Rusiya-Ukrayna müharibəsi fonunda son zamanlar müəyyən yeni irəliləyişlər özünü göstərir. Ukrayna artıq rusiya ərazisində dron hücumları həyata keçirməkdədir. Bununla yanaşı, Ukrayna Rusiyaya dəstəyi ilə seçilən Belarusa qarşı da addımlar atır. Belə ki, Ukrayna lideri bir müddət əvvəl Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyəti dayandırılmasa, bir həftə sonra Ukrayna bu məsələni özü həll edəcək deyə xəbərdarlıq edib. Bundan başqa bir neçə gün öncə Belarus lideri Aleksandr Lukaşenko isə Zelenskini hədələdiyini söyləyib. Yəni, artıq Ukrayna ilə Belarus arasında da hərbi eskalasiyanın yaranması ehtimalı yüksəkdir. Elə bu yerdə Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu xatırlamaq yerinə düşər. Belə olan halda sual meydana çıxır ki, Belarus KTMT-dən yardım istədiyi halda Qazaxıstan və Qırğızıstanın reaksiyası necə olacaq?
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Mərkəzi Asiyanın bu iki dövləti KTMT üzvü olsalar da, Belarusun dəstək çağırışına seyrçi qalacaqlar:
"Ona görə ki, əvvəla, Belarus Rusiyanın Ukraynaya qarşı işğalçı planlarına şərikdirsə, bunun Qazaxıstana və Qırğızıstana aidiyyatı yoxdur. İkincisi, Qazaxıstan və Qırğızıstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Doğrudur, 2022-ci ilin yanvar ayında Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev ölkədəki iğtişaşlarla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəmişdi və dəstəyə görə təşkilata minnətdarlığını bildirmişdi. Ancaq Qazaxıstandakı iğtişaşların yatırılmasıyla Ukraynaya qarşı işğalçı müharibəyə dəstək arasında böyük fərq var. Digər tərəfdən Minskin çağırışına Qazaxıstan və Qırğızıstan müsbət reaksiya verməyəcəkləri halda bu KTMT-nin nüfuzuna növbəti zərbə olacaq. Öz növbəsində bu Ermənistanın KTMT üzvlüyündən çıxmasını asanlaşdırar".
Politoloqun sözlərinə görə, Qazaxıstan Müdafiə Nazirliyinin iyunun 29-dan iyulun 2-dək qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üzrə planlı təlimlərin keçiriləcəyini açıqlaması təsadüfi deyil:
"Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda “Müdafiə Nazirliyi vətəndaşları, sosial şəbəkə istifadəçilərini və media nümayəndələrini yalnız rəsmi mənbələrin yaydığı məlumatlara etibar etməyə çağırıb” cümləsi də diqqəti çəkib. Bu təlimlər Qazaxıstanın öz ordusunu işğalçı müharibə aparan dövlətin müttəfiqinin ərazisini qorumağa hədəflənməyib, əksinə Astanaya təzyiq etmək istəyənlərə mesajdır".