Arxiv
13 Yanvar 2012, 09:23 | MÜSAHİBƏ
Eks-nazir Siruz Abasbəylinin “Karyera”sı: fotoqraf, montyor.., nazir...

Onun karyera yolunu bir cümləylə ifadə edirəm: bu adam sadə montyorluqdan nazir postuna qədər yüksəlib. Bu bir cümlə çox şeyi deyir. Yuxusuz gecələr, bitib tükənməyən enerji, çalışmaq, çalışmaq, durmadan, yorulmadan çalışmaq... Nələr durur bu cümlənin arxasında. Biz isə onu belə tanımışıq: 90-cı illərin rabitə naziri Siruz Abasbəyli.  Beləliklə, Modern.az saytı “Karyera” layihəsini davam etdirir...

- Tərcümeyi halınızda oxudum ki, keçmiş SSRİ-nin İrandakı səfirliyində doğulmusunuz. Yəqin ki, maraqlı uşaqlığınız olub?   

- Uşaqlığım Tehran ve Təbriz şəhərlərində keçib. Yadımda çox şey qalmayıb. Atam Hüseyn səfirlikdə işlədiyi üçün bizim ailə qapalı həyat tərzi keçirib. O illər Böyük Vətən Müharibəsindən sonrakı dövr olduğu üçün səfirliyin işçilərinə şəhərə çıxmağa o qədər də icazə verilmirdi. 6 yaşım olanda  mədrəsəyə getmişəm. Az bir müddətdə müəllimlərin sevimlisi olmuşam. Yadımdadır, mədrəsədə dərsini pis öyrənən şagirdlərin əllərini mizin üstünə qoyub xətkeşlə bərk-bərk vururdular. Belə cəza çox incidirdi. Bir dəfə də məni belə cəzalandırdılar. Ondan sonra dərslərimə çox diqqətli oldum. Təbrizdə anamın atası, yəni babam, nənəm, üc dayım və xalam yaşayırdı. Babam Ağa Dadaş və nənəm Əfruz bizə az-az gələrdi. İran xəfiyyələri bizim səfirliyi hər zaman nəzarətdə saxlayırdılar.

- Azərbaycana nə vaxt qayıtdınız?

- 1953-cu ildə, Stalinin xəstə olduğu zaman bəzi ölkələrdən səfirlik işçilərini geri SSRİ-yə çağırırdılar. Atamgili də geri çaqırdılar və bizə bir neçə yerdə yaşamağı təklif etdilər. Atam da Gəncə şəhərini seçdi . Həmin il mart ayının 5-də Stalin rəhmətə getdi. Yadımdadır hamı yığılmışdı meydana, radioya qulaq asır və ağlayırdılar. Çörək almaq üçün adamlar səhər tezdən çörək dükanının qabağına yığışar, çörək maşınının gəlməyini gözləyərdilər. Sonra bir basa-bas başlayardı ki, gəl görəsən. Çörəyin də rəngi kömür kimi qara olardı. Ancaq dadi tam başqa idi, bəlkə mənə elə gəlirdi. Demək olar ki, heç doymazdıq, yarı ac-yarı tox dolanardıq. 1954-cu ildə mən məktəbə getdim. Əvvəlcə rus dilində dördüncu sinifə qədər oxudum... Sonra başqa yerə, yaşadığımız kərpic zavodunun qəsəbəsindən Gəncə şəhərinin mərkəz hissəsinə, Nizami küçəsinə köçməyimizlə əlaqədar yaxınlıqda olan 21 nömrəli Azərbaycan dilli məktəbə keçdim və yeddi illiyi bitirib, sənədlərimi Bakı Rabitə Texnikumuna verdim. Orta məktəbi yaxşı qiymətlərlə oxuyurdum. Uşaqların içində birinci olaraq məni musiqi müəllimimiz Zülfüqar müəllim Gəncə Filarmoniyasına dəvət etdi, onda 12-13 yaşım olardı. İndi də anlaya bilmirəm ki, bütün bunlara necə vaxt tapırdım. Pionerlər evinə, Mədəniyyət sarayına, Dəmir yol klubuna, DOSAAF, Texnika evi və başqa ictimai yerlərdə mənim adıma rast gəlmək olardı. 

- Kitablarınızın birində isə qeyd etmisiniz ki, texnikaya uşaqlıqdan həvəs göstərmisiniz...

- Elədir. Xüsusən fotoaparatla şəkil çəkməyi sevirdim. Tez-tez atamdan foto kağızı, plyonka, şəkil çıxartmaq ücün lazım olan dərmanları almaq ücün pul istəyərdim. Düzü çox utanırdım, başa düşürdüm ki, atamın artıq pulu yoxdur, ancaq şəkil çəkmək də istəyirdim. Sonra yolunu tapdım. O  vaxtlar qonşular qapı ağzında oturub söhbət edərdilər, mən sakitcə onlara yaxınlaşar, xəbərləri olmadan şəkillərini çəkər, ertəsi gün həmin şəkilləri özlərinə 10 qəpiyə satardım və beləliklə foto üçün lazım olan şeyləri alardım. Bir neçə vaxtdan sonra, qonşuların xarab olan radio, maqnitofon, ütü, elektrik sobası və başqa cihazlarını təmir edib, özümün pula olan ehtiyaclarımı ödəməyə başladım. Başqa sözlə desək, uşaq yaşlarımdan pul qazanmağa başladım.

- Bəs Hacıbaba Bağırovdan dərs almağınız necə olub?

- Orta məktəbdə oxuyanda sinfimizdən bir neçə uşaq Pionerler Evinə Dram dərnəyinə gedirdik. Rəhbərimiz əvvəlcə Hacıbaba Bağırov idi, sonra Muxtar Afşarov oldu. Çox gözəl bir insan, istedadlı aktyor idi.

- Bakıya nə vaxt gəldiniz?

- 1962-ci ildə Bakıda Rabitə Texnikumuna daxil oldum və o vaxtdan taleyim Bakı ilə bağlandı. Ümumiyyətlə rabitəçi olmaq arzum olmamışdı. 1962-ci ildə Bakı şəhərində bədii özfəaliyyət kollektivlərinə baxış keçirilirdi. Biz də Gəncədəki sənət məktəbinin özfəaliyyət kollektivi ilə həmin baxışa gəlmişdik. Opera teatrında keçirilən konsertdə mən solo rəqs edərkən ayaq baş barmağım səhnədə döşəmədə olan yarığa girdi və zədələndi, indiyə kimi ayaq baş barmağımın dırnağı yarımçıq bitib. O hadisədən sonra, mən dırnaq üstə rəqs edə bilmədim və rəqqas olmağı beynimdən tamamilə sildim. Operadan həkimin yanına gedərkən, poliklinika Bakı poçtamtının qarşısında idi, indi də orada DİN-nin poliklinikasi yerləşir. Poçtamtın yanında Rabitə Texnikumu var idi və qəbul haqda elan vurulmuşdu. Elanı oxuyub ora daxil olmağı qərara aldım. Beləliklə 1962-ci ildə mən Baki Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinin tələbəsi oldum.
1965-ci ildə yay tətili zamanı, avqust ayında tətilə getmədim, ATS-ə işə düzəldim. O vaxtdan mənim əmək fəaliyyətim başlandı. İlk dəfə məni “Azqosproyekt” institutunun ATS-nə montyor göndərdilər. Bir ildən sonra “Qiproazneft” institutunun ATS-nə texnik təyin olundum. 1968 -ci ildən müxtəlif ATS-lərdə  mühəndis işləməyə başladım. ATS-də işləyərkən tez-tez səmərəşdirici təkliflər verir, yəni-yeni cihazlar icad edirdim. Mərkəzi telefon qovşağının və Bakı Şəhər Telefon şəbəkəsinin aparıcı səmərələşdiricilərindən biri idim. 50-dən çox səmərəşdirici təkliflərim və ixtiralarım qeydiyatdan keçib. Çoxlu pul mukafatları almışam.
1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin əlaçısı döş nişanı ilə təltif edildim. Həmin ildə SSRİ-i Xalq Təssərufatı Nailiyyətləri Sərgisinin qızıl medalını aldım. O sərgidə mənim ixtira etdiyim iki cihaz nümayiş edilirdi.
 
- Kitablarınızda 70-ci illərdə rabitə naziri işləmiş Hüseyn Rəsulbəyovun adını hörmətlə çəkirsiniz. Hiss olunur ki, ondan çox köməklik görmüsünüz...

- Hüseyn Rəsulbəyov 1975-ci ildə rabitə naziri təyin edildi. O, çox böyük insan idi. Raket qoşunları komandanı olmuşdu. Rütbəsi general-leytenant idi. Böyuk Vətən Müharibəsi iştirakçısı idi. Onun rabitə naziri təyin edilməsi, rabitə sistemində dönüş yaratdı. Gənc mühəndislərə şərait yaradırdı, onları irəli çəkirdi, vəzifə verirdi və çox böyük tələblər qoyurdu. Bir sözlə, onun nazir olduğu illər mənim karyeramın başlanğıcı sayıla bilər. 1983-cu ildə isə mənim həyatımda çox mühüm dəyişikliklər baş verdi. Rəsulbəyovun təqdimatı ilə məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə, Nəqliyyat və rabitə şöbəsinə götürdülər.

- Heç ayağınızdan çəkənlər, paxıllıq edənlər olmayıb?

- Əlbəttə, hər zaman hər yerdə olduğu kimi, nazirlik sistemində də bəzi paxıl insanlar var idi. Bəzi rəhbər işçilər öz vəzifələrini itirəcəklərindən qorxaraq mənimlə soyuq davranır, yeri gələndə mənə qara yaxmaqdan çəkinmirdilər. Lakin, bu qarayaxmaların ömrü çox az olurdu. Əlbəttə, mən indi etika xatirinə onların adlarını çəkmirəm. Amma rabitəçilər sözün kimlərdən getdiyini bilirlər.

- Siz Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatı yarandığı illərdə çalışmısınız. Həmin illəri necə xatırlayırsınız?

- Mərkəzi Komitədə 1990-ci ilə qədər işlədim. Şöbə müdirimiz Aydın Məmmədov idi. Həddindən artıq ciddi, tələbkar insan idi. İşinə çox tələbkarlıqla yanaşırdı. 1988-90-ci illərdə respublikada xalq hərəkatı çox yüksək inkişaf edirdi. Daxili İşlər Nazirliyində nizam-intizam pozulmuşdu. Bu dövrdə Aydın Məmmədovu daxili işlər baziri təyin etdilər. Bizim şöbəni və bir neçə başqa şöbələri birləşdirib İqtisadiyyat şöbəsi yaratdılar. Şöbə müdiri Ziyad Səmədzadə təyin edildi. Bizim şöbə Mərkəzi Komitənin katibi Həsən Həsənova tabe idi. Həsən Həsənov hər tərəfli savadlı bir rəhbər idi. Öz xalqını onun qədər sevən insanlar çox azdır.
1988-91-ci illərdə xalq hərəkatı zamanı öz xalqının yanında olmuş, daima xalq hərəkatına dəstək vermiş, çətin günlərdə başqaları kimi qaçıb gizlənməmişdi. 1990-ci il 20 yanvar hadisələri zamanı də xalqla bir olmuş, şəxsən mənimlə dəfələrlə meydana getmiş, orada çıxış edənlərə dəstək vermişdi. Xalq hərəkatının liderləri tez-tez onunla görüşür, hərəkatın gələcəyini və taktikasını onunla məsləhətləşirdilər. Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Siruz Təbrizli, Məhəmməd Hatəmi, Bəxtiyar Vahabzadə və başqaları hər gün Həsən Həsənovla görüşür, məsləhətlər alardılar. Respublikada vəziyyət qeyri-sabit idi. Parlamentdə gərgin debatlar gedirdi.
Belə bir çətin zamanda vəzifəyə təyin edildim. Bütün Azərbaycanı mitinqlər bürümüşdü. Demək olar ki, heç bir müəssisə işləmirdi. Millət tez-tez etiraz aksiyaları keçirir, müəssisə rəhbərlərini işdən qovur, istədiklərini edir, cəbhəçilər öz liderlərini belə, saymaq istəmirdilər. Qarabağ məsələsində dəyişiklik yox idi. Ermənilər fürsətdən istifadə edərək yeni-yeni torpaqlara iddia edir, Qarabağ zonasında ağalıq edirdilər. Rabitə Nazirliyində də sabitlik yaratmaq olmurdu. Rabitə Nazirliyində AXC təşkilatı çox güclü idi. Nazir muavinlərinin ikisi Misir bəy və Zakir bəy ən çox aranı qarışdırırdılar. Mənə qarşı təşkil edilən mitinqlərin əsas məqsədi məni istefa verməyə məcbur etmək idi. Mən isə prinsipial olaraq bunun qarşısını almağı öz qarşıma məqsəd qoymuşdum və buna nail oldum.

- Siz Azərbaycanın müstəqil rabitəsinin qurucularındansınız. Bu gün uğurla istifadə etdiyimiz “Azərcell”, “Bakcell” kimi operatorları Azərbaycana siz gətirmisiniz. Yeni sistemi qurmağın hansı çətinlikləri var idi?

- Nazir təyin olunan kimi mən qısa müddət ərzində beynəlxalq təşkilatlarla əlaqələr yaratdım. 1992-ci ilin avqust ayının əvvəllərində Rabitə Nazirliyinə Türkiyənin «NETAŞ» və «TELETAŞ» şirkətlərinin nümayəndələri gəldilər. Həmin ay mən Türkiyəyə getdim. Hər iki şirkətin fabrikləri ilə tanış olduqdan sonra, bizim rabitə sistemlərinin nə qədər geri qaldığını görüb, heyrətə gəldim və nəyin bahasına olursa-olsun bu geriliyi aradan qaldırmağı və rabitəmizin çox yaxın zamanda yeniləşdirməyi özümə söz verdim. Sonra biz İtalyanın “Telespasio” şirkəti ilə yeni peyk rabitəsi quraşdırdıq. Bu alternativ rabitə sistemi rabitəmizin təkcə Türkiyə üzərindən yox, həm də İtaliya üzərindən dünya dəvlətləri ilə əlaqə yaratmağa imkan verdi. Bir müddət sonra daha bir beynəlxalq peyk rabitəsi yaratdıq. Bu dəfə İngiltərə üzərindən BT (British Telekom) şirkətinin Peykindən istifadə etdik. Daha sonra Amerikanın Ay-Di-Bi şirkəti ilə müqavilə bağlayaraq daha bir alternativ  peyk rabitəsi yaratdıq. Beləliklə, ölkədə demək olar ki, bütün müəssisələr iflic vəziyyətdə olduğu bir vaxtda rabitə sahəsi dayanmadan inkişaf edir, yeni-yeni uğurlar qazanırdı. Mənim planlarım çox böyük idi. Beynəlxalq ATS-in tikintisini, Fiber optik kabellerin çəkilişi, Elektron ATS-in tikilməsi, Cib telefonları sistemlərinin Azərbaycana gətirilməsini, İnternet şəbəkəsinin yaradılmasını, on ildən çox tikintisi dayandırılmış televiziya qülləsinin tikintisini başa çatdırmağı və bir çox başqa layihələri həyata keçirməyi planlaşdırır, məqsədyönlü şəkildə onları həyata keçirirdim. 

- Heydər Əliyevlə ilk görüşünüzü necə xatırlayırsınız?

- Mən nazir təyin olunan günün səhəri Naxçıvan Ali Məclisin sədri Heydər Əliyevə «VÇ» telefonu ilə zəng edib, rabitə naziri təyin olunduğumu dedim və Naxçıvana nə köməklik göstərə biləcəyimi  soruşdum. H.Əliyev Naxçıvanda dayanıqlı rabitə yaratmaq istəyirdi. Bir müddət sonra mən rəhbərlikdən  icazə alıb, Naxçıvana getdim. Məni o vaxt Nazirlər Kabinetinin sədri Şəmsəddin  Xanbabayev qarşıladı və biz birlikdə Heydər Əliyevin yanına getdik. Hava çox soyuq idi. Soba yanmırdı, işıq yox idi. Mən paltomu  soyunmaq istədim, Şəmsəddin müəllim dedi ki, içəri də soyuqdur və Heydər Əliyev icazə vermir soyunub içəri keçməyə. Palto ilə içəri girdim. Heydər Əliyev otaqda təkcə pencəkdə oturmuşdu. Mən soruşdum ki, “Heydər Əliyeviç, yəni Sizin üçün də odundan, neftdən tapılmır?”. O isə cavabında dedi ki, “mənim heç nəyim Naxçıvan əhalisindən artıq deyil”. Söhbət zamanı məndən ancaq rabitə tələb etdi. Mən onun yanından çıxıb yenə də Şəmsəddin müəllimin otağına gəldim. Belə qərara gəldim ki, İran üzərindən Naxçıvana rabitə yaradaq. Və buna nail olduq. Sonra Heydər Əliyev Bakıya gələndə bu məsələni  bir neçə dəfə yada saldı. 

- Heydər Əliyevlə işlədiyiniz müddətdə də işgüzarlığınızla seçilmisiniz. Bəs işdən çıxarılmağınız hansı səbəblə bağlı olub?

- Mən elə bilirəm ki, o vaxt Heydər Əliyev öz məsləhətlərini, tövsiyələrini  vermək üçün yanına çağırdığı ilk nazirlərdən biri də rabitə naziri idi. Hiss edirdim ki, o mənim xətrimi istəyir. Hətta bir dəfə xaricə cox mühüm bir ezamiyyətə öz yerinə 20 nəfər nümayəndə heyətinin rəhbərliyini mənə tapşiraraq ezam etmişdi. Nümayəndə heyətinin tərkibində bir necə nazir, şirkət rəhbərləri də var idi. Bir açılışımız onsuz keçməzdi. Bu isə sözsüz ki, kimlərinsə xoşuna gəlmədi. Heç nəyə baxmayaraq Heydər Əliyev mənim idealım olaraq qalıb. İşdən çıxandan sonra onun haqqinda dörd kitab yazmışam. Mən indi də sübut edə bilərəm ki, Heydər Əliyevə mənim qədər sadiq ikinci adam tanımıram... Bunu elə-belə demirəm. yəni sübut edə biməsəm, bu qədər məsuliyyətli sözu demərəm.

- Mahnı yazırsınız? “İlk məhəbbət”, “Xoşbəxtəm”, “Ulduzum”, “İçərişəhər”, “Tanıdım səni” mahnılarının və bir neçə lirik musiqinin müəllifisiniz. Xüsusilə də Nisə Qasımovanın ifa etdiyi “Son zəng” mahnısı populyarlıq qazanıb. Bu qədər enerjini haradan alırsınız?  

- Sabaha inamdan. Mən sabaha cox inanıram...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Qızılgül Abdinova

***
Digər məqalələr:

Yaqub Məmmədovun “Karyera”sı: “Qoşa qanad kimi irəlilədim, uğur qazandım...”
http://modern.az/articles/19777/1/

Vüsalə Mahirqızının “Karyera”sı: “Ona karyera yox, “lotereya” deyərlər...”
http://modern.az/articles/20000/1/

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu il UNEC-də qeydiyyatdan keçən tələbələrin sayı AÇIQLANDI 21 Oktyabr 2020, 09:06 Tərtər atəşə tutulur - Müdafiə Nazirliyi 21 Oktyabr 2020, 09:00 Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə MƏHV EDİLDİ 21 Oktyabr 2020, 08:55 Cəbrayıl-Qubadlı istiqamətində gərgin döyüşlər gedir - Müdafiə Nazirliyi 21 Oktyabr 2020, 08:48 ABŞ-ın Minsk qrupundakı fəaliyyəti müzakirə olundu 21 Oktyabr 2020, 08:36 Perunun dövlət katibindən Azərbaycana DƏSTƏK 21 Oktyabr 2020, 08:27 “Ukrayna Qara dəniz sahilində hərbi baza tikəcək” - Zelenski  21 Oktyabr 2020, 08:18 Alimlər kəllədə yeni orqan aşkar etdilər 21 Oktyabr 2020, 08:09 Ermənistan Azərbaycanın qabağında aciz olduğunu ETİRAF ETDİ 21 Oktyabr 2020, 07:15 Ermənistanın XİN rəhbəri Moskvada 21 Oktyabr 2020, 05:03 Ali Baş Komandan və Ordumuz “Qordi düyünü”nü birdəfəlik kəsib atır! 21 Oktyabr 2020, 02:43 Cəbhə gündəliyi: 20 oktyabrda nələr oldu... 21 Oktyabr 2020, 01:37 “Barselona” Çempionlar Liqasına darmadağınla başladı 21 Oktyabr 2020, 01:09 Futbol matçı zamanı atışma oldu 21 Oktyabr 2020, 00:58 Japarov Qırğızıstan Prezidentinin səlahiyyətlərini qəbul etdi 21 Oktyabr 2020, 00:47 Azərbaycanda əkiz və üçəmlərin sayı artıb 21 Oktyabr 2020, 00:38 Azərbaycanda general vəfat etdi 21 Oktyabr 2020, 00:20 Messi Çempionlar Liqasında rekorda şərik oldu 21 Oktyabr 2020, 00:15 İsveçrədə hər bir vətəndaşa 7500 frank verilə bilər 21 Oktyabr 2020, 00:04 Daha bir ölkədə koronavirusa yoluxanların sayı 1 milyonu ötdü 20 Oktyabr 2020, 23:52 Tanınmış özbək şairinin Azərbaycan həqiqətlərini vəsf edən kitabı nəşr edilib 20 Oktyabr 2020, 23:39 Türkiyədə daha 1512 nəfər koronavirusdan sağaldı 20 Oktyabr 2020, 23:29 “Yuventus” və “Brügge” qalib gəldilər - Çempionlar Liqası 20 Oktyabr 2020, 23:18 UEFA Avropa çempionatını ləğv etdi 20 Oktyabr 2020, 23:10 Roma Papası Qarabağ üçün dua etdi 20 Oktyabr 2020, 23:03 UEFA-dan millimizin və “Qarabağ”ın ev oyunlarına QADAĞA 20 Oktyabr 2020, 22:54 ABŞ-dan müttəfiqlərinə çağırış: Müdafiə xərclərinizi artırın 20 Oktyabr 2020, 22:49 İsveçrəli jurnalist Ermənistanın müharibə cinayətlərindən yazdı 20 Oktyabr 2020, 22:37 Teledərslərin sabaha olan CƏDVƏLİ 20 Oktyabr 2020, 22:24 “Azərbaycana dəstək verdik və verəcəyik” - Ərdoğandan Qarabağ mesajı 20 Oktyabr 2020, 22:18 Qələbələrdə əməyi olan hərbçilərimiz - FOTOLAR 20 Oktyabr 2020, 22:01 Fransa millisinin keçmiş qapıçısı vəfat edib 20 Oktyabr 2020, 21:57 “Azad olunmuş torpaqların tam bərpası olduqca böyük masştablı proqramdır ” – Baş bankir 20 Oktyabr 2020, 21:49 İranda bir gündə 322 nəfər koronavirusdan öldü 20 Oktyabr 2020, 21:39 Gürcüstanda sosial layihələrə 100 milyon dollar sərmayə qoyulub - Rövnəq Abdullayev 20 Oktyabr 2020, 21:25