Modern.az

“Partiya biletimi yandırdım” - Ana Vətən Partiyasının xanım funksioneri - MÜSAHİBƏ

“Partiya biletimi yandırdım” - Ana Vətən Partiyasının xanım funksioneri - MÜSAHİBƏ

7 Dekabr 2012, 11:58

Modern.az siyasi partiyaların qadın təşkilatlarının sədrləri ilə görüş layihəsini davam etdirir. Bu dəfəki qonağımız Ana Vətən Partiyası Qadınlar Şurasının sədri Yeganə Hacıyevadır.

– Yeganə xanım, cəmiyyətdə adətən, qadının ictimai-siyasi aktivliyinə ciddi təpkilər olur. Əsasən ailə bunu normal qarşılamır. Bəs sizin ailədə necə qarşıladılar siyasətə addım atmağınızı?

– Mən əvvəllər Kommunist partiyasının üzvü olmuşam. Sonralar, yəni 1990-cı illərin əvvəllərində bu partiyaya qarşı məndə nifrət yarandı. 20 Yanvar hadisəsindən sonra mən də bu partiya sıralarını tərk etdim və partiya biletimi yandırdım. Siyasətdə olmağım yeni deyil, çoxdandır bu işlərin içindəyəm. Daha sonralar da siyasi fəaliyyətimi davam etdirdim və bir azərbaycanlı qadını olaraq xalqıma, millətimə daha yüksək səviyyədə xidmət etməyi qarşıma qoydum. Müxtəlif tədbirlərdə, mitinqlərdə, aksiyalarda da iştirak etmişəm. Atam özü də vaxtilə, Kommunist Partiyasının üzvü idi. Mənim siyasi aktivliyimi çox normal qarşıladılar. Mənim həyat yoldaşım özü də Ana Vətən Partiyasının üzvüdür. Fəaliyyətimə ailəmin münasibəti yaxşıdır. Çünki pis bir iş görmürəm ki burda?! Xalqa, millətə xidmət etməyə niyə pis baxsınlar ki?! Mentalitetdən irəli gələrək bəzən kişilər qadınların ictimai-siyasi həyatdakı fəaliyyətlərini istəmirlər. Amma mən belə bir problemlə üzləşməmişəm.

– Azərbaycanda siyasi müstəvidə fəaliyyət göstərən qadınların fəaliyyətinin asan və çətin tərəflərini necə dəyərləndirirsiz?

– Bizə elə gəlir ki, qadın mətbəxdə olmalıdır, yemək bişirməlidir. Bəzən düşünürlər ki, qadın ictimai-siyasi həyatdan uzaq olmalıdır. Təbii ki, xanım siyasətçilərimizin işində çətin tərəflərdən biri də budur. Bir çox mitinqdə hətta qadınlarımız polis dəyənəyinə da tuş gəlib. Bu da onların ictimai-siyasi aktivliyində müəyyən mənada əngəllər yaradır. Ailəsi xanımlarımızın işində sərhədlər cızmağa başlayırlar. Belə nəticəyə gəlmək olar ki, çətin məqamlar ailənin qoyduğu şərtlərdən irəli gəlir.

– Siyasi partiyalar arasında olan çəkişmələr bəzən şəxsi konfliktlərə gətirib çıxarır. Bunu daha çox kişi siyasətçilər arasında müşahidə etmək olar. Bəs qadın siyasətçilər arasında münasibətlər necədir?

– Kişilərdən fərqli olaraq, qadınlar konfliktə səbəb olacaq bir addım atmırlar. Qadın həmişə sülh tərəfdarı olduğuna görə, belə problemlər yaşanmır xanımlarımız arasında. Qadınlar başa düşür ki biz bir amal uğrunda mübarizə aparırıq. Fikir ayrılığı ola bilər, amma bir qadın olaraq bunu anlayırıq ki, çəkici bir yerə döymək lazımdır. Təsadüfi deyil ki, bizim siyasi partiyaların qadın şuraları ilə birgə görüşlərimiz keçirilir...

– Qeyd etdiniz ki, bir amal uğrunda mübarizə aparırsız bununla nəyi nəzərdə tutursuz?

– Burada məqsəd Azərbaycanda qadın problemlərinin həll olunmasına yönəlik bir tədbirdir. Hazırda qarşımıza belə məqsəd qoymuşuq ki, yaxın günlərdə qadınlar şuraları ilə birgə tədbirlər keçirək və bununla bəzi problemləri tam həll etməsək də, müəyyən nəticələr əldə edək. Məsələn, qadın zorakılığına qarşı mübarizəyə start vermək, əsirlikdə olan girov qadınlarımızı xilas etmək, həbsxanalarda dustaq olan qadınlarla, internat məktəblərində olan qızlarımızın həyatda uğur qazanmalarına və s. sahələrdə köməkliklər etməyi düşünürük. Əgər hər hansı bir işə yaraya biləriksə çox sevinərdik.

– Azərbaycanda qadın siyasətçilər arasında əməkdaşlıq hansı səviyyədədir?

– Bu yaxınlarda Asiya ölkələrinin siyasi partiyalarının yeddinci Assambleyasında bizim partiyanın mən də daxil olmaqla iki qadın üzvü iştirak etdi. Orda partiyaların qadın şuralarının üzvləri də var idi və onlarla əməkdaşlıq sayəsində müzakirələr apardıq. Çalışacağıq ki, bu əlaqələri daha da genişləndirək. Biz istərdik ki, qocalar evində olan qadınlarla görüşlər keçirək və burada siyasi partiya mənsubiyyətini kənara qoyaq.

–Ana Vətən Partiyasının Qadınlar Şurası olaraq hansı proqramlar hazırlayırsız? Nə kimi planlar var?

– Bu yaxınlarda partiyamızın qurultayı gözlənilir. Bu qurultay üçün müəyyən tədbirlər planı hazırlamağı düşünürük. Amma ümumilikdə proqram hazırlanmayıb deyə sizə bu haqda ətraflı məlumat verə bilməyəcəm.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı