Arxiv
9 Dekabr 2011, 12:16 | MÜSAHİBƏ
"525-ci qəzet"in baş redaktor müavini: “Bəzi dostlarımın yazılarını qəsdən oxumuram”

Yusif Rzayev: “Sözlə nəyisə dəyişmək olmurmuş...”

- Necə oldu ki, jurnalist oldunuz? Şəxsi seçiminiz idi?

- Ədəbiyyata uşaqlıqdan marağım olub. Orta məktəbdə oxuduğum illərdə əlimə düşən bütün bədii kitabları böyük maraqla oxuyur, ədəbi qəzet və jurnalları müntəzəm izləyirdim. Amma atam məni başqa peşənin sahibi görmək istəyirdi. Atam ixtisasca mühasibdir. Çox istəyirdi ki, mən də onun yolunu davam elətdirim. Onu da deyim ki, mən orta məktəbdə riyaziyyatı çox yaxşı oxuyardım, o vaxt fənn müəllimim də riyaziyyatçı olacağımı düşünürdü. Nə isə, orta məktəbi bitirəndə atamın istəyilə sənədlərimi indiki İqtisad Universitetinə verdim, amma qəbul ola bilmədim. Növbəti il öz istəyimlə indiki Bakı Dövlət Universitetinə, jurnalistika fakültəsinə girdim. Amma düzünü deyim, son illər jurnalistikanın vəziyyəti, bu sahədəki sürətli tənəzzülü görəndə bir neçə dəfə peşmançılıq hissi keçirmişəm - atamın dediyi yolla getmədiyim üçün...

- 20 ildir ki, jurnalistikadasınız. Bu illər ərzində nə dəyişdi?

- Nə dəyişmədi ki? Çox şey dəyişdi, özü də təəssüf ki, mənfiyə doğru dəyişdi. Birincisi və ən başlıcası medianın iqtisadi durumu pisləşdi. Təxminən 15 il qabaq media qurumlarının əksəriyyətinə peşəkarlar rəhbərlik edirdilər. İndi onların çoxu müxtəlif səbəblərdən qırağa çəkiliblər, daha doğrusu, buna məcbur olublar, meydan qalıb diletantlara. Qalan üç-beş nəfər peşəkar da Don Kixot kimi yel dəyirmanı ilə vuruşur, yəqin, onların bu gün gördükləri iş heç özlərinə də zövq vermir...

- İndiki jurnalistlərin əvvəlkilərlə müqayisədə daha az peşəkar olduğunu düşünürsünüz?

- Peşəkarlıq iş prosesində mənimsənilir, şübhəsiz, istedad olmalıdır, biz də istedadlı adamlardan danışırıq – istedadsızlarla bizim nə işimiz. Amma peşəkarlığın qazanılması üçün mühit, mühit üçün şərait, şərait üçünsə iqtisadi cəhətdən güclü media olmalıdır. O qədər istedadlı gənclər var bu gün, amma onların yetişməsi üçün şərait lazımdır. Bu şəraiti yaradacaq yer isə onun çalışdığı iş yeri ola bilər. Onların da vəziyyəti göz qabağındadır. Fikir vermisinizsə, bu gün jurnalistikada az-çox görünən janr publisistikadır. Niyə? Ona görə ki, publisistik yazı üçün maddi vəsait lazım deyil, amma məsələn, araşdırma üçün lazımdır. 10-15 il əvvəl bizdə çox ciddi araşdırma yazıları yazılırdı, çünki o vaxtlar medianın iqtisadi durumu indikindən xeyli yaxşı idi. Və bu yolla həm rəngarəng yazılar yazılırdı, həm də gənclər təcrübə qazanırdılar. İndi, dediyim kimi, bir publisistika janrı var ortada, heç düzünə qalsa, bu yazılara görə də yazarların elə yüksək məbləğdə qonorar aldıqlarını düşünmürəm. Bu problemlərə rəğmən, bu gün ürəyinin odunu qoyub yazan qələm adamları böyük fədakarlıq göstərirlər. Özü də onların əksəriyyəti gənclərdir. İndi onlara necə “siz az peşəkarsınız” demək olar?

- Sosial medianı (bloqlar, facebook, twitter və s.) çap mətbuatına rəqib kimi görürsünüzmü?

- Cəmiyyətə kiçikcik bir informasiya verən istənilən yayım vasitəsi bir-birinin rəqibidir. Və belə mənbələrin çox olması həm cəmiyyətin, həm də medianın inkişafı üçün xeyirlidir. Qüsurlar, çatışmazlıqlar hər yerdə var və onlar zaman keçdikcə həllini tapacaq.

- Qəzetləri saytdan oxuyursunuz, yoxsa kağızdan?

- Hər ikisindən, elə ciddi fərq hiss eləmirəm.

- Kitabları necə? Elektron kitab oxuya bilirsinizmi?

- Müxtəlif hekayələrin elektron versiyasını oxuduğum olub, amma iri həcmli əsər oxumağa səbrim çatmır. Bu yaxınlarda Berdyayevin bir əsərinin elektron versiyasını oxumaq istədim, çox poetik və rahat dili olsa da, hövsələm çatmadı oxumağa.

- Sizin yaxşı qələminiz olduğunu deyirlər. Niyə yazmırsız?

- Çox şey deyə bilərlər, fikir verməyin. Zarafat öz yerində, mən uzun illər idi ki, sözlə nəyisə dəyişməyin mümkünlüyünə inamımı itirmişdim, ona görə də dostlarımın da təkidinə rəğmən yazmaqdan, necə deyərlər, küsmüşdüm. Amma bu yaxınlarda həyatımda müsbət mənada bir təlatüm baş verdi, bir ilahi güc içimdə çoxdan öldüyünü düşündüyüm elə nöqtələri diriltdi ki, deyəsən, küskünlüyün daşını atası olacam...

- Bir cümlə ilə redaktorluğu ifadə edə bilərsinizmi?

- Redaktor yazarla oxucu arasında tərcüməçidir, o hər ikisinin dili mükəmməl bilməyə borcludur. Deyəsən, bir az iddialı çıxdı, hə?

- Yaxşı redaktor olmaq çətindir, yoxsa yaxşı yazar?

- Heç biri asan deyil, amma yaxşı yazar olmaq daha yaxşıdır. Məncə, insan övladının dünyada zövq ala biləcəyi ən gözəl nemətlərdən biri də yazmaqdı, amma hamı da yaza bilmir axı, ona görə də yazmaq istedadı olanlar gərək bunun qədrini bilsinlər. Amma peşəkar redaktor da çölə tökülməyib. Məsələn, dünyada Maksvell Perkins kimi bir naşir-redaktor nümunəsi var, bu adam dünyanın Fitscerald, Heminquey, Tomas Vulf kimi böyük yazıçılarının yaradıcılığında çox önəmli rolu olub. Tək bir faktı deyim, Perkinsin israrı ilə Vulf bir romanında 90 min söz ixtisar edib. Belə dahi redaktorun yaxşı yazıçıdan nəyi əskikdir ki?

- Ədəbi prosesi izləyirsinizmi?

- Bacardığım qədər izləməyə çalışıram. Bir də bu gün jurnalstikanın publisistika janrına daha çox bədii yaradıcılıqla məşğul olan cavanlar müraciət edirlər. Mən də gənc yazarları daha çox tanımaq istəyirəm. Yuxarı nəslə özümə görə azdan-çoxdan bələdçiliyim var. Kimin nə yazmasının, kimin nə qədər istedadlı olmasının dəxli yoxdu, sözün o qədər də qiymətli sayılmadığı bir dövrdə əgər indi gənclər çətinliklərə rəğmən oturub nəsə yazırlarsa, məncə, bunu alqışlamaq lazımdı. Onlar neynirlər ki, kimə mane olurlar ki, bütün hallarda ədəbiyyata xidmət edirlər. Özü də istedadlı gənclər də az deyil. Bir də, bizim qəzetdə də ədəbiyyat nümunələri çap olunduğundan istər-istəməz bu prosesi izləməli oluram. Məsələn, Qismətin, Aysel Əlizadənin həm bədii yazılarını, həm də publisistikasını böyük zövqlə oxuyuram. Mövludla Zərdüştün də yazıları maraqlıdır. Bu günlərdə facebookda Nicat Qafuroğlunun bir şerini oxudum, çox bəyəndim, sonra da dost olduq. Günel Mövludun çox gözəl şerləri var, Seymur Baycanın, Əli Əkbərin, Aqşinin yazılarını izləyirəm. Amma nə gizlədim, Tural, hələ sənin “Mustafa”nı görməmişəm.

- Çağdaşlarınız yazdıqları arasında redaktə etmək istədiyiniz roman varmı?

- Mən redaktə məsələsinə bir az fərqli yanaşıram. Həmişə çalışıram ki, müəllifin üslubuna, təhkiyəsinə toxunmayım, məsələn, əgər cümlə belə gedə bilərsə, niyə mən ona toxunum? Bu mənada indiyəcən işlədiyim müəlliflərin heç biri ilə aramızda, xırda-para anlaşılmazlıqları çıxsaq, elə bir ciddi problem olmayıb. Birdən də elə yazı olur ki, sən istəmirsən, amma yazıq cümlələr bar-bar bağırır ki, sən Allahın, məni bunun əlindən qurtar, qoyma belə gedim. Hə, bax onda məcbur olursan müəllifin yox, cümlələrin tərəfində dayanmağa. O ki qaldı roman məsələsinə, mən tay-tuşlarımın nə yazdıqlarına müəyyən mənada bələdəm, oxumadıqlırımı da qəsdən oxumuram, çünki onların da, türkün sözü, kafalarına bələdəm. Amma şəxsi münasibətlərimiz var, lap belə yaxın dostum olanları da var, amma yazdıqlarını qəsdən oxumuram, fikirləşirəm, birdən oxuyaram, bir söz deyərəm xətirlərinə dəyər, yaxşısı budu heç oxumayım. Ona görə də, şükürlər olsun ki, hələ bu durumla üzləşməmişəm.

Qan Turalı
"Kulis.az"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mənzildən qadın meyiti tapıldı 30 Sentyabr 2020, 00:54 Polad Bülbüloğlu Rusiya XİN-ə çağırıldı 30 Sentyabr 2020, 00:43 UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi 30 Sentyabr 2020, 00:29 Gəncədə ağır qəza: 1 ölü, 4 yaralı 30 Sentyabr 2020, 00:12 Gürcüstanda koronavirusdan daha 2 nəfər ölüb 29 Sentyabr 2020, 23:59 Baş nazirdən 2021-ci il dövlət büdcəsi ilə bağlı QƏRAR 29 Sentyabr 2020, 23:46 Gürcüstan ermənilərindən TƏXRİBAT - Türkiyə ilə sərhədi bağladılar 29 Sentyabr 2020, 23:42 Niderland cəbhədəki vəziyyətlə bağlı məlumatlandırılıb 29 Sentyabr 2020, 23:38 Ermənilər ciddi itkilər verib: “Ölü sayı sabah açıqlanacaq” 29 Sentyabr 2020, 23:26 Prezidentdən suriyalı muzdlularla bağlı iddialara CAVAB 29 Sentyabr 2020, 23:22 “Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan” - İlham Əliyev 29 Sentyabr 2020, 23:21 Ermənistan ordusunun mövqeləri darmadağın EDİLDİ 29 Sentyabr 2020, 23:13 Ölkəmizdəki xarici hərbi attaşelər əməliyyat şəraiti barədə məlumatlandırılıb 29 Sentyabr 2020, 23:09 Erməni hərbçi belə yalvardı  - VİDEO 29 Sentyabr 2020, 22:59 Qətərin Əmiri İlham Əliyevə telefonla zəng edib 29 Sentyabr 2020, 22:26 “Röyters” ermənilərin yalanını ifşa etdi 29 Sentyabr 2020, 22:24 İlham Əliyev: “Təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin” 29 Sentyabr 2020, 22:19 Xocalıda qətliam törədən “Arabo” batalyonunun komandiri Qarabağa GƏLİR 29 Sentyabr 2020, 22:17 Müdafiə Nazirliyindən Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı PAYLAŞIM 29 Sentyabr 2020, 22:05 Litva Dağlıq Qarabağdakı gərginlikdən narahatdır 29 Sentyabr 2020, 21:51 Ermənilər Zobucuq qəsəbəsindəki xəstəxananı atəşə tutdu 29 Sentyabr 2020, 21:40 Baş Prokurorluqdan Rusiyaya müraciət: 20 minədək erməninin Qarabağa göndərilməsi... 29 Sentyabr 2020, 21:32 BMT Təhlükəsizlik Şurası 27 il sonra Qarabağ üçün TOPLAŞIR – 15 ÜZV ÖLKƏ 29 Sentyabr 2020, 21:21 Ədliyyə işçiləri Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 600 min manat köçürdü 29 Sentyabr 2020, 21:13 Fuad Oktay Əli Əsədova zəng etdi 29 Sentyabr 2020, 21:07 Teledərslərin sentyabrın 30-u üçün cədvəli müəyyənləşib - FOTO 29 Sentyabr 2020, 20:57 Putin Paşinyanla DANIŞDI: “Qarabağda döyüşlərin davam etməsindən narahatıq” 29 Sentyabr 2020, 20:56 “Sülhdən danışmaq hələ çox tezdir” - Metyu Brayza 29 Sentyabr 2020, 20:53 Bakıda növbəti polis reydi keçirilib 29 Sentyabr 2020, 20:41 “Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Ömər Çelik 29 Sentyabr 2020, 20:30 Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! - Mehriban Əliyeva 29 Sentyabr 2020, 20:23 Gürcüstandan hərbi yüklərin tranzitinə qadağa qoyulub 29 Sentyabr 2020, 20:13 Ermənilərin atdığı mərmi Goranboyda yaşayış evlərinə düşüb 29 Sentyabr 2020, 20:00 İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu 29 Sentyabr 2020, 19:50 Müdafiə Nazirliyi Ermənistanın məhv edilən yüksək rütbəli zabitlərin adlarını AÇIQLADI 29 Sentyabr 2020, 19:30