Modern.az

Yaddan çıxmış sənətkarlar: Ömrü yarıda qırılan məşhur diktor - FOTOLAR

Yaddan çıxmış sənətkarlar: Ömrü yarıda qırılan məşhur diktor - FOTOLAR

Reportaj

5 İyun 2024, 11:00

O, Azərbaycan Dövlət Televiziyasının (AzTV) yaddaqalan görkəmə malik diktorlarından, efirin kübar simalı xanımlarından idi. Qulağa xoş gələn səsi, mükəmməl diksiyası ilə tamaşaçıların rəğbətini qazanmışdı. Sonra birdən-birə AzTV-nin efirindən yoxa çıxdı. Uzun illərdi ki, nə səsi eşidilir, nə də siması görünür...

Yəqin ki, yaşlı və orta nəsildən olan televiziya tamaşaçıları diktor Məlahət Fətullayevanı unutmayıblar... Unudanlar isə şəklini görən kimi xatırlayacaqlar...

Modern.az saytının “Yaddan çıxmış sənətkarlar” layihəsi bu dəfə diktor Məlahət Fətullayevanı sizə xatırladır...

Onu unutmayanlar üçün yəqin ki, maraqlıdır, uzun illər öncə AzTV-nin efirindən itən tanınmış diktor Məlahət Fətullayeva indi sağdırmı?.. Niyə ekranda görünmür?


Bəzən sosial şəbəkələrdəki səhifələrdə də bu barədə cavabsız suallar yazılır, onu arayıb-axtaranlar olur... Keçmiş diktorla bağlı rəy yazanlar onu yaddan çıxarmadıqlarını bildirir, harada olduğunu soruşurlar...

Demə, Məlahət xanımın həyatdan vaxtsız köçdüyünü çoxları bilmirmiş...

Təəssüf ki, bir vaxtlar tamaşaçıların sevimli diktoruna çevrilmiş Məlahət Fətullayevanın efirdən qəfil itməsinə amansız xəstəlik səbəb olub.

Kim idi Məlahət Fətullayeva?

Modern.az-ın əməkdaşı mərhum diktorun həyat yolunu araşdırmağa çalışıb.


Əslən Bakının Əmircan qəsəbəsindən olan Məlahət Fətullayeva məşhur Fətullayevlər nəslinin gəlini - aktyor və rejissor Hafiz Fətullayevin xanımı idi.

O, 15 yanvar 1952-ci ildə Əmircanda Əyyub və Ədilə Səfərəliyevlərin ailəsində dünyaya göz açmışdı. Orta təhsilə Əmircan qəsəbəsindəki 84 nömrəli məktəbdə başlamış, 8-ci sinfi burada bitirmişdi. 9-ci və 10-cu sinifləri isə Əmircandakı digər təhsil ocağında - 114 nömrəli məktəbdə oxumuş və oradan məzun olmuşdu.

Məlahət xanım ali təhsilə yiyələndikdən sonra AzTV-də keçirilən diktor müsabiqəsindən keçərək, Dövlət Televiziyasında işə düzəlmişdi. Münsiflər onun görkəmi və səsini efirə uyğun hesab etmiş, xəbəri səsləndirmə tərzini bəyənmişdilər.

Məlahət xanım gələcək ömür-gün yoldaşı Hafiz Fətullayevlə AzTV-də tanış olmuş və onların aralarında yaranan sevgi bağları qısa müddətdə ailə qurmalarına səbəb olmuşdu.


Məlahət Səfərəliyeva ilə Hafiz Fətullayevin toyu 1974-cü ildə olub... Onda Məlahət xanımın 22, Hafiz Fətullayevin isə 30 yaşı vardı.

Rəfiqələri xatırlayırlar ki, toy məclisi “Gənclik”dəki məşhur "Qızılgül" restoranında keçirilmişdi... Cütlüyün sonralar iki övladı dünyaya gəlmişdi.

Məlahət Fətullayevanın sinif yoldaşı Əzizə Ağamalıyeva:

“Onunla bağlı xatirələr unudulmur, Məlahətlə 10 il bir sinifdə oxuduq. Səkkiz il 84 nömrəli, iki il də 114 nömrəli məktəbdə. Biz dörd rəfiqə idik: mən, Məlahət, Zenfira və Səfiyə.
Məlahətgil Əmircandakı Əsədli məhəlləsində yaşayırdılar. Ailələrini də yaxşı tanıyırdım. Bir-birimizin evlərinə gedib-gəlirdik. Heç yadımdan çıxmaz, bir dəfə dərsimiz boş idi, Məlahət bizi evlərinə “perajki” yeməyə apardı.
Ondan ancaq xoş xatirələrim qalıb.
Məlahət incəsənəti çox sevirdi. Suraxanı rayon Mədəniyyət Sarayına məşqlərə gedərdi, sonra öz təəssüratlarını bizə danışardı. Çox şən, gözəl qlz idi. Məlahətin bacıları da özü kimi gözəl qızlar idilər.
Çox sonralar bir dəfə şəhərdə rastlaşdıq, həyat yoldaşı, uşaqları yanında idi. Bu, bizim son görüşümüz oldu. Cavan ikən dünyadan köçməyi mənə çox təsir etdi, indiyə kimi onun ölümünə inanmaq istəmirəm”.


Rəfiqəsi deyir ki, diktorluq sənəti, gözəlliyi, xasiyyəti, onun xanımlığına yaraşan idi.

“Heyflər olsun ki, dünyasını çox tez dəyişdi”.

Unudulmaz səs sahibi Məlahət Fətullayeva 24 avqust 1996-c il tarixində xərçəng xəstəliyindən dünyasını dəyişib. Onda diktorun 44 yaşı vardı.

Rəfiqələrinin bildirdiyinə görə, diktorun qardaşı Əkbər, bacısı Yeganə də həyatdan çox erkən - gənc yaşda köçüblər, onların da xərçəngdən dünyalarını dəyişdikləri bildirilir. 

Qeyd etdiyimiz kimi, Məlahət Fətullayeva Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış rejissor, aktyor və ssenarist Hafiz Fətullayev həyat yoldaşı olub.

Hafiz Fətullayev də artıq həyarda yoxdur, Məlahət xanımdan 19 il sonra, 20 yanvar 2015-ci ildə 70 yaşında vəfat edib.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmiş Hafiz Fətullayev Akademik Milli Dram Teatrında çalışıb. 1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor kimi fəaliyyət göstərib. "Qırmızı qatar", "Müqəddəs oda yanaram" filmlərinin quruluşçu rejissoru olub. "Mücrü" filmində və "Fatehlərin divanı" televiziya tamaşasında aktyor kimi çıxış edib.

Mərhum rejissor ömrünün son illərində "Sönməyən ulduzlar" Teatrında çalışırdı.

Hafiz Fətullayev görkəmli teatr rəssamı Nüsrət Fətullayevlə aktyor Fateh Fətullayevin qardaşı Nurəddin Fətullayevin oğlu, mərhum aktrisa Vəfa Fətullayevanın əmisi oğlu idi.

İndi Məlahət Fətullayevanın adını ailədə nəvəsi - oğlu Anar Fətullayevin qızı yaşadır. Gənc Məlahət 2023-də orta məktəbdən məzun olub.


Məlahət Fətullayeva oğlu Anar Fətullayevlə...

Ə.Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!