Modern.az

”Milyarderlər ittifaqı”nın üzvləri İlham Əliyevi dəstəkləyən insanlardı” - MÜSAHİBƏ

 ”Milyarderlər ittifaqı”nın üzvləri İlham Əliyevi dəstəkləyən insanlardı” - MÜSAHİBƏ

Müsahibə

22 Yanvar 2013, 10:41

Deputat Əhliman Əmiraslanov: “Kiminsə diqtəsi ilə kimisə tərifləməyi sevmirəm”


“Azərbaycana qayıtmağıma peşman deyiləm”


Modern.az saytı Azərbaycan Dövlət Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanovla müsahibənin ikinci hissəsini təqdim edir.

- Əhliman müəllim, seçiciləriniz sizə daha çox hansı problemlərlə bağlı müraciətlər edir?

- Müraciətlər çoxdur. İlk növbədə, peşəmlə bağlı müraciətlər çox olur. Elə gün olmur ki, mən Sabirabaddan, Kürdəmirdən bir neçə xəstə qəbul etməyim. Çalışıram ki, həmin xəstələrə kömək edim. Briqadalar göndərmişəm seçildiyim rayonlara, gedib xəstələri müalicə etmişik. Bu istiqamətdə işlər çoxdur, əfvlə, işlə təmin olunma ilə bağlı müraciətlər olur. İmkanım daxilində bütün müraciətləri həll etməyə çalışıram.

- Seçicilərinizdən pul istəyən olmayıb?

- Xeyr, olmayıb, amma istəsələr verərəm. Gəlirlər əməliyyat edirəm, tapşırıram, dərmanlarını veririk. Kimsə şəxsən gəlib məndən pul istəməyib. Mənim seçilmədiyim yerlərdən gəlib köməkçilərimdən pul istəyiblər, seçildiyim rayonlardan olmayıb.

- Siz həm həkimsiniz, həm universitet rəhbərisiniz, həm də millət vəkilisiniz. Millət vəkili olmaqla siyasi bir adamsınız. 2013-cü il prezident seçkiləridir. 2012-ci ilin sonlarında gözlənilməz hadisələr baş verdi. Müəyyən videoqalmaqal, digər məsələlər oldu. Seçkiöncəsi ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, ölkəmizdə gedən inkişaf proseslərində, istər iqtisadi, istər daxili, istər xarici siyasətdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük rolu var. Bu gün əhalinin tam əksəriyyəti İlham Əliyevi dəstəkləyir. Bu gün tək Bakıda deyil, rayonlarımızda inkişaf gedir. Əvvəllər xaricdə, Avropada, Türkiyəyədə bir xəstəxanaya daxil olanda , deyirdik ki, bizdə nə vaxt belə xəstəxanalar olacaq? İndi xaricdən gələn qonaqlar bizim klinikaları görəndə heyran olurlar. Mən hesab edirəm ki, 2013- cu il prezident seçkilərində İlham Əliyev şəksiz olaraq liderliyini saxlayacaq.

- Azərbaycanda Ziyalılar Forumu yaranıb. Rusiyada yaşayan imkanlı azərbaycanlılar da bir qurum yaradıblar. Rüstəm İbrahimbəyov hər iki qurumun aparıcı fiqurudur. Buna necə baxırsınız?

- Siz niyə belə fikirləşirsiniz ki, dünyada hər şey pulla ölçülür? Mən Rusiyada yaşayan imkanlı azərbaycanlıların çoxunu tanıyıram. Şəxsən bilirəm ki, onların hər biri İlham Əliyev siyasətini dəstəkləyən insanlardır, onlar həmişə Azərbaycanda gedən bu gerçəkliklərə müsbət qiymət verən adamlar olub. O “milyaderlər qurumu”nun yaranmağının məramı nədir, onu deyə bilmərəm, mən şəxsən onların proqramlarına baxmamışam. İndi kimsə orada işləyən bir adam Azərbaycan əleyhinə nəsə deyirsə, buna inanmaq lazım deyil. Məgər Azərbaycan xalqı onların dediyinə qulaq asacaq, yoxsa gözü ilə gördüyünə inanacaq?

- Azərbaycan kimi ölkələrdə seçki məsələsində xarici faktorlar mühüm rol oynayır.

- Bununla da razıyam. Təsəvvür edin ki, əvvəllər Azərbaycan dünyada necə tanınırdı, demək olar ki, tanıyan yox idi. İndi Azərbaycanın inkişafı sahəsində aparılan möhtəşəm işləri dünya qəbul edir. Ona görə də hesab edirəm ki, istər xarici faktorlar olsun, istərsə də daxili faktorlar, bunlar hamısı İlham Əliyevi dəstəkləyəcək. İkinci bir tərəfdən də biz müstəqil ölkəyik və ölkəmiz müstəqil siyasət aparır. Xaricdə kimsə nəsə etməklə, ölkədə siyasi durum dəyişmir. Mən böyük bir siyasətçi deyiləm, həm də millət vəkiliyəm, amma mənə elə gəlir ki, bu işlərin prezident seçkilərinə heç bir təsiri olmayacaq.

- Eks-deputat Gülər Əhmədova barəsində yayılan videomaterial məsələsi Yeni Azərbaycan Partiyasında müəyyən problemlər ortaya çıxara bilərmi?

- Bilirsiniz ki, YAP-ın 600 minlik üzvü var. Onun içərisində yaxşısı da olacaq, pisi də, səhv edəni də olacaq, düz edəni də. Bu hadisəni də indi istintaq araşdırır. Hələ ki ortada bir şey yoxdur. Gülər Əhmədova da bizim millət vəkili kimi yoldaşımız olub, mən onu çox yaxından tanımıram. İndi o da araşdırılacaq, kimin günahı var , o da cavab verəcək. Onu Milli Məclisdən də kənarlaşdırdılar. İndi istintaq axıra çıxacaq, görəcəyik ki, kimin günahı var. 600 minlik bir partiyada bir adamın səhvinin olması qəbahət deyil. Ola bilər sabah mən bir səhv edim, cinayət törədim, buna görə necə deyə bilərlər ki, Əhliman Əmiraslanov partiyanın üzvüdür, səhv edib, bu partiyanı buraxmaq lazımdır. Bir adama görə partiya buraxılar? Bundan siyasi şou düzəltməyin mənasını görmürəm. Müəyyən qurumlar, müəyyən insanlar bundan bir siyasi divident kimi istifadə etmək istəyirlər.

- Bir ziyalı, ictimai-siyasi xadim kimi Azərbaycanda iqtidar-müxalifət münasibətlərinə necə baxırsınız?

- İqtidar nümayəndələri də Azərbaycan xalqının övladlarıdır, müxalifət də. Müxalifət konstruktiv olsa, onda cənab Prezident onunla dialoqa da gedər. Radikal bir qrup insanlar var ki, çıxıb ortaya deyir ki, hakimiyyət hökmən dəyişilməlidir. Onların sözü budur ki, siz getməlisiniz, biz gəlməliyik. Axı bunu nə iqtidar həll edir, nə də müxaliət. Bunu Azərbaycan xalqı həll edir. Qarşıdan seçkilər gəlir,xalq seçkiyə gedəcək, sivil qaydada seçkiyə getmək lazımdır. Ölkədə demokratik seçkilərin keçirilməsi yolunda xeyli uğurlar qazanmışıq. Xalq kimi seçəcək, o da prezident olacaq. Yoxsa iqtidar getməlidir, filankəs getməlidir, belə olmur. Seçkilər göstərəcək kim qalib gələcək. Mən cərraham, rayonlarda oluram, insanlarla təmasda oluram, hesab edirəm ki, bu gün İlham Əliyev liderdir və bu prezident seçkilərində mütləq qalib olacaq. Bu, mənim tam səmimi sözlərimdir, vəzifə tutan bir adam kimi yox, şəxsi fikrimdir. Amma dava-dalaş, ona- buna qara yaxmaqla, şantajla hakimiyyətə gəlmək olmaz. Xalq kimi seçəcək, o da prezident olacaq.

- Qarabağla bağlı fikirləriniz nədir, siz eyni zamanda yurd itirən bir adamsınız.

- Bəli, o da mənim ağrılı yerimdir. Mənim atamın qəbri, yaxınlarımın qəbri Göyçədədir. Mənim üçün də ən ağır məsələ budur. Bilirsiniz ki, bu, asan bir məsələ deyil. Bunu siz də bilirsiniz, mən də. Bu istiqamətdə böyük işlər gedir. Bu, tək bizim iradəmizdən asılı deyil, mən həmişə deyirəm ki, tək Ermənistan olsa, biz bu problemi çoxdan həll etmişdik. Azərbaycan torpaqlarını, sənin də, mənim də vətənimi keçmiş SSRİ işğal edib. Ona görə də bu iş şübhəsiz ki, çox çətindir. Dünyadakı erməni diasporu da güclüdür. Mən əminəm ki, dünya ictimaiyyəti ilbəil Azərbaycanın haqq işini tanımağa başlayır. Azərbaycanın ərazi bütövlüyünü artıq dünyanın bir sıra ölkələri tanıyıb. Mənə elə gəlir ki, bu istiqamətdə xarici siyasətimiz yaxşı işləyir. Əminəm ki, görülən bu işlərin sonu müsbət olacaq, amma açığını deyim ki, bu, asan bir məsələ deyil. Dünyada bu tipli münaqişələr görün, neçə illər çəkir? Əminəm ki, bir neçə ilə Qarabağ problemi həllini tapacaq, çox uzun çəkməyəcək.

- Problemi gələcək nəsilə buraxmaq nə dərəcədə doğrudur?

- Burada dünyada baş verən ictimai-siyasi hadisələrin çox böyük əhəmiyyəti var. Bəlkə də elə bizim zamanımızda həll ediləcək.

- Həm rektor, həm həkim, həm də millət vəkili. Bu üç işi bir arada görmək üçün kifayət qədər vaxt lazımdır. Boş vaxtınız olurmu və onu necə keçirirsiniz?

- Mənim iş günüm xəstəxanadan başlayır. Səhər saat 8-9-da xəstəxanada oluram, həftənin 4 günü də əməliyyat edirəm. Mənim əsas sənətim cərrahlıqdır. Mən rektor olsam da, olmasam da, millət vəkili olsam da, olmasam da hesab edirəm ki, ilk növbədə həkiməm, mütəxəssisəm, cərraham. Əgər cərrah əməliyyat etmirsə, ondan cərrah olmaz. Cərrah hansı gün əməliyyat etmirsə, hesab edin ki, o günü yaşamır. Bu tamamilə başqa bir peşədir, kimisə əməliyyat edirsən, kiməsə həyat bəxş edirsən, kiməsə kömək edirsən. Hətta məndə belə bir təssəvvür var ki, uğurlu bir əməliyyat edəndə, həmin günü işlərim yaxşı gedir. Əməliyyat etməyəndə, işlərim sanki bir-birinə qarışır. Mili Məclisdə də oluram, iclaslar olur, komitədə çalışıram. Demək olmaz ki, mən ən aktiv deputatam, amma hər halda, lazım olanda iştirak edirəm. Əgər mənə bu etimad göstərilibsə, çalışıram ki, etimadı doğruldum. Çalışıram ki, işlərimin öhdəsindən gəlim. Universitetdə də işlərim çox olur, bu qədər insan, 7 min tələbə. Özümə qarşı çox tələbkar insanam. Öhdəsindən gələ bilmədiyim işin altına girmirəm. Heç vaxt gördüyüm iş məni qane etmir, həmişə fikirləşirəm ki, bunu bundan da yaxşı edə bilərdim. Yeganə boş vaxtım gəzməyimdir. Əvvəl idmanla məşğul olurdum, amma indi vaxtım çatmır. Mən hər gün  səhər saat 7-8 arası 5 kilometr, axşam 9-10 arası 5 kilometr piyada gəzirəm. Boş vaxtımı ancaq gəzməklə keçirirəm.

- Maraqlıdır ki, heç Əhliman Əmiraslanov orta məktəb dostları ilə görüşürmü?

- Bəli , görüşürəm, düzdür, onlarla oturub yeyib-içmək mümkün olmur. Amma mənim yanıma gəlirlər, görüşürlər. Mənimlə orta məktəbdə oxuyanlardan belə bir tanınmış adam yoxdur, ancaq müəllim, həkim var. Onlar yanıma gəlirlər, imkan düşəndə kömək də edirəm. Kiminsə problemi olanda həll etməyə çalışıram, çətinlikləri olanda kömək edirəm.

- Bəs tələbə yoldaşlarınızla necə görüşürsünüzmü?

- Bəli, onlar da gəlir, görüşürük. Bəzən buraxılış gecələrində, yubileylərdə yığışırıq. Onlardan dünyasını dəyişənlər də var. Bu yaxında birinin yoldaşını əməliyyat etdim.

- Əhliman Əmiraslanovun qohum-əqraba ilə münasibətləri necədir?

- Hesablamışam, qohum-əqrabada 70-ə qədər qaçqın ailəsi var. Onlar həm Bakıda, həm də Göygöldə məskunlaşıblar. Bəzən imkan olanda, maddi yardım edirəm. Daha çox onların işlə təmin olunmasına çalışıram.

- Göygöldə atanızın adına olan məktəbin təmirə ehtiyacı var...

- Atam böyük təhsil xadimi olub, o vaxt “raykom”un katibi işləyib. Uzun müddət Maarif Şöbəsində çalışıb. “Əməkdar müəllim” olub, “Lenin” ordeni alıb, SSRİ müəllimlər qurultayında iştirak edib. Həmişə sözünü deyən, mübariz adam kimi tanınıb. Bəli, atamın adına Göygöldə məktəb var, yolum düşəndə gedirəm. Oranın təmirə ehtiyacı var idi, xahiş etdim, təmir etdilər. İstilik sistemi yox idi, onu da həll etdilər. Düzdür, tez-tez gedə bilmirəm, hər halda ora daha ciddi fikir vermək lazımdır.

- İnsanlarla hər gün təmasda olursunuz, Azərbaycan insanının hansı xüsusiyyətindən razı, hansından narazısınız?

- Bizdə bir fikir var ki, ay bizim millət belə, ay bizim millət elə. Mənə elə gəlir ki, bizim xalqda, bizim millətdə elə bir xarakterik xüsusiyyətlər var ki, bu xüsusiyyətlər dunyanın heç bir millətində yoxdur. Ona görə də xalqımızın qədrini bilməliyik, mən xalqımı yükəsk qiymətləndirirəm. Bizim xalqımız qədir bilən xalqdır, yaxşını pisdən, pisi yaxşıdan ayırmağı bacaran xalqdır. Düzdür, 9 milyon əhalinin hamısı eyni cür ola bilməz... Ümumiyyətlə, soruşsanız ki, mənim ən çox xoşuma gəlməyən nədir?Riyakarlığı və yalan danışmağı sevmirəm. Mənə yalan danışan adam mənim düşmənimdir. Acı həqiqəti de, amma yalan danışma. Riyakarlığı, kimisə layiq olmadığı tərif etməyi sevmirəm, kiminsə diqtəsi ilə kimisə tərifləməyi sevmirəm, mənə bunu heç kim məcbur edə bilməz, yəqin bu xüsusiyyət mənə atamdan keçib.

- Sizin Rusiyada böyük bir tibb mərkəzinə rəhbərlik edirdiniz.
Azərbaycana gəlişiniz maraqlı oldu. Əhliman Əmiraslanov Azərbaycana lazım idi, yoxsa Azərbaycan Əhliman Əmiraslanova?

- Azərbaycanın ağır dövrlərində dəvət olundum və gəldim. Bildiyiniz kim, Rusiyada mənim mövqeyim o qədər də zəif deyildi. Böyük bir mərkəzə rəhbərlik edirdim. Dolanışığım, evim, bağım, maşınım var idi. İldə 10-12 dəfə xarici ölkələrə səfər edirdim. SSRİ dövlət mükafatı almışdım, yəni Rusiyada da mövqeyim yaxşı idi.
Açığını deyim ki, Moskvada olan gündən ailədə Azərbaycana qayıtmaq söhbəti bir gün olsun yaddan çıxmırdı. Mən də çalışırdım ki, elə bir vəziyyətdə qayıdım ki, ayaqüstə möhkəm durum, yəni bir mütəxəssis olum, Azərbaycana qayıtdım. Bundan peşman deyiləm. İki oğlum var. Böyük oğlum universitetdə oxuyurdu, evlənmək vaxtı çatırdı, bu problemlər də məni də, ailəmi də narahat edirdi. Bu faktor əsas səbəb olmasa da ,bura qayıtmağımıza təkan verdi. Düzdür, o dövrdə çətinliklərimiz də çox oldu.

- Əhliman Əmiraslanov burada olmasa idi, indiki mövqeyini qazana bilərdimi?

- Onu yalnız Allah bilir. Mən Rusiyanın da akademikiyəm, Azərbaycanın da. Təbabətin, elimin də zirvəsi akademiyadır.
Hər halda mən və ailəm bura qayıtmaq istədik. Hesab edirəm ki, o vaxt verilən qərar düzgün idi və mən qayıtmağıma heç də peşman deyiləm.

Nihadə EYYUBOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir