Modern.az

Azay Quliyev: ““Avroviziya”da iqtidar-müxalifət ayrı-seçkiliyi olmamalıdır” - MÜSAHİBƏ

Azay Quliyev: ““Avroviziya”da iqtidar-müxalifət ayrı-seçkiliyi olmamalıdır” - MÜSAHİBƏ

21 Aprel 2012, 15:59

“Müsabiqədən sonra kim kimi istəyir tərifləsin, istəmir tənqid eləsin, amma indi buna gərək yoxdur”

Modern.az Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin “Avroviziya” yarışması ilə bağlı müsahibəni təqdim edir.

- Azay müəllim, Bakıda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinə yerli QHT-lər hansı “portfel”lə gedir? Bu istiqamətdə hansı işlər görülüb?

- Bildiyiniz kimi, biz bununla bağlı ciddi bir prosesə start verdik. Qeyd edim ki, QHT-lərin bu yarışda iştirakı və vətəndaş cəmiyyətinin bu böyük layihəyə töhfə verməsi üçün xüsusi müsabiqə elan etdik. Səhv etmirəmsə, 10-dan çox təşkilata bununla bağlı maliyyə ayırdıq. Bu təşkilatlar müxtəlif istiqamətlər üzə fəaliyyət göstərəcəklər. Bura aiddir Azərbaycana gələn qonaqların ölkəmiz haqqında lazımı bilgiylə təmin olunması, müxtəlif dillərdə buklet və broşürlərin hazırlanması, əhalinin maarifləndirilməsi, ekoloji təmizliyə riayət olunması və s. Bu baxımdan deyə bilərəm Şuraya maraqlı layihələr təqdim olundu.

Bildirim ki, burda da əsas məqsəd tədbirin ən yüksək səviyyədə keçirilməsinə QHT-lərin öz töhfəsini verməsindən ibarətdir. Bu məsələdə əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Bu baxımdan dövlətimiz çalışır ki, “Avroviziya” ən yüksək səviyyədə keçirilsin. Bu istiqamətdə komissiya sədri Mehriban xanım Əliyeva da çox ciddi işlər görür. Əcnəbi qonaqların Azərbaycana gəlməsi üçün bütün müvafiiq tədbirlər görülüb. Demək olar ki, bütün təşkilati işlər sona çatmaq üzrədir.

- QHT Şurasına müsabiqə ilə bağlı təqdim olunan layihələri necə qiymətləndirirsiniz? Sizi qane edirmi?

- Biz çalışdıq ki, təşkilatlara dəstək verək. Onların ən azı bu sahədə təcrübələri olsun. Turistlərin qarşılanması, ölkəmizlə bağlı məlumatlandırılmasına üstünlük verdik. Əlbəttə ki, hər şey nəticə ilə ölçülməlidir. Biz əsasən nəticəyə qiymət verəcəyik. Bununla bağlı əməkdaşlarımız müvafiq monitorinqlər aparırlar. Bu proseslərdə bizim əməkdaşlarımız yaxından iştirak edirlər. Deyə bilərəm ki, QHT-lərin gördüyü işlər monitorinqlərə uyğun qiymətləndiriləcək. Bundan sonra bilinəcək layihələr nə qədər uğurlu olub. Qeyd edim ki, biz bu layihələrə dəstək verməklə onları hərəkətə gətirmiş olduq. Inanıram ki, bu təşkilatlar dövlətimizə, xalqımıza müəyyən töhfələr verəcək.

- Sizcə, dövlət tərəfindən maliyyə ayrılan QHT-lər mötəbər müsabiqədə ölkəmizi yüksək səviyyədə təmsil edə biləcəklərmi?

- Əvvəla onu deyim ki, bizim QHT Şurası “Avroviziya” ilə bağlı ölkəmizdə yaradılan süni ajiotaja öz etirazını bildirdi. Ən müxtəlif qrupar, istər qadın təşkilatları, istər gənclər, istər hüquq təşkilatları və eləcə də demək olar ki, bütün təşkilatlar yaradılan süni ajiotajı, haqsız basqıları pislədilər. Bildirildi ki, bu mədəniyyət hadisəsidir, bunu siyasiləşdirmək olmaz. Bu münasibət doğru deyil. Bunun arxasında duran qüvvələrin niyyəti xoş deyil. Ümumiyyətlə, Azərbaycanın əldə etdiyi böyük uğura kölgə salmaq niyyətləri təbii ki, bizi narahat etməyə bilməzdi. QHT-lər bugünkü mərhələdə üzərlərinə düşən işi yerinə yetirəcəklər.
“Avroviziya”ya kölgə salmaq istəyən insanlara təkcə QHT-lər yox, bütövlükdə cəmiyyət özü reaksiya verməlidir. Sadaladığımız bu işlərə QHT-lər öz təhfələrini verəcəklər. Bunun üçün mütləq şəkildə dövlətdən maliyyə almağa gərək yoxdur. Hər bir vətəndaşın daxilində bir vətəndaşlıq hissi var. Bu uğur tək Azərbaycan hökumətinin, QHT-lərin adına yazılan uğur deyil. Bu bütövlükdə Azərbaycan xalqının uğurudur. Allah eləməsin burada arzuolunmaz bir hadisə baş verərsə, bir nöqsan olarsa, bu təkcə iqtidarın qüsuru olmayacaq, hamımızın qüsuru olacaq. Ona görə də biz vətəndaşlar çalışmalıyıq ki, adi küçədə davranışımızdan tutmuş, şəhərimizin təmizliyindən qədər qonaqlarla xoş tərfara qədər öz əməllərimizlə hər kəsə örnək olmalıyıq. Bilməliyik ki, bütün dünyanın gözü may ayında Azərbaycanda olacaq. Qonaqlar təkcə yarışları izləməklə kifayətlənməyəcəklər, Azərbaycan haqqında məlumat almaq istəyəcəklər, ölkəmizi, xalqımızı yaxından tanımağa çalışacaqlar.
Biz elə etməliyik ki, qonaqlarımız Azərbaycanla bağlı xoş təəssüratlarla qayıtsınlar. Burada iqtidar-müxalifət ayrı-seçkiliyi olmamalıdır. Burada hökuməti tənqid edənlərə, müxalifət cəbhəsində duran insanlara müraciət etmək istəyirəm ki, bu gün hamımız bir olmalıyıq. Azərbaycan vətəndaşı olaraq biz hamımız əlimizdən gələni etməliyik ki, müsabiqəni yüksək səviyyədə başa vuraq. Bu yolda QHT-lər də öz üzərlərinə düşən məsuliyyəti hiss eədərək lazımı işlər görəcəklər. Bu yarış bitəndən sonra kim hansı cəbhədədirsə, öz işini davam etdirsin. Siyasətlə məşğul olan siyasətlə məşğul olsun, iqtidarı tərifləyən tərifləsin, tənqid edən də tənqid etsin. Amma bu ərəfədə xoşagəlməz addım atmaq olmaz. Bu bir imtahandır. Bunun məsuliyyəti iqtidarlı, müxalifətli hamımızın üzərinə düşür. İnanıram ki, biz bu imtahandan alnıaçıq, üzüağ çıxacağıq.  

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?