Modern.az

Bir şəklin tarixçəsi: Tofiq Qasımov haqqında maraqlı əhvalat

Bir şəklin tarixçəsi: Tofiq Qasımov haqqında maraqlı əhvalat

Reportaj

31 Oktyabr 2014, 23:11

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında yayımladığı bu nadir foto Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər tərəfindən təqdim olunub.
Vaxtilə milli-azadlıq hərəkatının önündə gedən üç tanınmış sima… Etibar Məmmədov, Tofiq Qasımov, İsa Qəmbər…
Görüntü fotoaparatın yaddaşına 1991-ci ildə köçürülüb.

Vaxtilə aktiv siyasi burulğanlar içərisində olan bu şəxslərdən ikisi artıq meydandan kənara çəkilib.

Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Etibar Məmmədov ara-sıra media ilə təmasda bulunsa da, siyasətdən getdiyini bəyan edib.

Müsavat başqanlığını yenicə təhvil vermiş İsa Qəmbərin isə növbəti prezident seçkilərində namizəd kimi iştirak etmək niyyəti var.
 
Fotoşəkildəki üçüncü şəxs - Xalq Cəbhəsi hakimiyyəti dövründə Azərbaycanın xarici işlər naziri olmuş Tofiq Qasımov ölkədən kənarda mühacir həyatı yaşayır. Onun haqqında ən son məlumat bundan ibarətdir ki, fizik alim Tofiq Qasımov Albert Eyneşteynin nisbilik nəzəriyyəsində olan boşluqların aradan qaldırılması kimi çox ciddi elmi işlərlə məşğuldur.

Sosial şəbəkədə Tofiq Qasımov haqqında maraqlı bir xatirə paylaşılıb. Əhməd Nəhmətov adlı Facebook istifadəçisinin söylədikləri:

”Xarici işler naziriykən Tofiq müəllim Ankaraya getmişdi, “Hilton” otelində qalırdı. Yanına getdik, baxdıq ki, suqaynadıcı ilə stəkanda çay qoyub, dəmləyib içir.
Dedik ki, “ay Tofiq müəllim, zəng edin aşağıdan çay gətirsinlər”. Cavab verdi ki, “yox, burda çay çox bahalıdır, dövlətin pulu getməsin”. O, nazir olaraq xalqın bir qəpiyini də boş yerə xərcləmək istəmirdi”.

T.Qasımov 1988-ci ildən başlayan Azərbaycan Xalq Hərəkatının  sıralarına qoşulub, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gedənlərdən, Azərbaycan Xalq Cəbhəsinin qurulmasında iştirak edənlərdən biri olub. AXC İdarə Heyətinin üzvü olan T.Qasımov 1992-ci il Azərbaycanın xarici işlər naziri postuna təyin edilmişdi.
Əslən Ağdaşın Ləki kəndindən olan T.Qasımov Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və SSRİ Elmlər Akademiyası Fizika-Texnika İnstitutunun (Sankt-Perterburq) aspiranturasını bitirib.
Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi olan 1990-cı ildə Azərbaycan parlamentinin deputatı seçilib. 1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq vəzifəsindən gedib.

Heydər Əliyevin prezidentliyi zamanı siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov  daha sonra İsveçə mühacirət edib və hazırda bu ölkədə yaşayır.
T.Qasımovun hazırda elmi işlərlə məşğul olduğu bildirilir. Sabiq nazir Azərbaycan mediası ilə təmas qurmaqdan yayınaraq, bir dəfə buna ehtiyac duymadığını vurğulayıb.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi