Arxiv
12 İyun 2019, 09:28 | MÜSAHİBƏ
Deputat: “Cərrah kimi işləməyimə imkan vermədilər” - MÜSAHİBƏ

Sədaqət Vəliyeva: “Çalışmışam ki, üzərimə düşən vəzifələri layiqincə yerinə yetirim”


“Yazmışdılar ki, deputat Sədaqət xanım pul paylayır...”

Milli Məclisin 25 saylı Nizami ikinci seçki dairəsindən deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva Modern.az-ın suallarını cavablandırıb.

 

- Sədaqət xanım, Prezident İlham Əliyev bu ilin əvvəlindən başlayaraq əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə Fərman və sərəncamlar imzalayır. Ölkədə aparılan işləri siz necə qiymətləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. Öncə onu qeyd edim ki, son bir ildə Prezident İlham Əliyev tərəfindən görülən işlər, ölkəmizin davamlı inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar göstərdi ki, ötən il aprelin 11-də keçirilmiş seçkilərdə Azərbaycan xalqının seçimi onun daha parlaq gələcəyini təmin edib. Ötən bir il Azərbaycan xalqının öz seçimində yanılmadığını, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha sübut etdi. Məhz, cənab İlham Əliyevin cari prezidentlik dövrünün ilk ili ərzində də Azərbaycan öz dinamik inkişafını təmin edib və xalqımız əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb. Lakin o da qeyd edilməlidir ki, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faizinin səsini toplayaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illərdə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə nail olub. Elə bu səbəbdən də, xalqımız ötən müddətdə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ən yüksək qiymətini verdi.

Təsadüfi deyil ki, Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son bir ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlətimizin başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev xalq ilə daim təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir.


- Lakin Azərbaycanda baş verənləri, görülən işləri birmənalı qarşılamayanlar da var....

- Bu gün hər kəs anlayır ki, Azərbaycan dövlətinin və xalqının uğurlarına sevinən dostlarımız, müttəfiqlərimiz olduğu halda, inkişafımıza kölgə salmağa çalışan xarici və daxili qərəzli qüvvələr də var. Həmin qərəzli dairələr erməni lobbisinin və radikal dini qruplaşmaların təsiri altında olan dairələrdir və onlar hər vəchlə çalışırlar ki, Azərbaycanın demokratik imicinə xələl gətirsinlər, ölkəmizin, xalqımızın mənafelərinə zərbələr vursunlar. Xüsusilə də, mühüm siyasi yaxud, ictimai-mədəni tədbirlər ərəfəsində fəallaşan anti-Azərbaycan qüvvələri şər, böhtan, reallığı əks etdirməyən fikirlərlə, müxtəlif təxribatlarla ictimaiyyəti çaşdırmağa çalışırlar.

Lakin bütün bunlara baxmayaraq, bu cəhdlər nəticəsiz qalır. Çünki, Azərbaycanda xalq-iqtidar birliyi güclüdür, xalq hakimiyyəti dəstəkləyir və müdafiə edir, bundan sonra da belə olacaq. Azərbaycanda xaos yaratmağa cəhd edənlər birdəfəlik anlamalıdırlar ki, çox çətin sınaqlardan qətiyyətlə çıxmış xalq-iqtidar birliyini sarsıtmaq mümkün deyildir. Çünki Azərbaycan xalqı xaosu, özbaşınalığı, dağıdıcılığı hələ 1992-ci ildə AXC-Müsavat hakimiyyəti illərində görüb. Amma xüsusi məqam kimi qeyd edilməlidir ki, Azərbaycan xalqı hər zaman anti-Azərbaycan qüvvələrinin təxribatlarına getməyib, iqtidarla birliyini nümayiş etdirib, ictimai-siyasi sabitliyi qoruyub. Bu mənada əminliklə deyə bilərəm ki, Azərbaycanda ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dinamik inkişafın qarantı xalq-iqtidar birliyidir, vətəndaşlarımızın Prezident İlham Əliyevə olan sevgisi, dəstəyidir.


- Prezidentin imzaladığı Fərman və sərəncamların davamı gələcəkmi?..

- Əlbəttə... Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. Təsadüfi deyildir ki, seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Cənab İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu.

Bu ilin fevral ayının sonlarında imzalanan Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Həmçinin bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu. Dövlətimizin başçısı tərəfindən imzalanan daha bir Fərmanla isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyi təmin olundu. Dövlət başçısının bir Fərmanına görə, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin 80 manat məbləğində təqaüdü təsis olundu.

Göründüyü kimi, son bir ildə sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.


- 2015-ci il devalvasiyadan sonra əhalinin problemli kreditlər məsələsi gündəmə gəlmişdi. Təbii ki, insanlar maddi və mənəvi təzyiqlə üz-üzə qalmışdılar. Bu problemin həllinə yaşıl işıq yandırıldı. Digər bu kimi məslələrin həlli üçün də analoji addım atıla bilərmi?

- Problemli kreditlər məsələsi 2015-ci ildən güclənən qlobal miqyaslı maliyyə-iqtisadi böhranın nəticəsi olaraq meydana çıxmışdı. Ölkəmizdə baş vermiş iki devalvasiyanın yekunu olaraq dollar manatın məzənnəsinə nisbətdə yüksəldi və banklardan dollarla kredit götürmüş vətəndaşların ödəmə qabiliyyətinə zərbə vurdu. Amma belə bir proses təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də müşahidə edildi.

Ötən müddət ərzində vətəndaşlarla görüşlərdə də bu problem qaldırılmışdı, insanların müraciətləri təhlil edilərək müvafiq qurumlara təkliflər göndərilmişdi, hətta Milli Məclisin plenar iclaslarında dəfələrlə səsləndirilmişdi. Yəni, gördüyünüz kimi bu problem haqqında dövlət məlumatlı olub. Deyərdim ki, hökumət bu problemin aradan qaldırılması və vətəndaşların dollar kreditləri ilə bağlı yaşadığı çətinlikləri daha tez aradan qaldırmaq niyyətində idi. Amma bilirsiniz ki, hər bir sosial qərarın arxasında ciddi maliyyə resursu dayanır.

Bu mənada, təsadüfi deyil ki, böhranın nəticələrinə baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi islahatlar tez bir zamanda səmərəsini verdi və dövlətimizin inkişafı dinamikləşdirildi, maliyyə imkanlarımız artdı. Məhz, buna görə də 2019-cu ilin dövlət büdcəsi müzakirə edilərkən problemli kreditlər məsələsinin həlli, eləcə də cari ilə nəzərdə tutulmuş sosial proqramların maliyyələşdirilməsi haqqında ciddi müzakirələr aparıldı, təkliflər irəli sürüldü. Eyni zamanda, Prezident İlham Əliyev bu il yanvar ayının 11-də keçirilmiş Nazirlər Kabinetinin iclasında reallaşdırılacaq islahatlar, hətta perspektiv sosial tədbirlər haqqında da cəmiyyətimizi məlumatlandırmışdı.

Məhz, ötən aylar ərzində Prezident İlham Əliyevin təqribən 3 milyon insanı əhatə edən və maliyyə tutumu təxminən 2.2 milyard manat olan sərəncamlar, fərmanlar imzalaması, qərarlar verməsi Azərbaycan xalqının yaşayışının, rifah halının daha da yüksəldilməsi məqsədinə xidmət edir. Elə problemli kreditlərin həlli ilə bağlı qərar da dövlətin vətəndaşlarına yüksək diqqət və qayğısının növbəti təzahürü oldu. 800 mindən çox insanı əhatə edən Prezident Fərmanı dünyada analoqu olmayan bir qərardır.

Yəni, gördüyünüz kimi, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır və Prezident İlham Əliyevin verdiyi bu qərarlar bütün dünya üçün sosial inqilab nümunəsidir.


- Sədaqət xanım, siz həm də tibb işçisisiz. Səhiyyə sahəsindəki vəziyyəti necə qiymətləndirirsiz?

- Bu gün Azərbaycanda tibbi xidmət pulsuz həyata keçirilir. Dövlət xəstəxanalarında vətəndaşların qəbulu və müayinəsi tamamilə ödənişsizdir. Amma bir çox xəstəliklərdən irəli gələn əməliyyatlar və ya müalicələr var ki, onlar əsasən, özəl klinikalarda reallaşdırılır və müəyyən məbləğ tələb edir. Bu səbəbdən də, vətəndaşların tibbi sığortadan istifadəsi getdikcə günümüzün tələbinə çevrilir.

Ümumiyyətlə, tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir. Çünki, insanlar üçün hər şeydən önəmli onların səhhətidir. İnsan sağlamlığında elə problemlər yarana bilər ki, o zaman ağır əməliyyatların keçirilməsi qaçılmaz olar. Məhz, sağlamlığın qorunması və insanın daim gümrah qalması üçün tibbi müayinə vacibdir. Amma, bunun digər tərəflərini də mütləq nəzərə almaq lazımdır. Əgər vətəndaşlarımız tibbi sığortadan istifadə edərsə, o zaman onların hər hansı bir instansiyaya müraciət etmədən səhhətindəki problemləri aradan qaldırmasına imkanı olacaq. Deyə bilərəm ki,  bəzi hallarda tibbi məsələlərlə bağlı müraciətlər bizə edilir. Amma bəzən də çox ağır və böyük miqdarda vəsait tələb edən əməliyyatlarla da bağlı vətəndaşların xahiş etdiklərinin şahidi oluruq. Əlbəttə ki, gücümüz çatan qədər həmin insanlara tibbi və hüquqi köməklik edirik. Lakin, böyük miqdar tələb edən əməliyyatların keçirilməsinə kömək etmək imkansız olur. Ona görə də, insanlar ya hansısa məmura, ya da xeyriyyə təşkilatlarına müraciət edirlər. Təbii ki, bu da vaxt tələb edir, bu zaman kəsiyində isə həmin xəstələrin vəziyyəti daha da pisləşir. Bu səbəbdən də, insanlar sağlamlığı ilə əlaqədar heç bir problem yaşamaq istəmirsə, tibbi sığortadan istifadə etməlidir.

Qeyd edim ki, ötən il “Tibbi sığota haqqında” qanuna mühüm yeniliklər edildi. Və gələn ildən Azərbaycanda tam tətbiqi planlaşdırılır. Bununla da, 1999-cu ildən səhiyyə gündəmini zəbt edən bir problemin həll ediləcəyi güman edilir. Bu sığorta növünün tətbiqinin yalnız səhiyyə deyil, eyni zamanda, digər sektorlara o cümlədən əhalinin xərclərinin strukturuna da müsbət təsirləri var. İcbari sığortanın tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azaldılmasına səbəb olacaq. Bu sisteminin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına gətirib çıxaracaq. Eləcə də sözügedən islahat vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və o cümlədən, az təminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq. Bir sözlə, icbari tibbi sığorta bütün vətəndaşların məcburi olaraq sığorta olunması deməkdir. Vətəndaş isə səhiyyə xidmətinə ehtiyacı olan, daha aydın desək xəstələnən zaman sığorta sənədini göstərməklə pulsuz olaraq müalicə oluna biləcək.


- Siz həmçinin, parlamentdə Səhiyyə və Ailə, qadın və uşaq məsələləri komitələrinin üzvüsünüz. Komitələrin fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Bu gün Azərbaycanda hüquq dövləti quruculuğu prosesi yüksək nailiyyətlərlə davam etdirilməkdədir. Bu prosesdə başlıca institut kimi çıxış edən Milli Məclis xüsusi rol oynamaqla üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlir. Bildiyiniz kimi, 2015-ci il parlament seçkilərindən sonra Milli Məclisdə yeni komitələr yaradıldı. Həmin komitələrin sırasında Səhiyyə və Ailə, qadın və uşaq məsələləri komitələri də xüsusi fəallığı ilə seçilirlər.

Səhiyyə komitəsində “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədə”, “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə”, “Psixoloji yardım haqqında” qanun layihəsi barədə, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” və başqa qanunlarda dəyişiklik edilməsi haqqında layihələr barədə və digər məsələlər haqqında müzakirələr aparılıb.

Ailə, qadın və uşaq məsələləri üzrə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitə olan Ailə, qadın və uşaq məsələləri komitəsi ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq, qadın və uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir. Məsələn, Komitə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, həmçinin, Ailə Məcəlləsində və başqa qanunlarda dəyişikliklər edilməsi barədə layihələri müzakirə və plenar iclasa tövsiyə edib.

Bununla yanaşı, komitələr mühüm əhəmiyyət kəsb edən problemlərlə əlaqədar ictimai dinləmələr təşkil edir, cəmiyyəti narahat edən məsələlərə diqqət çəkir. Həmçinin, Komitənin hazırladığı qanun layihələri və tədbirlərlə əlaqədar aidiyyəti dövlət orqanları, yerli və beynəlxalq QHT-lərlə birlikdə dinləmələr keçirir, müxtəlif qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı aidiyyəti komitələrlə müzakirələr təşkil edir. Elə uşaqların müdafiəsi, sağlam ailə, sağlam cəmiyyət, vərəmlə mübarizə sahələrinə dair birgə təbirlərin və ictimai dinləmələrin keçirilməsi dediklərimizə əyani sübutdur.


- Deputat və tibb işçisi olaraq seçiciləriniz sizə hansı problemlərlə müraciət edirlər?

- Milli Məclisin deputatı kimi 2010-2019-cu illərdəki fəaliyyətim müddətində 1100 nəfərə yaxın seçicinin yazılı, minlərlə vətəndaşın isə şifahi müraciəti daxil olub. Müraciətlərin hər birinə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əsasən baxılıb, aidiyyatı qurumlara müraciət edilib və problemlərin müsbət həllinə nail olunub. Eyni zamanda, tərəfimdən 100-dən çox qəbul keçirilib, 1100-ə yaxın seçici qəbul edilib, seçicilərlə məhəllələrdə 90-dan çox görüş təşkil olunub. Görüşlərdə ümumi sosial problemlərlə bağlı seçicilərin müraciətləri dinlənilib, problemlərin aradan qaldırılması üçün müvafiq orqanlara yerindəcə müraciət edilib və məsələlər həll edilib. Həmçinin, 100-dən çox binanın sakinlərin istilik sisteminin bərpa edilməsi, asfalt örtüyünün çəkilməsi, zirzəmidə yığılmış suyun çəkilməsi, kanalizasiya sisteminin, içməli su xətlərinin, liftlərin, mənzillərin dam örtüyünün təmiri, blok qapılarının dəyişdirilməsi, oturacaqların və söhbətgahların quraşdırılması, məişət və tikinti tullantılarının məhəllələrdən təmizlənməsi və s. ilə bağlı müraciətləri vaxtında aidiyyatı qurumlara müraciət edilməklə həll edilib. Deputat olaraq bu müddət ərzində  Milli Məclisin 150-dən artıq iclasında, 1500-dən çox qanun və qərarın qəbulunda iştirak etmişəm, 3 istiqamət üzrə qanunvericilik təşəbbüsü ilə çıxış etmişəm, bir neçə qanun layihəsi hazırlamışam. Müxtəlif məsələlərlə bağlı parlamentdə dəfələrlə çıxışlar etmişəm. Bundan başqa, 100-dən çox yerli, 40-a qədər beynəlxalq səviyyəli konfranslarda, xeyriyyə tədbirlərində, o cümlədən, Avropa ölkələrində, Rusiyada, Türkiyədə, Latviyada, Çexiyada, Qazaxıstanda, Qırğızıstanda, Koreyada və başqa ölkələrdə keçirilmiş konfranslarda, görüşlərdə iştirak və Azərbaycan dövlətinin milli maraqlarının müdafiə edilməsi istiqamətində çıxışlar etmişəm. Mən çalışmışam ki, bu müddət ərzində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirim.


- Siz həm də Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədrisiniz. Bu istiqamətdəki fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünəməxsus aparıcı yer tutub. YAP-ın rayon təşkilatlarından olan Nizami rayon təşkilatı da partiyanın əldə etdiyi nailiyyətlərdə öz payı var. Partiyamızım bir parçası olan YAP Nizami rayon təşkilatı da rayonun bütün sahələrində yüksək aktivlik nümayiş etdirməklə, insanların partiyaya və dövlətçiliyə olan münasibətlərinin ifadəçisinə çevrilib.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il 11 sentyabr tarixində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 143 ərazi ilk partiya təşkilatında 14 minə yaxın insan birləşib. Sevindirici haldır ki, üzvlərimizin 50 faizindən artığını gənclər təşkil edir. Cəmiyyətdə aktivliyilə seçilən qadınlarımızın da sayında ciddi artım olub. Bu gün qadın partiyaçılarımızın sayı 6000-dən çoxdur. Bununla yanaşı, rayon təşkilatının sıralarında 3 millət vəkili, 20 bələdiyyə üzvü, 65 elmlər namizədi, 14 elmlər doktoru və dosent yer alıb. Eyni zamanda, sıralarımızda 7 idman ustası, 28 respublika çempionu, 5 Avropa, 2 dünya çempionu və 2 Olimpiya və paralimpiya mükafatçıları var.

Son müddət ərzində YAP Nizami rayon təşkilatının bütün fəaliyyəti rayon sakinlərinin, gənclərin, şagirdlərin, müəllimlərin və s. geniş iştirakına inteqrasiya edilib. Bununla həm Yeni Azərbaycan Partiyasının xalq partiyası olması isbatlanır, həm də onların yeganə inandığı siyasi təşkilatın partiyamızın olması sübut edilir.

İdeoloji işlərlə yanaşı təşkilatımız rayonumuzun sosial diqqətə və qayğıya ehtiyacı olan insanları da yaddan çıxarmır. Hər bir vətəndaşın probleminə diqqətlə yanaşılır və onların həlli üçün maksimum səy göstərilir. Təşkilat üzvləri dəfələrlə əlillər, uşaqlar, ahıllar evlərini ziyarət edib, onlar üçün hədiyyələr aparıblar. Həmçinin, bütün bayramlarda rayon sakinlərinə sovqatlar verilir, Ramazan ayında iftar süfrələri açılır və dövlətimizin əsas siyasi-sosial prioriteti olan sosial bərabərlik prinsipi reallaşdırılır. Hətta, Azərbaycanın tolerant mənzərəsinin ifadəsi də rayon təşkilatının fəaliyyətində öz əksinin tapıb. Yəni, YAP Nizami rayon təşkilatı etnik və dini fərqliliyə yol vermədən digər xalqların da bayramlarını onlarla birgə qeyd edir. Söylənilən sosial, ideoloji, mənəvi-fiziki istiqamətlərlə yanaşı YAP Nizami rayon təşkilatının fəaliyyətinin ana xəttini siyasi işlər – seçki kampaniyalarının keçirilməsi təşkil edir. Heç kəsə sirr deyil ki, səkkizinci konfransdan ötən müddət ərzində prezident, bələdiyyə, parlament seçkiləri keçirilib və referendum baş tutub. Bu mühüm siyasi kampaniyalar zamanı Nizami rayonunda seçkilərin yüksək seçici aktivliyi şəraitində, demokratik, şəffaf və obyektiv baş tutması üçün bütün işlər həyata keçirilib. YAP Nizami rayon təşkilatının fəaliyyəti çoxşaxəli və genişdir. Bu işlərin siyahısını daha da genişləndirmək mümkündür. Amma bütün görülən işlərin mahiyyətində duran fəlfəsə dəyişməzdir. Əminəm ki, Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursa sadiqliyimiz bundan sonra da daha da möhkəmlənəcək, hər birimizə göstərilən etimadı layiqincə doğruldacağıq.


- Sədaqət xanım, ictimai-siyasi sahədə çox aktiv xanımsız. Ancaq sizi bir qədər də yaxından tanımaq istəyərdik. Necə ailədə böyümüsünüz?

- Naxçıvanda doğulmuşam. Ailəmiz böyük olub. 8 bacı-qardaş olmuşuq. Həm də sadə bir ailəmiz olub. Atam hər zaman təhsil almağımıza şərait yaradıb. Yadımdadır, orta məktəbi qızıl medalla bitirəcəkdim. Lakin məni qızıl medaldan məhrum etdilər. Nə var nə var, adamım yox idi. Çox təəssüflənmişdim. Atam “eybi yox. Sən ruhdan düşmə” deyib mənə dəstək olmuşdu. Ən yüksək nəticə ilə o zamankı Tibb Universitetinə qəbul olundum. Ancaq orada da məni əzməyə çalışdılar. Savadım və biliyim imkan verirdi ki, cərrah olum. Lakin cərrah kimi fəaliyyət göstərməyimə imkan vermədilər. Həkim kimi iş həyatına atılanda da manelər yaradıldı. Məcbur qalıb əmək fəaliyyətimə tibb bacısı  işləyərək başladım. Heç zaman həyatın mənimlə qəddar davranışlarını dərd etməmişəm. Mücadilə aparmağı sevmişəm. Həyatda mübarizə aparmağı atam bizə öyrədib. Onun dəstəyi və sevgisi sayəsində çətin pillələri addımlamağı bacarmışıq. Hesab edirəm ki, insan heç zaman çətinlikləri görüb geri çəkilməməlidir. Həyat mübariz insanları sevir.


- Bir çox hallarda sizin kimi xanımları “işdən sonra bacarıqsız” adlandırırlar. Sanki məişətdə heç nəyi bacarmırsız. Bu nə dərəcədə doğrudur?

- İnsanlar fikirlərində sərbəstdirlər. Haqqımda kimin necə düşünməsindən asılı olmayaraq iş həyatından sonra mənim də məişət qayğılarım var. Bəlkə də inanmayacaqsız. İllərdir ki, yaşadığım yerdə həyətyanı işlərlə məşğul oluram. Bəzi tərəvəzləri özüm əkib-becərirəm. Məhsul da götürürəm. Həyatda tənbəl insanları heç zaman anlamamışam. Bəzi kənd insanları var ki, hektarlarla torpaq sahəsi var, ancaq məhsulları pul verib alırlar. Bu nə dərəcədə doğrudur?! Həyətyanı sahəsi olan insanlar torpaqdan bəhrələnməlidirlər. İllərdir ki, bazar-dükandan yumurta almıram. Kiçik həyətyanı sahəmdə toyuq-cücə saxlayıram. İnanın səmimiyyətimə. Yorğun iş həyatından sonra bağçada hansısa işləri görmək insana zövq verir.


- Bu qədər işlərin arasında mətbuatı izləyə bilirsizmi?

- Əlbəttə. Dövlət qəzetlərini, partiyamızın qəzetini izləyirəm. Vaxt olanda bütün qəzetləri oxuyuram. Amma  haqqımda yazılanlara reaksiya verməyi sevmirəm. Əgər mənim haqqımda yazırlarsa, deməli, diqqət mərkəzindəyəm. Son zamanlar isə məlumatları daha çox sosial şəbəkələrdən alıram.


- Məsələn, elə hadisə olubmu ki, haqqınızda yazıblar və əsəbləşmisiz?

- Bir dəfə yazmışdılar ki, Sədaqət xanım pul paylayır. Mən həkiməm. Harda görünüb ki, həkim pul paylaya. Bildiyiniz kimi, vərəm xəstəliyinə yoluxmuş insanlarla işləyirəm. Üstəlik imkanlı ailədə böyüməmişəm ki, atamdan mənə var-dövlət qalsın. Təbii, imkanım olduğu təqdirdə xalqımın hər bir üzvünə kömək etməyə hazıram.


- Nəvənizlə vaxt keçirə bilirsizmi?

-Nəvəmi görməyəndə darıxıram. Nəvə-nənə yaxşı anlaşırıq. O da məni görməyəndə darıxır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31 Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı 23 Avqust 2019, 16:19 Sülhün Səfiri - Etibar Cəbrayıloğlu YAZIR 23 Avqust 2019, 16:10 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!” 23 Avqust 2019, 16:05 Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində… 23 Avqust 2019, 15:50 Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX 23 Avqust 2019, 15:34