Modern.az

“Başa düşə bilmirəm ki, Azərbaycan dünya mətbuatında niyə belə geniş yer alır?”

“Başa düşə bilmirəm ki, Azərbaycan dünya mətbuatında niyə belə geniş yer alır?”

Müsahibə

4 May 2012, 18:13

"Azərbaycanı anti-İran kampaniyasına qoşmaq istəyi bu təzyiqin kökündə dayanan səbəblərdən biri ola bilər"

Modern.az saytının suallarını Milli Məclisin sədr müavini Bahar Muradova cavablandırıb.

- Şuşanın işğalının 20 illiyi ilə bağlı Milli Məclis beynəlxalq təşkilatlara müraciət göndərdi. Belə müraciətlərə cavab verilirmi?

- Biz müraciət kimi göndəririk. Ona kimsə cavab verə də bilər, verməyə də bilər. Bunun konkret bir proseduru yoxdur ki, mən müraciət etmişəmsə mütləq cavab verməlisiniz. Amma biz bu məsələni diqqətdə saxlamaqdan ötrü mütəmadi olaraq addımlar atırıq. Bu sənəd də bütün ölkələrin parlamentlərinə və beynəlxalq qurumlara göndərilib. Hesab edirəm ki, onların dəftərxanasında bu, qeydiyatdan keçib.

- Azərbaycana qarşı  bir sıra Avropa ölkəsi sərt mövqe sərgiləyir. Sizcə, bunun kökündə Azərbaycanı anti-İran kampaniyasına qoşmaq istəyi dayanmır ki?

- Bu, məsələnin kökündə dayanan səbəblərdən biri ola bilər. Azərbaycanı qonşu olduğu dövlətlə üz-üzə qoymaq və bununla da gücdən salmaq istəkləri hər zaman olub və Azərbaycan da açıq şəkildə bəyan edib ki, o, öz ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə edilməsinə imkan verməyəcək. Bu, bizim dövlətin rəsmi mövqeyidir. Bu da hər zaman səslənir və mən  hesab edirəm ki, bu rəsmi mövqe əsas götürülməlidir. Azərbaycanın getdikcə artan nüfuzu və söz sahibinə çevrilməsi, başıaşağı, sözə baxan, ələbaxan bir dövlət olmaması öz siyasətini müstəqil yeritməsi bəzilərini qane etmir. Kiçik dövlətlərin, sayca az olan xalqların idarə olunması böyüklərin qarşısında hər zaman bir məqsəd kimi durur. Yəni onlar regionda həm coğrafi, həm siyasi əhəmiyyəti olan ölkələrin özlərinin mövqeyinə yaxın bir siyasət yeritməsini istəyirlər. Təbii ki, bu Azərbaycanın maraqlarına uyğun deyil. Bəlkə də bu, məqsədli təzyiq deyil. Böyük dövlət burada öz marağını güdür. Bu marağın qarşısında dayanan amil nədirsə, onu sıradan çıxartmaq istəyəndə o bizə qarşı təzyiqə çevrilir. Düşünülməsin ki, yalnız Azərbaycana təzyiq göstəmək kimlərinsə marağındadır. Onlar ölkələrinin maraqlarını yeridirlər və bizim maraqlarımızla toqquşanda biz də öz marağımıza uyğun mövqeyi ortaya qoyuruq.

- Bahar xanım, bir sıra millət vəkili Milli Məclisdə Almaniyanın Azərbaycandakı səfirinin əleyhinə fikirlər səsləndirib. Buna Fransanın Azərbaycandakı səfiri münasibət bildirib ki, o, bundan heyrətlənib. Necə baxırsınız bu məsələyə?

- Mən də başa düşə bilmirəm ki, Azərbaycanla bağlı məsələlər dünya mətbuatında niyə belə geniş yer alır? “Avroviziya” müsabiqəsi ətrafınnda bu qədər qalmaqal yaratmaq istəyirlər, mən də bunu başa düşə bilmirəm, qəbul edə bilmirəm. Əgər bir ölkə ətrafında, bir ölkə rəhbərliyi, ölkədə görülən işlər, əldə edilən nailiyyətlər haqqında başqa ölkələrin mətbuatında gedən yazılar normal qiymətləndirilirsə, onda bir səfirin də mövqeyi, fəaliyyəti haqqında söylənilən fikirlər onlar tərəfindən normal qəbul olunmalıdır. Bəs onlar nəyə görə əsəbləşirlər və bunu qəbul etmək istəmirlər? Demək bu boyda dövlət, bütöv bir xalq haqqında nə istəsən yaza bilərsən, bir şəxs haqqında isə yox? Ona görə də burada ikili standart görünür. O açıqlamaları onların özlərinin insan haqları, söz azadlığı, mətbuat azadlığı kimi məsələlərə münasibətini şübhə altına qoyur.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü