kremlin özü də Pekinin təkliflərinə maraq göstərmir. Kremlin Pekindən əsas istəyi iki ölkənin birgə səyləri ilə Amerikanın hegemonluğuna son qoyaraq çoxqütblü dünya formalaşdırmaqdır. Pekin çoxqütblü dünyanın formalaşdırılmasının tərəfdarıdır, ancaq Kreml kimi Qərblə açıq qarşıdurmanın əleyhinədir", - Elxan Şahinoğlu vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü