Modern.az

Stoltenberqin Cənubi Qafqaz səfəri - Regionun NATO üçün ÖNƏMİ

Stoltenberqin Cənubi Qafqaz səfəri - Regionun NATO üçün ÖNƏMİ

Analitika

18 Mart 2024, 17:11

NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfəri əhəmiyyətli tarixi-siyasi dönəmə təsadüf edir. Martın 17-18-də Azərbaycanda, 18-də Gürcüstanda, 19-da isə Ermənistanda görüşləri səfər planına daxil edilmiş Stoltenberqin hər üç ölkədə yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub. Artıq Azərbaycanda səfərini başa vurmuş baş katib ölkə başçısı, XİN rəhbəri və müdafiə naziri ilə görüşüb, bir sıra məsələlər müzakirə olunub.

 

Sülhlə bağlı məsələlər, Azərbaycan-NATO münasibətləri, minatəmizləmə və digər mövzularda aparılan fikir mübadiləsi diqqəti xüsusi cəlb edir. NATO baş katibi qismində Azərbaycana ilk dəfə səfər edən Yens Stoltenberq buradan Gürcüstana yollanıb. Ümumilikdə Cənubi Qafqaza səfərin hərbi-siyasi konteksti və maraqlı dövrdə baş tutması qeyd olunmalıdır.

 

Rusiya-Ukrayna müharibəsinin kritik məcraya daxil olduğu vaxtda, habelə Gürcüstanın Avropa İttifaqına rəsmən namizəd statusu almasından az sonra, Ermənistanın tədricən Moskvadan uzaqlaşaraq Qərb vektoru üzrə xarici siyasət kursu seçdiyi zamanda edilən səfər həm də Türkiyə XİN başçısı və Milli Kəşfiyyat Təşkilatının (MİT) ABŞ-a səfərindən sonraya təsadüf edir.

 

 

Baş katibin Cənubi Qafqaza səfər çərçivəsində hər üç ölkənin paytaxına baş çəkməsi NATO-nun region ölkələrinə bərabərsəviyyəli münasibətinin göstəricisidir. Mümkün ssenarilər arasında bölgədə yarana biləcək güc boşluğunu doldurmaq üçün müəyyən addımlar maraq dairəsində ola bilər. Onu da vurğulamaq lazımdır ki, Qafqaz NATO-ya qonşu olan region hesab olunur.

 

NATO-nun ən əsas üzvlərindən biri, alyansın ən böyük ordularından birinə sahib olan ölkə, təşkilatın cənub qanadını təşkil edən və böyük strateji əhəmiyyətə malik Türkiyə Cümhuriyyəti hər üç Cənubi Qafqaz respublikası ilə ümumi sərhədlərə malikdir. Bu baxımdan NATO-nun Qafqazla əlaqələri Qərb ölkələri vasitəsilə yox, məhz Türkiyə üzərindən koordinasiya edilə bilər.

 

Qeyd etmək vacibdir ki, Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstan açıq şəkildə NATO-ya üzv olmaq məqsədini elan edib və bu sahədə əməkdaşlığı dərinləşdirmək niyyətini ortaya qoyub. Bu baxımdan Stoltenberqin Tiflisə səfəri Bakı və İrəvana olan səfərlərdən müəyyən qədər fərqlənə bilər. Burada müzakirə olunan məsələlərin əhatəsinin və mövzuların spektrinin nisbətən daha geniş olması gözləniləndir.

 

 

Bakı və İrəvana səfər çərçivəsində əsas diqqət isə sülh prosesinə yönəlib. Stoltenberqin Bakıda səsləndirdiyi mesajlar da buna dəlalət edir. Azərbaycanın və Ermənistanın sülhə çox yaxın olması ilə bağlı mövqeyin təqdir olunması da bununla bağlıdır: "Azərbaycan və Ermənistanın indi uzun illər davam edən münaqişədən sonra davamlı sülh əldə etmək imkanı var".

 

Stoltenberqin Gürcüstana və Ermənistana səfərləri də diqqət mərkəzindədir. Bu səfərlər başa çatdıqdan sonra NATO baş katibinin bütövlükdə regiona səfərinin nəticələrini dəyərləndirmək mümkün olacaq. İstənilən halda səfərin siyasi əhəmiyyəti olduqca böyükdür.

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir