Modern.az

Vahid Əhmədov: "Mən, Ziya Məmmədov və Zeynal Nağdəliyev faktiki ölümlə üzləşdik” - MÜSAHİBƏ

Vahid Əhmədov: "Mən, Ziya Məmmədov və Zeynal Nağdəliyev faktiki ölümlə üzləşdik” - MÜSAHİBƏ

Müsahibə

2 Mart 2012, 17:39

52 saylı Quba seçki dairəsindən deputat Vahid Əhmədov martın 2-də “Media forum” saytının suallarını cavablandırıb.

- Qubada vəziyyət necədir?

- Hazırda Qubadayam, vəziyyət sabitdir, elə bir problem yoxdur. Hər kəs öz işi ilə məşğuldur. Nəqliyyat naziri Ziya Məmmədov da Qubadadır. Yəqin ki, axşam Bakıya qayıdacaq. Mən də gecə qayıtmağı planlaşdırıram. Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev də dünən bütün gecə Qubada olub və bu gün səhərə yaxın Bakıya qayıtdı.

- Martın 2-də rayonda hər hansı aksiya, buna cəhd olubmu?

- Heç bir aksiya, belə bir cəhd olmayıb. Rayonda yolun bağlanması, hasarın çəkilməsi kimi bir-iki problem vardı. Qələdüz kəndində camaatın çaya düşən yolunu hasara alıb bağlamışdılar. Onları da nəqliyyat naziri Ziya Məmmədov həll etdi. Hasarın sökülməsi haqda göstəriş verdi və sökdülər. Ona görə də ciddi problem yoxdur. Səhər tezdən Qələdüzda olmuşam, orada da sakitlikdir, problem yoxdur.

- Qubada problemin həll olunduğunu demək olarmı? Mitinqlərin yenidən başlaması ehtimalı varmı?

- Təzə icra başçısı gəlsin, camaatla işləsin, görək necə olur. Hesab edirəm ki, sakitlik olacaq, problem yaranmayacaq. Hər şey yerli icra hakimiyyəti, hüquq mühafizə orqanlarının işindən, fəaliyyətindən asılıdır. Camaatla işləmək lazımdır. Ola bilər ki, kənar qüvvələr də bura müdaxilə ediblər.

Bu gün mən, rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Sahib Məmmədov, Prezident Administrasiyasının Quba üzrə kuratoru camaatı yığdıq, iclas keçirdik, insanlarla, rayonun dini dairələrinin nümayəndələri ilə danışdıq. Mən insanlara tövsiyələrimi verdim, dedim ki, nəzarət edin, sakitlik olsun.

- Martın 1-də həbs olunanlar azadlığa buraxılıb. Amma Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilir ki, baş verənlərlə bağlı cinayət işi açılıb. Yeni həbs olunanlar varmı? 

- Bu, hüquq mühafizə orqanlarının işidir. Ona görə də cinayət işinin hansı maddələrlə açıldığını bilmirəm. Amma bu gün həbs olunan yoxdur. Olsaydı, bilərdik.

- Martın 1-də hüquq mühafizə orqanlarının yüksək rütbəli nümayəndələri Qubaya gediblər. Onlar hazırda rayondadırlar?

- Bəli, buradadırlar və öz işləri ilə məşğul olurlar.

- Rauf Həbibov insanların narazılığına səbəb olmuş nitqini ötən il noyabrın 22-də söyləyib. Sizcə, bu çıxışın bu qədər sonra yayılmasında hansısa şübhəli məqamlar varmı?

- Bilirsiz, insanlar belə şeyləri qəbul etmirlər. Quba camaatı mərd, qürurlu camaatdır və belə hallarla barışmır. Axı insanların narazılığı yalnız çıxışla bağlı deyil. Bundan əvvəl də bir neçə dəfə söz-söhbət, narazılıq olub. Narazılıqlar üst-üstə yığılır və böyüyür.

Amma həyatdır da, belə hallar da olur. İnsan səhv edə bilər. Təbii ki, Rauf Həbibovun çıxışı qəbuledilməzdir və bunu pisləyirəm. Heç olmasa cənab prezident İlham Əliyevdən nümunə, dərs götürsünlər. Prezidentin insanlarla görüşlərinə, davranışına, hərəkətlərinə baxsınlar. Martın 1-də səhərdən axşamadək Qubada mitinq olub, insanlar narazılıqlarını bildiriblər. Mən, nəqliyyat naziri Ziya Məmmədov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev narazı kütlənin, mitinq iştirakçılarının qarşısına çıxdıq. Orada bir nəfər də prezidentin, hakimiyyətin əleyhinə bir kəlmə söz demədi. Hamı prezidenti dəstəkləyən şüarlar səsləndirirdi, dövlət başçısının portretlərini qaldırmışdılar. Yəni narazılıq hakimiyyətdən deyil, icra başçısındandır. Problemi də Rauf Həbibov özü yaratmışdı. Quba kənd rayonudur, insanlar bir-birini tanıyır, əziyyət çəkirlər, ağır zəhmətə qatlanırlar, çətin dolanırlar. Camaatla davranış qaydasını bilmək, dil tapmaq, işləmək lazımdır.

Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, cənab prezident İlham Əliyev Qubada baş verənlərlə bağlı çox humanist mövqe tutdu, axıra qədər silahdan atəş açılmadı, zor işlədilmədi, narazılığı sakitliklə yatıra bildik. Ciddi problemlərin olmasına, ağır anların yaşanmasına baxmayaraq prezident İlham Əliyev atəş açılmasına icazə vermədi.

- Baş verənlərlə bağlı İlham Əliyevlə danışığınız oldumu?

- Yox, prezidentlə əlaqəni nəqliyyat naziri Ziya Məmmədov saxlayırdı.

- Əslən Qubadansınız və 2005-ci ildən bu rayondan deputatsınız. Rauf Həbibovun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Problemlər vardı. Məsələn, Qələdüz kəndində insanların mal-qaranı örüşə apardığı yolu kəsmişdilər. Buna ehtiyac vardımı? Axı yox idi. Kənd camaatının hər gün istifadə etdiyi yolu kəsmək olar? Təbii ki, yolu kəsmək narazılıq yaradır, belə hallar qəbul olunmur. Kənd yerində insanlar mal-qoyun, toyuq-cücə saxlamaqla, torpaq becərməklə dolanırlar.

İcra başçısının fəaliyyətinə gəlincə, buna qiyməti cənab prezident verir. Mən nə deyim? Narazılıqlar çox idi, şikayətlər vardı. Bu məsələlər “yuxarı”da müzakirə olunurdu, “yuxarılar”ın da məsələlərdən, narazılıqlardan, həmin çıxışdan məlumatı vardı. Yəni camaat narazı idi və “yuxarılar” da bundan xəbərdar idi.

- Rauf Həbibovun belə bir çıxış etməsindən nə vaxt xəbər tutmuşdunuz?

- Mən təxminən yanvar ayının ortalarında bildim ki, Rauf Həbibov belə bir çıxış edib və insanlar narazıdır. Başqa məsələlər də olmuşdu. İnsanlar qrup-qrup mənim yanıma şikayətə gəlmişdilər. Sonra isə ayrı-ayrı adamlar gəlib şikayət etdilər. Bundan sonra mən Qubadakı vəziyyətlə bağlı lazımi yerlərə məlumat verdim, rayonda vəziyyətin gərgin olduğunu nəzərə çatdırdım. Dedim ki, problemin böyüməməsi, vəziyyətin daha da gərginləşməməsi üçün məsələ həll olunmalıdır, icra başçısını başqa yerə köçürün, digər adamlarınıza da deyin ki, sakit otursunlar. Bunu bütün orqanlar bilirdi.

- Məlumatı kimə vermişdiniz, məsələni kiminlə müzakirə etmişdiniz?

- Bunun o qədər də əhəmiyyəti yoxdur.

- İcra başçısının, digər vəzifəlilərin dəbdəbəli yaşayışı, təmtəraqlı evi, bir neçə ticarət obyektinin olmasını da insanları narazı salan amillər sırasında göstərmək olarmı?

- Təbii ki, bu amillər də var. Fakt faktlığında qalır, bunları gizlətmək olmaz. Rayonda, kənddə yaşayanlar kasıb camaatdır. Onlarla həmişə ehtiyatlı davranmaq lazımdır. Cənab prezident kimisə icra başçısı vəzifəsinə təyin edəndə deyir ki, gedin camaatla dil tapın, işləyin, problemləri həll edin. Yoxsa hər gələn burada 4-5 hektar torpaq sahəsi götürsün, nə istəyir etsin... Bura rayondur və belə hərəkətlərə yol vermək olmaz.

Martın 1-də mən, nəqliyyat naziri Ziya Məmmədov və Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev faktiki ölümlə üzləşdik. Çox ağır hadisələrin baş verməsi üçün hər şey hazır idi. Buna baxmayaraq biz geri çəkilmədik, ölümə getsək də, problemi həll etdik.

- Rauf Həbibovun həyat yoldaşı “Media forum” saytına deyib ki, aksiya yerində olan 10 maşından 9-u Bakıdan getmə olub...

- Bu barədə bir söz deyə bilmərəm. Amma biz insanların qarşısına çıxdıq, onlarla görüşdük. Gördük ki, mitinqdə iştirak edənlərin əksəriyyəti rayon mərkəzində yaşayanlardır. Düzdür, kəndlərdən gələnlər də vardı. Mən bir neçə nəfərdən soruşdum ki, haradan gəlmisiniz. Dedilər ki, kəndlərdən. Ola bilər ki, kənar qüvvələr də burada iştirak edib. Bunu mən deyə bilmərəm. Bunu hüquq mühafizə orqanları araşdırmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə! Qazaxın kəndlərində döyüş hazırlığı başladı