Modern.az

Eks-deputat: “Toyuq-cücəyə yem atmaq o qədər zövqlü işdir ki!..” - MÜSAHİBƏ

Eks-deputat: “Toyuq-cücəyə yem atmaq o qədər zövqlü işdir ki!..” - MÜSAHİBƏ

14 İyun 2020, 12:01

Milli Məclisin keçmiş deputatı Tahir Süleymanov Modern.az-a müsahibə verib.

 

-Tahir müəllim necəsiz? Karantin günlərini necə keçirirsiz?

 

- Hamı kimi qaydalara riayət edirəm. “Evdə qal” kampaniyası dövründə də evdən çölə çıxmırdım. Bu bəla ümumdünya  bəlasıdır. Bizim də üzərimizə düşən vəzifə qaydaları pozmamaqdır. Şükürlər olsun ki, digər ölkələrə baxanda Azərbaycanda vəziyyət dəhşətli dərəcədə deyil. Ancaq biz bundan arxayın olmamalıyıq. Məsuliyyətli davranmalı və buna dözməliyik.

 

-Tahir müəllim, doğru qeyd etdiniz. Ancaq insan həyatının irəliləyən yaş pillələri var ki, bizdən asılı olmadan həssas dönəmlər başlayır. Bəzən sərt qaydalar zamanı geri qoyduğumuz illəri xatırlayırıq. Təbii ki, 80 yaşında insan gəncliyini düşünəndə mütləq kövrələcək. Siz  hazırda belə halları yaşayırsızmı?

 

-İnanın ki, ürəyimdən keçənləri dediz. Bizim də gənclik illərimiz olub. Ancaq bizim gəncliyimizə belə pandemiya təsadüf etməyib. Çox rahat gəncliyimizi yaşamışıq. O illərin yeri həyatımda bir başqadır. Reallıq da başqadır. Gənclik illəri geri qayıda bilirmi?! Əlbəttə yox. Ancaq bu koronavirus pandemiyası təkcə Azərbaycanımızı yox, bütün dünyanı bürüyən bəladır. Bütün bəşər övladına səbr arzulayıram. Bu bəlaya ancaq səbrlə qalib gəlmək mümkündür. Cənab prezidentimiz də dəfələrlə çıxışlarında xəbərdarlıq edib. Tibbi maska taxın, əllərinizi yuyun və sairə. Eyni zamanda, dövlətimiz bu bəla ilə mübarizədə xeyli işlər görür. Baxın görün nə qədər xəstəxana açılıb. Bunlsrın hamısı vətəndaşlarımızın sağlamlığı üçün edilir.

 

-Karantin müddəti aktiv həyat keçirən insanlar üçün heç də asan keçmir. Siz də həmişə işlə məşğul olmusuz. Neçə illər parlamentdə deputat kimi təmsil olunmusuz. İndi isə nəvələrinizin ətrafında evdə oturmusuz. Heç darıxmırsız?

 

-O qədər ləzzət edir ki mənə nəvələrin yanında vaxt keçirtmək... Heç darıxmıram da... Bu günlər də keçəcək. Yenə də qapılarda vağzalı çalınacaq, insanlar toylarını edəcək. Sadəcə qısa müddət ərzində buna dözməliyik.

 

-Dözək deyirsiz. Ancaq hər kəs özünütəcrid məsələsinə dözə bilmir. Əsasən də kişilər evdə xanımları ilə yola gedə bilmirlər. Tahir müəllimi də o dalaşqan kişilərə aid etmək olar?

 

-Məni dalaşqan kişilərə aid etmək olmaz. Xanımımla, qızımla, nəvələrimlə bir yerdə bu bəlanın tezliklə dünyamızı tərk etməsini arzulayırıq. Yoxsa dalaşıb nəyi bölə bilməyəcəyik ki!...Yenə deyirəm. Bu günlər keçəcək. Yenə də restoranlarda, toylarda, şadlıqlarda görüşəcəyik.  Sadəcə tələsməyin bir adı yoxdur.

 

-Koronavirus dünyanın düzənini pozub. Bu pandemiya bitəndən sonra heç də dünyanın yaxşı olacağı proqnozlaşdırılmır. İqtisadi çətinliklər bizi gözləyir.

 

-Anlayıram ki, indi insanların əsəbləri gərgindir. Pessimist olmayaq. Hazırda ğlkəmizdə taxıl biçinidir. Kənd təsərrüfatımızda hər şey qaydasında gedir. Hektarlarla taxıl biçilir, bostanlar əkilir. Həyat öz axarındadır. Səslənən fikirlər insanların psixoloji gərginlik yaşamasından irəli gəlir.

 

-Maraqlıdır, Tahir müəllim ümumi gərginliyi azaltmaq üçün nə edir?

 

-Hər gün 8-10 km məsafə piyada gəzirəm. Bu mənim üçün ən yaxşı idmandır. İdmanla hər bir xəstəliyə qalib gəlmək mümkündür.

 

-Sizi həm də təsərrüfatçı kimi tanıyırlarş Heç olmasa özünüz təsərrüfatla məşğul olursunuz?

 

-Şəxsi təsərrüfatım yoxdur. Ancaq həyətimdə bostanım, toyuq-cücəm var. Səhər yuxudan durub  toyuq-cücəyə yem atmaq o qədər zövqlü işdir ki!   Həyətə düşəndə toyuq sürüsü   ardımca gəlir ki, onlara yem atım. Bu işlərdən zövq alıram.

 

-Siz həm də bir çoxlarına nümunəsiz. Adam var ki, həyətyanı sahəsi var, nə toyuq saxlayır, nə də bostanda nəsə əkir.

 

-Çox nadir hallarda yoldaşımla bazara gedirik. Çünki göyərtidən tutmuş, soğan kartof, pomidor və digər meyvə-tərəvəz məhsullarını öz bağımda becərirəm. Həyətimdə bir tut ağacı var. Səhər saat 6-da yuxudan durub idman edirəm, sonra da o tutdan yeyirəm. Bu mənim üçün ən böyük dərmandır. Çalışmaq, zəhmətlə yaşamaq insanların öz əlindədir.

 

-Keçmiş deputat həmkarlarımızla əlaqə saxlayırsınızmı?

 

-Əksəriyyəti ilə zəngləşirik. “Evdə qalırsan?”  “hə”, “darıxmırsan ki?” “yox” deyib zarafat da edirik.

 

-Reallıqda bəzi məsələlər var ki, bir çoxlarının başına gəlib. Məsələn, deputat olanda dostlarınız da çox idi. İndi isə deputat deyilsiz. O dostlar yanınızdadırmı?

 

-Dostlarım elə əvvəlki kimidir. Sadəcə müəyyən səbəblərə görə gediş-gəliş yoxdur. İndi də bir-birimizlə əlaqə saxlayırıq. Əlaqə saxladığım və yaxın, dost bildiyim insanlar arasında indi deputat olan və olmayanlar da var. Köhnə səviyyədə qurduğumuz əlaqələr davam edir. Hətta köhnə seçicilərimlə  də ünsiyyətim var. Çalışdığım qədər hər cür yardımı edirəm. Dostluq məsələsində heç zaman zərbə almamışam.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi