Modern.az

Tamam Bayatlı: “Mən Vaqif Bayatlı Odərin katibəsiyəm” - “Məşhurların ömür-gün yoldaşı” - MÜSAHİBƏ

Tamam Bayatlı: “Mən Vaqif Bayatlı Odərin katibəsiyəm” - “Məşhurların ömür-gün yoldaşı” - MÜSAHİBƏ

Müsahibə

3 İyun 2013, 14:39

Modern.az saytı yeni layihəni sizlərə təqdim edir. “Məşhurların ömür-gün yoldaşı” adlanan layihəsində tanınmış simaların həyat yoldaşları onların bilmədiyimiz xüsusiyyətləri, görünməyən tərəflərindən danışacaqlar. İlk müsahibimiz isə tanınmış şair Vaqif Bayatlı Odərin xanımı Tamam Bayatlıdır.

– Onun nə zaman yazmaq istədiyini o saat başa düşürəm. Sifətinin mimikasından, qəribə hərəkətlərindən, mənə baxıb məni görməməsindən anlayıram. Evdə heç nəyi hiss etməməsindən başa düşürəm ki, bu saat Vaqif müəllimdə şeir yaranır. Çox gərgin halda o tərəf-bu tərəfə gedir, sonra oturub öz ürəyindəkiləri kağıza köçürür. Hərdən də olur ki, Vaqif müəllim şeiri yarımçıq qoyub eyvana çıxır. O çıxan kimi mən onun şeirlərini oxuyuram. Bir şeir Vaqif müəllimdə başlayan kimi birnəfəsə bitmir. Bəzən elə olur ki, bir şeir aylarla yazılır. Çünki onun şeirləri sənət əsəridir. Adi bir qafiyə düzümü deyil.

Vaqifin hər şeiri möhtəşəm bir sənət əsəridir. O sənət əsərlərinin hər birinin yaranması mənim gözümün qabağında baş verir. O şeirlərdən hər biri mənə doğmadır. Əlyazması hazır olan kimi onu kompüterə yığan da mənəm. Sanki bir növ, Vaqif müəllimin katibəsiyəm. Bəzən görürsən ki, çox gözəl bir misra məni tutur. Hiss edirəm ki, bu çox möhtəşəm bir şeydir. Şeirin yüzlərlə variantı olur ya vergül ya da nə isə dəyişir. Bayaq dediyim kimi, bir şeirin yaranması aylarla davam edir. Üçüncü, ya dördüncü dəfə mənə kompüterdə yığmaq üçün veriləndə görürəm ki, həmin məni tutan misra yoxdur. Onda cürət edib deyirəm ki, bu misranı yenidən şeirə əlavə etsin.

İşinə müdaxilə edəndə hirslənir. Amma bunu da etiraf edim k, bəzi hallarda şeirdən çıxardığı və mənim qaytarılmasını istədiyim misra yenidən şeirə əlavə olunur. Ən son variantda görürəm ki, həmin misra şeirdə var. Çox vaxt isə sözümə qulaq asmır. Çünki onun öz poeziya aləmi var. Vaqif müəllimin öz qılafı var. O qılafa heç kəsi yaxın buraxmır. Hansı sözün dəyişdirmək lazım olduğunu deyəndə, o çox əsəbiləşir.

Sözsüz ki, Vaqifin ruhu, həyat barədə düşüncələri mənə təsir edib. Necə ola bilər ki, belə bir poeziya dahisi ilə bir yerdə yaşayasan və ondan təsirlənməyəsən!? Onun bütün yaradıcılığı, dostları ilə, siz jurnalistlərlə telefon danışıqları və s. hamısı mənim gözümün qabağında baş verir. Lakin mən heç nəyə müdaxilə etmirəm. Mən bu dahi şairin sakit bir seyrçisiyəm. Amma sözsüz ki, onun fikirləri, sözləri mənim həyatımda bir dərin iz qoyub. Mən Allaha minnətdar olmalıyam ki, həyatımı dəyişdirən, mənəvi qata yüksəldən belə möhtəşəm insan var. Vaqif müəllim kimi adamlar nəinki öz ailəsində, hətta düşdüyü hər hansı dairədə,  mühitdə belə, çox böyük təsir gücünə malikdirlər. Bir dostu, daha doğrusu, Əhməd Qəşəmoğlu gəncliyində Vaqif müəllim barədə demişdi ki, “onunla səfərə-yola komsomol işçisi kimi çıxmışdım,  qayıdandan sonra isə son damla qanıma qədər türkçü idim”.

– Sizi tanıyanlar bildirir ki, Vaqif Bayatlının bu səviyyədə yüksək mənəviyyat sahibi kimi məşhurlaşmasında Tamam xanımın da xidmətləri olub. Bu fikir doğrudurmu?

– Kənardan baxan adam elə düşünürsə, çox sağ olsun. Amma mən tamam əksini fikirləşirəm. Mənəviyyatımın zənginləşməsindən son dərəcə böyük zövq alıram. Buna görə mən Vaqif müəllimə borcluyam. Əgər dostlar kənardan bu cür görürsə,  çox sağ olsunlar. Mənim mənəvi aləmimin formalaşmasının səbəbkarı Vaqif müəllimdir.

– Əvvəllər evinizə Əbülfəz Elçibəydən tutmuş xeyli tanınmış adamlar qonaq gələrdi. Bəs indi sizlərə kimlər təşrif buyurur, kimlər baş çəkir?

– Təbii ki, olur. Amma bu, bir az fiziki məfhumdur. Bizim evdə baş çəkmək fiziki kimi yox, mənəvi məfhum kimi anlaşılır. Bilirik ki, bizim evdə kimlər var. Bizim mənəvi dostlarımız kimlərdir. Son dərəcə böyük hörmət etdiyimiz Məzahir bəy Avşar, Nəriman Qasımoğlu, Əhməd Qəşəmoğlu, Afaq Məsud  Kamal Abdulla və başqaları.

 –Vaqif Bayatlı demək olar ki, bütün gənc yazarların dostudur. Siz gənclərdən kimləri tanıyırsınız?

– Çox sevdiyi gənc yazarlar var. Onların hamısına çox böyük hörmətimiz var. Onlarsız bizim ev mövcud deyil. Vaqif müəllimə hörmət edən hər bir adama bizim də hörmətimiz var. Hər gün bizə zəng edən, hal-əhval tutan gənclər var. Azərbaycan ədəbiyyatında elə bir istedadlı yazar yoxdur ki, mən onları tanımayım. Siz də sağ olun ki, bu siyahıda siz də varsız.


Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?