Modern.az

Tanınmış iş adamı: “İcra Hakimiyyətindəki vəzifədən çıxandan sonra “xalq düşməni” sayıldım” - MÜSAHİBƏ

Tanınmış iş adamı: “İcra Hakimiyyətindəki vəzifədən çıxandan sonra “xalq düşməni” sayıldım” - MÜSAHİBƏ

10 İyun 2013, 12:35


Masallının “Viləş” Futbol Klubu bir vaxtlar Azərbaycan çempionatının adlı-sanlı komandalarından sayılırdı. Ölkəmizi hətt Avropa kubokları uğrunda yarışlarda da təmsil etmişdi. Sonradan birdən-birə klub iflasa uğradı və yaddaşlardan silindi.
“Viləş”in keçmiş prezidenti, hazırda Masallıdakı “İstisu” istirahət mərkəzinin rəhbəri İldırım Allahyarov Modern.az saytının suallarını cavablandırıb.

- “Viləş”in Masallıdakı oyunlarına həmişə çoxlu azarkeş gəlirdi. Hətta digər rayonlarda belə azarkeş kütləsi olmayıb. Düşüb kəndbəkənd oyunçu axtarırdım. Nə Qazaxda, nə Tovuzda, nə də Gəncədə bizim azarkeşlər kimi futbol tamaşaçıları olub.

- İndi “Viləş”ə kömək edirsiniz?

- Yox, etmirəm

- Niyə?

-Çünki mənim qiymətim verilmədi.

- Hansı qiymət?

- Komanda üçüncü yeri tutdu, UEFA kubokunda mübarizə apardı. Üçüncü yerin medalı veriləndə məni tamaşaçı kimi də olsa, ora çağırmadılar.

-Niyə?

- Bunu jurnalistlər araşdırmalıdırlar. İndi jurnalist var?

- Sizin öz fikrinizə görə səbəb nə idi?

- Mənim fikrimcə, Azərbaycanda icra başçısının birinci müavini olan şəxs işdən çıxandan sonra “xalq düşməni” sayılır.

- “Viləş”ə ildə nə qədər pul xərcləyirdiniz?

- Əşi onu niyə deməliyəm axı? Bunun (müsahibədən əvvəl bu məbləğin konkret ildə 1 milyon manat olduğunu bildirmişdi-İ.V) Azərbaycanda kimə xeyri var? Tutaq ki, 1 milyon pul xərcləmişəm. Gəl müsahib kimi yox, qardaş kimi danışaq.

- Danışaq.

- Axı mən xərclədiyim məbləği niyə deyim? Bunun mənə nə xeyri var?

- Siz nəticə vermiş bir klubun rəhbəri olmusunuz.

- Nəticə vermişəm, amma qiymətləndirilməmişəm axı. Azərbaycan futbolunun 100 illiyi ilə bağlı kitab çıxarıblar. Həmin kitabda 12 il çəkdiyimiz zəhmətin üstündən xətt çəkiblər. Orada “Viləş” haqda bir kəlmə də yoxdur.

- “Viləş”i neçənci ildə yaratmışdınız?

- 1992-ci ildə Azərbaycan çempionatı yarandı. AFFA-nın o zamnkı prezidenti Fuad Musayevlə təyyarədə hardansa gəlirdik. Mənə dedi ki, “biz yerli çempionat yaradırıq, sən də həvəskarsan”. Razılaşdım komanda yaratmağa. Sonra klubu Ədliyyə Nazrliyində qeydiyyatdan keçirdim. Klubun prezidenti mən oldum, baş məşqçi Qəhrəman Əliyev, vitse-prezident isə Şakir Abdullayev. “İstisu”da təlim-məşq toplanışı təşkil elədim. Futbolçular üçün yemək-içmək, qoyun kəsmək... Mən onda universamın müdiri idim. 1993-cu ildən 2000-ci ilə qədər isə icra başçısının birinci müavini oldum. Eyni zamanda Cənub Futbol Federasiyasının ilk prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü olmuşam. Səsvermə hüququna malik idim. 2000-ci ildə məndən sonra yeni icra başçısı gəldi - Hacı Mazan. O da komandanı 5-6 ay saxlamadı, “Viləş” 2001-ci ildə dağıldı. “Viləş” indi birinci dəstədə oynayır, həvəskar komanda kimi. Mən birinci dəstəni liqa saymıram.

- Niyə çempion ola bilmədiniz? “Viləş”lə bağlı bir maraqlı məqam var. Hər zaman “Neftçi”, “Şəmkir” kimi klublara qalib gəlirdiniz, daha zəiflərə uduzurdunuz.

- Gözəl qeyd elədin. “Şəfa” ilə oyundan öncə “Qarabağ”la oynayırdıq. Hakimi də ələ alıblarmış. Heç nədən əsas bombardirim olan Alay Bəhramova sarı kart verdi ki, “Şəfa” ilə oynamasın. Bizim başımıza bilirsən nə oyun gətiriblər? Çempionat başdan-ayağa maxinasiya idi də. Mən indi baxıram ki, vay dədə, bunlar nə gündə imiş. Bütün oyunlarda Alayı təxribata çəkirdilər. O gün “Xəzər-Lənkəran”la “Neftçi” oynayır. “Neftçi”nin qapıçısı gəlib oyunçunun üstünə top vurur. Bu qırmızı vərəqəlik hərəkət idi. Mübariz Mənsimov Con Toşak kimi mütəxəssis gətirib ki, futbolumuz inkişaf eləsin. Hakim o boyda “Xəzər-Lənkəran”ın üstündən xətt çəkdi. Ayıbdır e... Oyunçunun üzünə top vurmaq qırmızı kartdır. Bu oyun təhqir idi.

- Niyə cənub futbolunu həmişə sıxırlar? “Viləş”i də sıxırdılar dediniz.

- Hələ indi Mübariz Mənsimovdan qorxurlar. Cənubdan çox güclü futbolçular çıxıb.

- Nazim Süleymanov.

- Alay Bəhramov ondan güclü idi. O futbolçu idi e. Ona Polşada “Zaqlembe” ilə oyunda “top oğrusu” deyirdilər. Ordakı qolumuzu Alay vurmuşdu. Biz komanda yaratmışdıq. Təsəvvür edin ki, “Zaqlembe” ilə oyunda bizi stadiona girməyə qoymadılar. Masallıdan 5 min nəfər gətirmişdim Bakıya ki, oyunda azarkeş kimi fəallıq etsinlər. Stadionun qapısını bağladılar, içəri buraxmadılar. Stadionun direktoruna dedim ki, bu nə deməkdir, cavab verdi ki, “pul ver, buraxaq”. Sonra gedib “Domsovet”in qabağında o vaxtki gənclər və idman naziri Əbülfəs Qarayevi tapmışam. Əbülfəz müəllim stadiona zəng edib. Gəlmişəm director deyir ki, “Əbülfəsin dediyi maraqlı deyil, mənə pul ver”. Üstümdə 7 min dollar pul var idi. Mən axmağam e. Cəhənnəmə qoymasın. Həm də icra başçısının birinci müavini idim. Dedim birdən tamaşaçılar təxribat edərlər. Məcbur oldum o pulu verdim. Guya icarəhaqqı kimi. Bizə odlar vurublar e. “Qarabağ”la Sumqayıtda oynayırdıq. Orada da stadionun qapısını bağladılar. AFFA-dan dedilər ki, “oyuna başlamasanız, məğlubiyyət verəcəyik”.
Sonralar mən, “Nefçi”nin o vaxtkı rəhbərliyi və “Turan”ın prezidenti Vidadi Əhmədovla birgə İlham Əliyevlə Əbülfəs Qarayevi dəstəklədik. Belə olanda Fuad Musayevə qarşı getməli idik. Masallıdaydım, hər gün UEFA-ya şikayət edirdilər. Axırda məcbur olub 2-3 kağıza möhür vurdum ki, “nə şikayətiniz olsa, bu möhürlü kağıza vurub göndərin”. Fuad Musayev dedi ki, “sən bu postlardasan, aramızda pis münasibət olmayıb. Bəs sən niyə yazırsan?”. Bu nə deydisə, dinmirdim ki, səsimi yazarlar.
“Bəs bu ağ kağıza “peçat” vurub UEFA ya niyə göndərmisən” deyəndə, nə danışacağımı bilmədim. Dedim ki, “o möhürü kağıza vuranda saat 12-ni keçmişdi”. Hamısı gülüşdü, birtəhər vəziyyətdən çıxdım.

- İndi hansı komandamızın oyununu bəyənirsiniz?

- Desəm heç birini, deyəcəksən ki, “yalandır”. Bir azərbaycanlı kimi istəyirəm ki, rayonlarda futbol inkişaf eləsin, paytaxtda cəmi iki komanda olsun. Futbol olmalıdır Lənkəranda, Masallıda Cəlilabadda, Qazaxda, Şəkidə. Çünki Bakıda oynanılan oyunlarda tribunalar bomboş olur. Futbol azarkeş üçün oynanılırsa, azarkeş də gəlmirsə, o komandalar kimə lazımdır?


İntiqam Valehoğlu

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir