Modern.az

Deputat Aytən Mustafazadə: “Orqanlarımı bağışlamağı vəsiyyət etmişəm” - MÜSAHİBƏ

Deputat Aytən Mustafazadə: “Orqanlarımı bağışlamağı vəsiyyət etmişəm” - MÜSAHİBƏ

1 Oktyabr 2019, 09:53

“3 il olar ki, ikinci dəfə ailə həyatı qurmuşam”

“Açıq deyirəm: elə deputatlar var ki, onları üzdən tanımıram”

Milli Məclisin deputatı, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aytən Mustafazadə Modern.az-a geniş müsahibə verib.


- Aytən xanım, ilk dəfə sizinlə 2014-cü ildə görüşmüşdük
. Xeyli vaxt keçib. Müsahibə üçün xeyli yeni mövzular da var.

- Nə gözəl! İlini belə unutmuşam. Əslində, həyat  özü mövzuları qarşımıza çıxarır. Biz də məcbur olub müzakirə edirik.


- Siz həm deputat, həm də alim kimi insan hüquqları ilə məşğulsuz. Bildiyiniz kimi, bir çox qanun layihələri də insanların hüquqları ilə bağlı olur. Hazırda bu sahə üzrə hansı işləri görürsüz?

- Gördüyümüz işlər çoxşaxəlidir.  Hələ ikinci dəfə deputat seçiləndə qeyd etmişdim ki, hədəfim əlillərin problemi ilə bağlı olacaq. Bu, cəmiyyət üçün böyük problemdir. Həm cənab Prezident, həm də Birinci vitse-prezident  çox sağ olsun ki, əlillərlə bağlı işlərə dərhal reaksiya verdilər. Hamımıza bəllidir ki, şəhərdə bəzi səkilər elə düzəldilmişdi ki,  ahıllar nəzərə alınmırdı. Sonradan məlum oldu ki, ahıl insanlar, arabada olan uşaqlar  yeraltı keçidlərdən, səkilərdən istifadə edə bilmir. Ona görə də bu məsələlər tənzimləndi. Məsələn, şəhərdə imkan yoxdur ki, mən əlil arabasında evimdən çıxıb xəstəxanaya gedim. Birincisi evdən düşməyim problemdir. Məsələn, mən birinci mərtəbədə, yaxud da həyət evində yaşayıramsa, evdən çıxmağım rahatdır. Bəs avtobusa necə minim?! Yolun o biri tərəfində avtobusa minməliyəm deyə yolu necə keçim?! Bu problemlər həm gözdən, həm də ayaqdan əlil olan insanlara aiddir. Biz bu məsələni müzakirəyə çıxaranda  dərhal Milli Məclis reaksiya verdi. Daha sonra bu məsələni institutda da qaldırdım. İnsan Hüquqları İnstitutunun  girişində panduslar və lift yox idi. Akademiyanın rəhbərliyi sağ olsun ki, institutda lift quraşdırılmasına, pandus salınmasına yardımçı oldu. İnstitutda əlilərin hüquqları ilə bağlı kafedra da açılıb. Mosvadakı humanitar universitetlə əməkdaşlığımız var. Hətta bir neçə nəfər əlil vətəndaşımız var ki, həmin universitetdə qiyabi təhsil alıblar. Onlar azərbaycanlıdırlar.


- Bu gün sadaladıqlarınız problemlər arasında əlillərin işlə təmin olunması da dayanır. Hələ də cəmiyyətdə əlillərə iş vermirlər. Bu məsələlər necə tənzim olunmalıdır?

- Bir çox əlil insanlar var ki, hazırda işlə də təmin olunublar. Həmin insanlar mənim üçün qəhrəmandırlar. Onlardan bir neçəsinin adını da çəkə bilərəm. Paralimpiya komitəsinin şöbə müdiri Kamal Məmmədov var. Eyni zamanda, Vüsalə Kərimova ASAN Xidmətdə çalışır və aktiv xanımdır. Həm də bu xanım  rəqqasədir. Tək yaşayır, özünə ev və maşın alıb. Maşını belə özü idarə edir. Əliliyi  özü üçün əngəl hesab etmir. Həyatını yaşayır. Bu nümunədir. Bunlar örnək kimi göstərilməlidirlər. Çox vaxt sağlam insanlar bu cür nikbin olmur. Açıq deməliyik. Gün ərzində nə qədər zarıyan, gileylənən, lakin əli, ayağı yerində olan insanlar var.


- Aytən xanım, neçə vaxtdır ki, sizin də ayağınızda problem var. Tam olaraq yeriyə bilmirsiz. Yeriyə bilməmək sizi
qorxutmur ki?

- Güclü stres keçirəndən sonra ayaqlarımda problem yarandı. Heç demə, bu problem 5 il ərzində inkişaf edib. Müalicə alsam da, ayağımın axsamağı ilə barışmalıyam. Vəssalam! Bu mənim üçün bir risk idi. Toxun acdan xəbəri olmadığı kimi,  sağlamın da xəstədən xəbəri olmur. Mənim üçün ən böyük çətinlik pilləkənləri addımlamaqla başladı. Bu zaman hündürdaban ayaqqabılardan imtina etdim. Səkilərə çıxmaq da mənim üçün çətinləşdi. Bayaq dediyim kimi, yaxşı, bəs yaşlı insanlar bu səkilərə necə qalxsınlar?!


- Təəssüfedici haldır ki, əngəlli insanları çox zaman aşağılayanlar da olur. Siz belə bir situasiya ilə nə zamansa qarşılaşmısız?

- Mən də o halı yaşadım. Düzdü, mənim vəziyyətim elə oldu ki əlil arabasına oturmadım. Nə olsun ki, köməkçimin əlindən tutub yeriyirəm. Əsas odur ki, güclə də olsa gedirəm. Bir dəfə İstanbuldan gəlirdim. Təbii ki, mənim üçün trapla düşüb- çıxmaq çətin idi. Ona görə də düz bir şey sifariş verdim. Bir də gördüm ki, bunu sifariş verən təkcə mən deyiləm, kimsə də mənimlə təyyarəyə qalxır. O, avropalı idi və arabada qalxırdı. Təyyarənin salonuna daxil olarkən gördüm ki, paralimpiyaçı Kamal Məmmədov onu qarşılayır.  Heç demə, mənimlə birgə salona daxil olan hansısa paralimpiya komitəsinin sədri imiş. Səhəri isə istitutumuzun təşkil etdiyi konfrans vardı. Həmin adam da orda idi. Onunla görüşüb söhbət etdik. Bu cür insanlar mənim üçün həyata vurğunluq nümunəsidir. Bu insanları tanıdığım üçün Allahıma şükürlər edirəm. Bu insanlar mənim üçün çox böyük qüvvə və dəstəkdir. Düzdü, tədbirlərin bir hissəsinə gedə bilmirəm. Çünki mənim üçün uzaq məsafəyə getmək çətindir. Bəzi insanlar vəziyyətimi başa düşür. Hərdən fikirləşirəm ki, əlil arabasında olsaydım,  daha rahat gedib çata bilərdim.


- Özünüz demişkən, nə yaxşı arabadan istifadə etmirsiz? Bəlkə hər hansı qorxu var içinizdə?

- Heç bir qorxum yoxdur. Arabanı özümə ona görə rəva bilmirəm ki, otursam, daha da zəifləyəcəm. “Ay aman,  kimsə məni belə görüb nəsə fikirləşər” kimi hallar məndə yoxdur. Hətta Milli Məclisə də axsaya-axsaya daxil olanda bəziləri “vay-vay sənə nə olub?!” deyiblər. Təəssüf ki, bəzilərində bunu görməzliyə qoymaq mədəniyyəti yoxdur. Araba ilə gedənlər mənə üzləşdikləri halları danışıblar. Onları çox yaxşı başa düşürəm. Bir hadisəni danışım sizə. Mənə bir məsələ çox pis toxundu. “Günaydın” restoranında həmin əlil insanlarla görüşməli idik. O restoranı ona görə seçmişdik ki, girişdə  pandus vardı. Həmin insanlarla görüşən zaman danışırdılar ki,  “bulvara çıxıb gəzəndə bir çoxları bizi  görən kimi qulaqlarını çəkib “Allah uzaq eləsin!” deyirlər. Hətta pul uzadanlar da olur. Axı niyə pul uzatmalıdırlar. Axı biz işləyirik!”

5-6 il bundan qabaq yol polisi bulvarda əlil arabasında gəzənlərə “siz burdan getsəz yaxşıdır” deyirdi. İndi belə hallar yoxdur. Halbuki, xarici ölkələrdə belə hallara rast gəlmək qeyri-mümkündür. Bəzən Londonda olarkən adama elə gəlir ki,  millətin yarısı arabada oturub. Ayağı burxulan, kilosu çox olan da arabada oturur. Ona görə də əlillərin hüquqları ilə bağlı məsələni parlamentdə qaldırdım. Hətta çıxışlarımın birində Oqtay müəllimə də müraciət edərək,  “Milli Məclisdə bəzi vətəndaşların hüquqları pozulub” dedim. Oqtay müəllim mənə tərs-tərs baxdı ki,  görəsən bu nə danışır? Çünki əlillərin parlamentə girib-çıxmağa imkanı yox idi.  Mənim özümə də pilləkənləri çıxmaq çətindir. Düşündüm ki,  əgər mən belə qalxıramsa, əlil insanlar necə qalxsın?! Çox sağ olsun parlament rəhbərliyi ki,  bu məsələyə dərhal reaksiya verdi. AXC-nin  100 illiyi ərəfəsində dünya parlament nümayəndə heyətinin üzvləri  Milli Məclisə gəlmişdilər. Avstriyadan gələn deputat arabada idi. Nə yaxşı ki, zamanında  Milli Məclisdə pandus məsələsi həll edildi. Ancaq bəzi yerlərdə quraşdırılan pandusların ölçüsü düz deyil. Yeraltı keçidlərdə pandusları çox dik quraşdırıblar. Çox dik olanda ana arabada uşağını düşürəndə aşıra bilər. Ona görə də çox zaman başqalarından xahiş edilər ki,  uşaq arabalarını düşürsünlər. Belə olan halda, sağlam adam şikəst ola bilər. Digər toxunmaq istədiyim məsələ danışan işıqforlarla bağlıdır.



- Bu da kütləvi deyil. “28 may” metrostansiyasının çıxışındakı dayanacaqda danışan işıqforlar var.


- Bilirəm. Hətta təkcə danışan işıqforla bitmir axı. İşıqfora çatmaq lazımdır. Onun üçün sarı yol olmalıdır ki, gözdən əlil insanlar onu hiss edə bilsin. Hətta işıqforda səslənən səs də yaxşı olmalıdır. Tinlərdə “dayan”,  “get” məsələləri də elə olmalıdır ki bu adam hansı tərəfə getməli olduğunu bilsin. Əlillərin məşulluğu ilə bağlı kitabım da çıxıb. O demək deyil ki,  əlillər heç nə bacarmır. Onların da çox yaxşı məşğuliyyətləri olur. 20 yaşım vardı. Gənc idim. Rəhmətlik həyat yoldaşım Rövşən Mustafayev jurnalist idi. “Korlar cəmiyyəti” haqqında material yazırdı. Cəmiyyətin “Nizami” metrostansiyasının yanında klubu vardı. İlk dəfə  məni ora o apardı. Onlar necə oynayıb-çalırdılarsa,  həyat eşqlərinə heyran oldum. Adi insanlar onlar kimi hissiyatlı olmur. Onların öz üstünlükləri var. Hamımız eyni ölkənin vətəndaşıyıq. Hər birimiz üçün şərait yaradılmalıdır ki, həyatını yaşasın. Övladlarımıza uşaqlıqdan belə insanların olduğunu sağlam formada izah etməliyik. Hətta bağçalarda da bu cür uşaqlar birgə təhsil almalıdırlar. Başa düşürəm ki gözdən əlil uşaqlarla ayrıca müəllimlər məşğul olmalıdır. Ancaq nə olsun ki, ayağı yerimir, o da digər yaşıdları ilə birgə bağçaya gedə bilər.

Bir dəfə mənə Astara rayonundan müraciət daxil olmuşdu. 4 uşaq lal-kar idi. Valideyn rayonda internat məktəbinin olmadığını, onları təhsil alması üçün Bakıya gətirmək istədiyini demişdi.  Bu cür ailələr o uşaqları necə Bakıya gətirsin?! Ona görə də elə tipli məktəblər hər region üçün olmalıdır. Bu da çoxşaxəli problemdir. Bu insanlar gələcəkdə ələbaxımlı olmamalıdırlar. Gələcəkdə işləyib pul qazanmağı bacarmalıdırlar. Son illərdə bu səpkidə işlər aparılır. Cənab prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xeyli işlər görür. ABAD və DOST mərkəzləri  bu işlərə xidmət edir.


- “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi və “Orqan transplantasiyası haqqında” qanun layihəsi artıq parlamentin gündəliyinə salınıb. Siz də bu qanun layihələrinin işlək olmamasına etiraz edirdiniz...

- İndiyə kimi bizdə transplantasiya ilə bağlı qanun layihəsi olmayıb. Bu anormallıqdır. Transplantasiya  əməliyyatları aparılır, ancaq qanun yoxdur. Belə anlaşılır ki, bu işlər qanunsuz formada həyata keçirilib. İkincisi,  bunlar tənzimlənməlidir. “Qara bazar” var. Onun qarşısını almalıyıq. Orqan o insandan götürülə bilər ki, şəxsdə beyin ölümü mövcuddur. Onu aparata qoşurlar və onun qan dövranı davam edir. Qısa zaman müddətində o adamdan orqan götürülə bilər. Bizdə də bu qanuni formada olmalıdır. İspaniyada hər vətəndaş potensial donordur. Onlarda donorluq problemi yoxdur. Kimisə oğurlayıb ciyərini kəsmək real deyil. Yalnız sağlam insanı komaya salıb orqanını götürə bilərlər. Beyin ölümünü həkimlərdən ibarət ekspertiza təyin etməlidir. Beyin ölümü təsdiqləməsə, bu mümkün deyil. Bizdə bu sahədə hələ ki mədəniyyət yoxdur. Təbliğat aparılmır.


- Orqan bağışlanmasızdan söz açdınız. Həmkarınız Qənirə Paşayeva orqanlarını bağışlayıb. Siz də bağışlamısız?

- İnsan ruh və bədəndən ibarətdir. Mən öləndən sonra ruhum çürüməyəcək, bədənim çürüyəcək. Mən də vəsiyyət etmişəm ki, orqanlarımı bağışlayıram. Bizdə meyiti yararaq orqanın götürülməsini dini cəhətdən qadağan edirlər. Halbuki bunun dinə dəxli yoxdu. Xəstənin yarılması səhiyyənin inkişafı üçün lazımlıdır. Diqanoz doğru qoyulmalıdır. Atam dünyasını həkim səhlənkarlığından dəyişdi. Atamın ağciyərinə su yığılmışdı. Vərəm dispanserinə göndərdilər. Orada da suyu çəkdilər və həmin gecə rəhmətə getdi. Növbədə bir həkim də yox idi.  Telefonla dedi ki, filan iynəni vurun, vəssalam. Sadəcə, səhlənkarlıq idi. Bu gün şükürlər olsun ki,  parlamentdə normal düşünən həkim deputatlar da var. Biz hamımız potensial xəstəyik.  Həkim də, deputat da sabah yataqda ola bilər. Sadəcə,  fikirləşməliyik ki, son məqam çatanda hansısa işin qulpundan yapışmaq lazımdır. Xəstə insanların yaşamasına fayda verək. Qanunları qəbul edək ki onlara riayət olunsun. Səhiyyə Nazirliyində normativ baza hazırlanmalıdır. Deməklə deyil. Bizdə savadsız hüquqşünaslar da var. Necə olur ki, biz xəstəxanaya gedirik və qarşımıza 8 nömrəli şriftlə yığılımış müqavilə qoyurlar və qol çəkdirirlər. Sonra da pul ödəyib içəri keçirik. Orada da yazırlar ki, “biz məsuliyyət daşımırıq”. Necə yəni daşımırsız?! Necə sən məsuliyyət daşımırsan ki, canımı- sağlamlığımı sənə etibar edirəm. Sən həkimsən Hippokrat andı içmisən. “Maaşımız azdır” deyirlər. Sən Tibb Universitetində oxumağı gözə alanda  həkimlərin maaş məsələsindən xəbərin var idi. Yoxsa düşünürdün ki, cibini böyük edəcəksən?! Görünür, bəzi həkimləri ürəkləri bu sahəyə gətirməyib, eləcə qazanmağa gəliblər. Həkim olmaq ürəkdən gələn məsələdir. Ona görə də müasir dövrdə bu sahə biznesə çevrilib. Bəzi həkimlər iki metrlik resept yazırlar. Təbii bunların qarşısı alınmalıdır.  “Tibb hüququ”nun müəllifiyəm. Bu ildən Tibb Univeristetində bu dərs tədris olunacaq. İki ildir hüquq kafedrasında da dərs keçilir. Bu sahə üzrə vəkillərə dərs deyirəm. Bu sahə üzrə bilik olmalıdır ki, gedib hüquqlarımızı qoruyaq. Bunlar bir-birilə əlaqəli sahələrdir.


- Sizin GMO məhsullar haqqında yazdığınız kitabı oxumuşam. O kitabda həyəcan təbili çalmısız.  O kitabı oxuyanda 2014-cü il idi.  Üzərindən xeyli vaxt keçib. Bu gün nə yediyimizi belə bilmirik. Siz bu barədə nə düşünürsüz?

- Sözün düzü, mən özüm də bunları  bilmirəm. Yeganə özümü qoruduğum  məsələ mövsümi meyvə-tərəvəzlərdən istifadə etməkdir. Çalışıram ki, xaricdə yetişdirilən heç nə almayım. Yayda isə öz bostanımda əkdiklərimizlə qidalanıram.


- Maraqlı gəldi. Hansı məhsulları əkirsiz?

- Pomidor, xiyar,  badımcan,  bibər kimi yay məhsullarını öz bostanımda yetişdirirəm. Qarpızı isə heç vaxt vaxtından əvvəl alıb yemirəm. Süni şəkildə şişirdilən məhsullardan uzaq qaçıram.


- Süni məhsullar arasında “Cola”, “Fanta” kimi içkilər, cipsilər də yer alır. Xüsusən, azyaşlıların həyatı üçün təhlükəli olan bu məhsulları valideynlər özləri alır. Bu məsələdə valideynlərə nə tövsiyə edirsiz?

- Qonaq getdiyim evdə stolun üstündə “Cola”, “Pepsi” var və uşaqlar da içir, dərhal buna qarşı çıxıram. Oğlanlarım böyükdür, nəvələrim var. Oğlanlarıma 12 yaşından bu içkiləri qəbul etməyi qadağan etmişəm. İndi daha təhlükəli  olan  enerji içkiləri çıxıb. Uşaqların sağlamlığı məsələsində valideynlər məsuliyyət daşıyır.  Yaxşı olar ki, uşaqlar mütləq idmanla məşğul olsunlar və bu ancaq güləş və futbolla bitməməlidir. Digər idman növləri ilə də  məşğul olmaq lazımdır. Əsgər gedən oğlanlarımıza fikir verin. Necə də zəifdirlər. Biz bu barədə fikirləşməliyik. Məktəblərin nəzdində hovuzlar, basketbol zalları olmalıdır. Uşaqlarımız idmanın bu növləri ilə məşğul olmalıdırlar.


- Bizdən fərqli olaraq avropalılar ucaboylu olurlar.


- Bu cür hallar çox vaxt genetik də olur. Mənim də mərhum həyat yoldaşımın boyu hündür olub deyə uşaqlar da ucaboyludur. Ancaq  genetikaya çox da bağlı qalmadım. Oğlanlarımı idmana qoydum ki, sağlam olsunlar


- Aytən xanım, seçicilərlə görüşə bilirsizmi?

- Onlar mütəmadi olaraq bura gəlirlər. Hər gün seçicilərdən məktublar alıram. Hər bir məsələyə  baxılır və cavablar yazılır. Aydın olmayan məsələlər olanda seçicilərlə təkbətək görüşürəm. Şanslıyam ki,  mən institutda çalışıram var və görüşmək hər an mümkündür. Əsasən işsizliklə bağlı müraciətlər olur. Çox vaxt pul da istəyirlər. Bank olmadığımı deyirəm. Alim adamam. Çünki hamıya maddi yardım etsəm, maaşım  özümə çatmaz. Ancaq aidiyyatı qurumlara yönəldə  biləcəyimi  deyirəm. Çox vaxt öz tanışlarım vasitəsilə iş tapmağa çalışıram. Bir ailə var: ana iki oğlu üçün iş istəyir. Deməli oğlanın biri boşanıb. Biri ixtisasca həkim, digəri tarixi bitirib. Bu boyda oğlanlar üçün ana iş axtarır. Bu oğlanlar oturub evdə ana iş üçün çöllərə düşüb. Bu cür hallara çox pis baxıram. Həkim oğlana firma işi tapdıq. Ancaq o işi qəbul etmədi. Düzü, sonra necə kömək edəcəyimi bilmədim.


- Bəzi deputatların var-dövləti ilə bağlı elə siyahılar açıqlanır ki, aləm bir-birinə dəyir.  Sizin də haqqınızda belə xəbərlər yayılmışdı. Bütün var-dövlətiniz siyahıya alınmışdı. Seçici də bu cür xəbərləri oxuyub deyir ki aha, deputatın bu boyda biznesi var, niyə bizə nəsə verə bilməz?

- Təəssüflər olsun ki,  haqqımda elə siyahı hazırlamışdılar ki... O siyahıya baxanda deyirdim ki, kaş biri doğru olaydı!.. Bir evim var, çalışdığım isntitutla üzbəüzdür. Orada yaşayıram.  Mənə bir köşk də versələr, onu işlədə bilməyəcəm. Nə rəhmətlik yoldaşım bacarırdı, nə də mən  bacarıram.  Belə işlər mənlik deyil. Heç yoxumdur da... Bircə Nardaranda bağımız var. O da çoxdanındır. Pulum olsa, o bağda imarət tikərəm. 


- Siz danışdıqca hiss olunur ki, bu instituta çox bağlısız. Bu qədər bağlılığın səbəbi nədir?

- 20 ildir ki, burda çalışıram. Lap ilk qurulan günlərdən... Bu bina yenidən tikilib və hər şey gözümün qarşısında baş verib. İnsan hüquqları hamımız üçün yenidir. Şərqşünas olmağıma  baxmayaraq, namizədlik dissertasiyam Dağlıq Qarabağ konflikti zamanı dinc əhalinin hüquqlarının pozulması haqqında olub.  Universitetdə beynəlxalq hüquq üzrə imtahan vermişəm. Burada çalışa-çalışa insan hüquqlarını öyrənmişəm. Burada Rövşən Mustafayev məktəbini keçmişəm. Bunu demək lazımdır. Ümumiyyətlə, həyatın nəbzini tutmaq lazımdır. Baş verənlərə biganə yanaşmaq olmaz. Bu gün mənim üçün ən böyük məsələ süni intellekt və insan hüquqlarıdır.


- Yeri gəlmişkən, dünya süni intellektə doğru can atır. Məşhur robot Sofiyanı yəqin ki, xatırlayırsız. Dünya bunu qəbul etməklə  sanki gələcək insanları robotlaşmaya doğru istiqamətləndirir...


- Əlbəttə, beynəlxalq qurumlar artıq süni intellektə çox dəyər verirlər. Onlar robota hüquq verirlər. Bu o deməkdir ki, mən öz telefonuma, kompüterimə hüquq verirəm. Hətta, Sofiya dediyiniz robota Səudiyyə Ərəbistanında hüquq verdilər. Bu anormallıqdır. Ona görə də qadınlar buna etiraz etdilər. Dedilər ki, “necə ola bilər ki, bizim cəmiyyətdə qadınlar kişilərin qarşısında başıaçıq gəzə bilmir, ancaq Sofiya görüşlərə başıaçıq getdi”. Bu o deməkdir ki, bu kompüterin xanım olduğuna inanırıq. Bu qadın deyil, kompüterdir. Sadəcə əyninə paltar geyindiriblər. Bu o deməkdir ki, ya cəmiyyət dəli olub, ya da insanlar kütləvi şəkildə psixozdur.


- Ancaq dünyanı idarə edənlər Sofiya kimi robotların yaradılmasında maraqlıdır.

- Təbii. Birincisi, insanların sayını azalmaq dünyanı idarə edənlərin əsas məqsədidir. Su, ərzaq qıtlığı və sairəyə görə.
Eynicinsli nikahlar da kütləviləşir. Bunların hamısı düşünülmüş şəkildə həyata keçirilir. Ona görə də ağıllı adamlar buna qarşı çıxmalıdır. İkincisi, süni intellekt problemlər yaradır. Süni intellektlə bağlı qanunvericilikdə qanunlar, maddələr qəbul etməliyik. Məsələn, insan idarə etməyən maşınlar yaradırlar. Sürücü oturur, maşın özü idarə olunur. Sabah bu maşın kimisə vursa, kim məsuliyyət daşıyacaq? Maşını istehsal edən firma, proqramı yazan proqramist yoxsa, bu maşını alan sürücü nə edəcək? Burada məsuliyyət məsələsi var. Bunun məsuliyyət məsələsi qanunvericilikdə əks olunmalıdır.


- Söhbətin əvvəlində ayağınızda yaranan problemin böyük stres nəticəsində baş verdiyini qeyd etdiz. O böyük stres nə ilə bağlı idi?

- Mənim ayaqlarımda yaranan problem həyat yoldaşım dünyasını dəyişəndən sonra üzə çıxdı. 2009-cu il idi. Heydər Əliyev Fondunun tədbirində iştirak edirdim. Orada dayananda hiss etdim ki, ayağım keyiyib. Elə bildim ki, ayaqqabı narahat edir, ancaq bir neçə dəfə təkrar olunandan sonra başqa məsələ ortaya çıxdı. Dəfələrlə müxtəlif həkimlərin qəbulunda oldum.



- Hansı diaqnozu qoydular
?


- Həmin vaxtlarda diaqnoz qoyulmadı. İl yarımdan sonra lazımi həkimin qəbuluna düşdüm. O mənə diaqnoz qoydu. Bu da stresdən yaranıb.


- Ancaq mən elə bilirdim ki, siz bu problemlə adınıza çıxarılan saxta siyahıdan sonra üzləşmisiz.

- Qətiyyən! Mən o məsələyə heç vaxt əsəbləşməmişəm. Onlar mənim üçün kiçik şeylərdir. 


- Ancaq siyahıda adamın başını döndürən xeyli var-dövlət əks olunmuşdu
.


- Bircə xoşuma gələni ekzotik heyvanlarla bağlı idi. Deyirəm kaş ki, ekzotik heyvanlarım olaydı... Cəmi bir balaca ev itim var. Adı da Çarlidir.


- Həm institutda çalışırsız, həm parlamentin deputatısız, həm də müxtəlif xarakterli seçicilərlə görüşlər keçirirsiz. Təbii, evin də qayğıları var. Bu qədər işlərin içərisində lider qadın olmaq çətindirmi?

- Mənim üçün işləmək çətin deyil. Yaradıcı insan olduğumdan işimi sevirəm. Bir problemim ayağımdır. Yalnız o mənə mane olur. Çox şadam ki, Milli Məclisin deputatı oldum və imkan yarandı ki, burada hazırladığımız məsələləri parlamentdə müzakirəyə çıxaraq, ekspertlərin ixtiyarına verək. Pafoslu səslənməsin. Kiçik də olsa, vətəndaşlıq borcumu yerinə yetirirəm.


- 2010-cu ildə ilk dəfə namizədliyinizi verərkən sizin üçün çətin dövr idi. Həm həyat yoldaşınızı itirmişdiz, həm də parlamentə təkbaşına namizdəliyinizi vermişdiz. Ancaq sonda o çətinlikləri geridə qoymağı bacardız. Sizə güclü qadın da demək olar. Razısızmı?

- Mənim başqa əlacım yox idi. Başımı nə iləsə qatmalı idim. Ona görə də özümü tamamilə işə həsr etdim. İkincisi, Allah yoldaşıma rəhmət eləsin. O mənə 2008-ci ildə doktorluğu qazanmağım üçün bioetika haqqında mövzu verdi. O mövzu  məni transplantasiya ilə, tibbi hüquqla məşğul olmağa gətirib çıxardı.


- Belə deyək də, bu gün də rəhmətlik həyat yoldaşınızın haqqını çiyinlərinizdə hiss edirsiz.

- Həmişə hiss etmişəm. Bəlkə də bunu demək bir alim üçün qəribə səslənə bilər. Mənə elə gəlir ki, indi də hansısa fikirlər mənə rəhmətlik həyat yoldaşımdan gəlir. Mən Rövşən Mustafayev məktəbini keçmişəm. Bu böyük məktəbdir. Həyat,  elm, rəhbərlik məktəbi, insanlarla danışmaq,  ünsiyyət qurmaq məktəbi.... Rövşən müəllim, xarici dil bilməyə-bilməyə ATƏT-in, BMT-nin Avropa Şurasının rəhbərləri ilə gözəl dostluq münasibətləri qurmuşdu.


- Sağlığında sizin deputat olmaq arzunuzdan xəbəri vardı?

- Yox.


- Hər halda, xəbəri olsaydı, sizə dəstək olardı.

- Buna şübhə etmirəm. Bir dəfə zarafatla dedi ki, “sən elə yaxşı danışırsan ki, səndən yaxşı deputat çıxar”. Özü də bilirdi ki, mən aktiv adamam. Biz birgə olanda böyük işlər həyata keçirmişik.


- Özünüz də sosial şəbəkələrdə aktivsiz. Açıq deyəcəm: deputatlara münasibət birmənalı deyil. Səbəblər də çoxdur. Sizcə, insanlar nə dərəcədə haqlıdırlar?

- Harasa gedəndə “mən də deputatam” deyən kimi qəribə baxırlar. Ancaq nə edək?! Çalışaq ki, bu şərəfli ada ləkə vurdurmayaq. 125 nəfər deputat var. Kimsə durub hamının yerinə cavab verə bilməz. Açıq deyirəm sizə: elə deputatlar var ki, onları üzdən tanımıram.


- Elə bəzi həmkarlarınız da siz deyəni deyir: “Filan deputatı tanımıram”.

- Ancaq aktiv deputatlarımız da var. Onları tanımamaq olarmı?! Cəmiyyət də onları tanıyır. O tip deputatlarla fikir mübasiləsi aparırıq, məsələləri müzakirə edirik, hanısa məsələlərdə bir mövqedən çıxış etməyə çalışırıq ki, fikrimizi çatdıra bilək. Hesab edirəm ki, deputatlar daha çox işgüzar adamlardan ibarət olacaq. Yeni və savadlı fikirlərə ehtiyac var. Eşidəndə ki kimsə nəsə edib, bir deputat olaraq pis oluruq.  Bu xalqın etimadıdır. Onu ucuz saymaq olmaz. Bəzən biz də səviyyəsizlikdən, savadsızlıqdan utanırıq.


- Bəzi həmkarlarınızın nə vaxtsa pis hərəkətlərinə görə deputat olduğunuza peşman olmusuzmu?

- Heç vaxt peşman olmamışam. Sadəcə ürəyimdə, peşman oluram ki, onlar deputatdılar.


- Təbii savadlı və xalqın dərdinə
yanan deputatlarımız da var.

- Deyərdim ki, savadlı deputatlar daha çoxdur. Sadəcə bəziləri də olmasa,  cəmiyyət darıxar. Gözmuncuq hər sahədə olduğu kimi, deputatlar arasında da olur.


- Aytən xanım, gəlin bir məsələni normal müzakirə edək. İnsan müəyyən yaşdan sonra  tək yaşaya bilmir. Çox vaxt  20-30 yaşında olanda insan ailə haqqında düşünmür. Ancaq 40 yaşdan sonra 4 divar insanı sıxır. Bir həmdəmə ehtiyac duyulur. Heçmi  həyatınızda sizə mənəvi dəstək olacaq həmdəm çıxmadı?

- 3 il olar ki, ikinci dəfə ailə həyatı qurmuşam. 40 yaşım olanda  həyat yoldaşımı itirdim. Rövşəni itirəndə təkcə həyat yoldaşımı yox, həmfikrimi, həmdərdimi itirdim. Bu çox çətin məsələdir. Özü pis xəstə olduğunu hiss edirdi. Mənə deyirdi ki, “mən öləndən sonra sən təkcə tənha qalmayacaqsan, həm də boşluq hiss edəcəksən”.


- Bəzi kişilər olur ki, ölüm ayağında həyat yoldaşına “məndən sonra tək qalma, ikinci həyatını qur”deyirlər. Rövşən müəllim belə vəsiyət etmişdi?


- Xeyr. Bu haqda danışmırdıq. Ümumiyyətlə, Rövşən müəllimin ölümünü belə yaxına buraxa bilmirdim. Ona nəsə olacağını qəbul edə bilmirdim. Ancaq Allahın işini bilmək olmur. İkinci əməliyyata hazırlaşırdıq... Saat 7-də əməliyyat olmalı idi, saat 4-də hər şey bitdi... Bu həyatın mənə göstərdiyi ən böyük dərsdir... Nə edirsən et, əgər Allahın qərarı varsa, qabağında hər şey acizdir...



- Sevdiyin insan dünyadan köçəndən sonra dörd divar insana boş gəlir


- Dəhşət...


- Hər şey insanı sıxır. Çox vaxt övladlarına da hər şeyi açıb danışa bilmirsən.


- Olur, ancaq səni tam olaraq başa düşməzlər... Böyük oğlum bizimlə getmişdi. Kiçik oğlum burda qalmışdı. Kiçik oğlumu əməliyyatdan sonra atasının yanına gətirmək fikrim vardı. O da olmadı. Atasının ölüm xəbərini eşidəndə heç nə demədi. Birbaşa Mirmövsüm ağanın evinə getdi. Biz rəhmətliklə o evə tez-tez gedirdik. Uşaqlar da o boşluğu hiss edir. Təbii ki, ataları yadlarından, ürəklərindən çıxmır. Birinin 19, o birinin 14 yaşı vardı. Böyük oğlum çalışırdı ki, institustu tez qurtarsın və diplomu atasının 50 illiyinə təqdim etsin. Ancaq atası 50 yaşına qalmadı. 49 yaşının içində rəhmətə getdi. Rövşənin dünyadan getməsi hamımız üçün zərbə idi. Nə isə... Bu həyatdır...


- Səhv etmirəmsə, övladlarınız xaricdə yaşayır. Alışa bilirlərmi yad mühitə?

- Böyük oğlum burda iş qurub. Bir ildir ki, Bakıdadır. Kiçik oğlum isə Londonda memarlığı bitirib. Ancaq övladlarım da mənim kimi xaricdə qala bilmirlər. Biz nəsillikcə Bakıya bağlı insanlarıq. Atam Sovetlər dövründə Sovet səfirliyində  tərcüməçi kimi çalışıb. İxtisasca şərqşünas olub. 5 yaşımdan Türkiyədə oxumuşam. Atam əsl  türk ləhcəsi ilə danışırdı. Atamın adı İnqilab idi, ancaq  türklərin inqilab sözündən xoşları gəlmədiyi üçün ona Mustafa bəy deyə müraciət edirdilər..

Biz hər dəfə məzuniyyət vaxtı anamla Bakıya gələndə dərindən nəfəs alırdım. Uşaq olsam da, burda qalmağımızı çox istəyirdim.


- Təxminən neçə il Türkiyədə yaşamalı olmusuz?

- Hardasa 10 ilə yaxın. 1990-cı illərdə bir çoxları ölkəni tərk edirdilər. Biz isə ölkəni tərk etmək barədə düşünmürdük. Mən artıq ailəli idim, övladlarım vardı. Elə bir məqam olmuşdu ki, yoldaşım Rövşən Mustafayevlə getmək barədə düşünmüşdük, ancaq dərhal vaz keçmişdik. Çünki Bakısız yaşaya bilməzdim. Uşaqlarım da xaricdə yaşamaq istəsələr belə, yaşaya bilmədilər. Torpağa bağlılıq başqa şeydir. Onu sözlə ifadə edə bilmərəm.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır