Modern.az

Həmsədrlər yenə riyakarlıq etdilər

Həmsədrlər yenə riyakarlıq etdilər

Analitika

10 Sentyabr 2019, 15:51

“ATƏT-in Minsk qrupunin həmsədrləri sentyabrın 8-də Dağlıq Qarabağda “yerli seçkilər”in keçirilməsi ilə əlaqədar bəyanat yayıblar. Bəyanatda da vurğulandığı kimi, “həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır”. Yəni beynəlxalq vasitəçilər demək istəyirlər ki, axı ermənilər özlərini necəsə idarə etməlidirlər və biz buna normal yanaşırıq”.

 

Modern.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, işğal altındakı torpaqlarda qanunsuz olsa da, hansısa “idarəetmə” forması qəbul edilsə belə, həmsədrlərin bəyanatında bölgədə yaşamalı olan azərbaycanlılardan söhbət açılmır:

“Axı etnik təmizlik aparıldıqdan sonra bölgədə həyata keçirilən istənilən “seçki” yalnız bir etnosun maraqlarına cavab verir və verəcək. Həmsədrlərin bəyanatında bu barədə bir kəlmə də yoxdur. Əslində həmsədrlər məsələyə ədalətli yanaşsaydılar, heç olmazsa bir cümlə yazmalıydılar ki, “gələcəkdə iki icmanın birgə keçirəcəyi seçkilər bölgə əhalisinin tamamının maraqlarını təmin edəcək”.

İkincisi, həmsədrlər bu bəyanatlarında Azərbaycanı iki cümlə ilə sakitləşdirməyə çalışıblar:

“Ancaq Dağlıq Qarabağ nə ATƏT-in Minsk qrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren ölkə kimi tanınır. Bu “seçkilərin” nəticələrinə də Dağlıq Qarabağın hüquqi statusuna təsir edən amil kimi baxılmamalı, heç bir halda bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş hazırkı danışıqların nəticələrinə xələl gətirməməlidir”.

Yaxşı cümlələrdir, ancaq nə faydası. Gələn il separatçılar “prezident” seçkisi də keçirəcək və həmsədrlər bu bəyanatı olduğu kimi təkrarlayacaqlar, yeganə fərq “yerli seçkilər” ifadəsinin “prezident seçkisi” ifadəsiylə əvəzlənməsi olacaq. Münaqişənin həlli yerindən tərpənmədiyi kimi təkrarlanan bəyanatlarda da yeni heç nə yoxdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...