Modern.az

Bir şəklin tarixçəsi - Xocalıda sonuncu toy...  

Bir şəklin tarixçəsi - Xocalıda sonuncu toy...   

26 Fevral 2019, 10:47

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotonun adı simvolik olaraq “Xocalıda sonuncu toy”dur.


Zaman 1992-ci il... Məkan Xocalı şəhəri... Dəhşətli soyqırımından xeyli əvvəl...

Aylardır düşmən mühasirəsində yaşayan, müqavimət göstərən, min bir çətinliyə sinə gərən  Xocalı sakinləri bütün problemlərə rəğmən ruhdan düşmür, hətta toy-nişan mərasimini belə təxirə salmırdılar. Sabaha ümid, gələcəyə inam vardı... Onda heç kimin ağlına gəlməzdi ki, Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birləşib Xocalı şəhərini yerlə-yeksan edərək, insanlığa və bəşəriyyətə qarşı qətliam gerçəkləşdirə bilərlər. Şübhəsiz ki, Rusiyanın 366-cı motoatıcı alayı olmasaydı bəlkə də bunu edə bilməzdilər... Amma Xankəndində yerləşən 366-cı alayının rus hərbçiləri mənfur ermənilərə bu soyqırımını reallaşdırmaqda dəstək verdilər...

Modern.az Xocalı sakinlərindən birinin sosial şəbəkədə paylaşdığı bu fotoşəkilə verdiyi tükürpədən şərhi də təqdim edir:

“Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdişi də əsir götürüldü. Sonra da o yaraşıqlı oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu”.


Xocalıdakı vəhşi cinayət nəticəsində dinc sakinlər, o cümlədən qocalar, uşaqlar, qadınlar ya qətlə yetirildilər, ya da girov götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qaldılar. İnsanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları və başları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edildi.

Dəhşətli soyqırımı nəticəsində, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində

- 8 ailə tamamilə məhv edilib;

- 56 insan işgəncə ilə öldürülüb;

- 27 ailənin yalnız 1 üzvü qalıb;

- 25 uşaq hər iki valideynini itirib;

- 130 uşaq valideynlərindən birini itirib;

- 230 ailə öz başçısını itirib;

- 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);

- 1275 nəfər dinc sakin girov götürülüb;

- 1165 insan girovluqdan azad edilib;

- 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi